“Cari il Azərbaycan üçün mühüm hadisələrlə yadda qalıb. İlin ən mühüm hadisələrindən biri Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin reallaşması idi ki, dünya əhəmiyyətli layihənin həyata keçməsi ölkəmiz üçün mühüm uğurlardan biridir”. Bu fikirləri SİA-ya politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, BTQ-nin reallaşması Azərbaycan hakimiyyətinin siyasi iradəsinin nəticəsidir.Politoloq bildirib ki, cari ildə digər layihələrlə bağlı da mühüm işlər görülüb: “Bildiyiniz kimi, Şimal-Cənub dəmiryolu xətinin işə salınacağı günə çox az qalıb. Bu məqsədlə Azərbaycan yolun özünə aid hissəsində təmir, tikinti işlərini başa çatdırıb. Dünyanın ən böyük ikinci beynəlxalq dəmiryolu xətti olan Şimal-Cənub dəmiryolunun işə düşməsinə az vaxt qalıb. Azərbaycan 2017-ci ildə onun böyük hissəsi ilə bağlı işləri həyata keçirib”.Q.Hüseynli qeyd edib ki, Azərbaycan bu il Avropanın qazla təchizatı sahəsində mühüm layihələrdən biri olan TANAP la bağlı da böyük işlər görür: “İşlərin ən azı 90 faizi yerinə yetirilib. 2018-ci ilin ikinci yarısında işə düşməyi nəzərdə tutulan “Şahdəniz 2” layihəsi reallaşdıqdan sonra Azərbaycan Avropaya təbii qaz istehsal edən əsas ölkəyə çevriləcək. Azərbaycan TANAP vasitəsilə Türkiyə, Albaniya, Serbiya, İtaliya, ümumiyyətlə, Cənubi Avropanın böyük hissəsini qazla təmin edəcək”.2017-ci ildə Azərbaycanın Yunanıstan və İtaliyaya qaz verməyə başladığını deyən politoloq söyləyib ki, TAP layihəsi tam gücü ilə işə düşdükdən sonra bunun miqyası daha da artacaq.Q.Hüseynli vurğulayıb ki, Azərbaycanın paytaxtı Bakı bu il həm də beynəlxalq tədbirlərin keçirildiyi arena kimi yadda qaldı: “Bakı bunun vasitəsilə beynəlxalq münasibətlərdə aktiv rol oynayır. Bakıda multikulturalizmə, islam həmrəyliyinə dair keçirilən beynəlxalq tədbirlər, Bakı prosesi adlanan Qlobal Humanitar Forumlar və digərləri artıq dünya leksikonuna möhkəm oturaraq paytaxtımızı dünyanın beynəlxalq mərkəzlərdən birinə çevirib”.Politoloq qeyd edib ki, cari ildə Azərbaycan iqtisadi layihələrlə yanaşı, beynəlxalq tədbirlərin keçirilməsi sahəsində də yaddaşlarda qalmağı bacardı: “Azərbaycan bununla beynəlxalq münasibətlərdə oynadığı rola keyfiyyət dəyişikliyi edə bilib”.“2017-ci ildə daxili siyasət sahəsində də ciddi dəyişikliklər, reformlar həyata keçirilib. Azərbaycan prezidentinin bu il həyata keçirdiyi islahatlar və “Strateji Yol Xəritəsi” ilə bağlı görülən işlər, iqtisadi sahədə bir sıra layihələrin reallaşması, maşınqayırma, hərbi istehsal sahəsində əldə olunan uğurlar kifayət qədər diqqət çəkicidir. 2017-ci il ölkəmizdə aqrar il kimi xarakterizə olunur. Bu il bir sıra aqrar islahatların həyata keçirilməsi, bu sahədə istehsalın artırılması istiqamətində uğurlu addımların atılması çox mühüm göstəricilərdir. Ümumilikdə götürsək Azərbaycan 2017-ci ili sürətli iqtisadi inkişaf, bütün sahələr üzrə hərtərəfli reform edilməsi və bu zəmində həyata keçirilən ciddi kadr dəyişiklikləri ilə başa vurdu”- deyə, o əlavə edib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...