PDF Oxu

İqtisadiyyat

  • 4 831

Turizm uğurlarlı 2017

Turizm uğurlarlı 2017

Bu ilin on bir ayı ərzində ölkəmizə gələn turistlərin sayı 2 milyon 477 min 908 nəfər olub

Turizm ölkəsinə çevirilən və dünya arenasında öz sözünü deyən Azərbaycan zəngin təbii sərvətləri, qədim tarixi və memarlıq abidələri, özünəməxsus adət-ənənələri və əlverişli coğrafi mövqeyi ilə seçilir. Belə bir potensiala malik olan Azərbaycanda turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbul edilməsi, turizm sahəsində orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi və digər istiqamətlərdə məqsədyönlü işlər görülür. Davamlı olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları"nda turizmin inkişafına xidmət edən kompleks tədbirlər həyata keçirilir.
Bu gün Azərbaycanda dövlətin apardığı turizm siyasəti bu sahənin inkişafına güclü təkan verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı və 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin təsdiq edilməsi ölkəmizin turizm sənayesi üçün yeni mərhələnin başlanğıcını qoyub.
BAKI ŞOPİNQ FESTİVALI ÖLKƏMİZİN TURİZM İMİCİNİN GÜCLƏNMƏSİNƏ XİDMƏT EDİR
"Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün bir sıra uğurlu addımlar atılıb. Ölkəmizdə, ilk dəfə olaraq, il ərzində iki dəfə Bakı Şopinq Festivalı keçirilib. Festivallar ölkəmizdə ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərib. Birinci Bakı Şopinq Festivalında 172 şirkət əlavə dəyər vergisinin qaytarılmasına qoşuldusa, ikinci festivalda onların sayı 493 oldu. İlk festivalda tərəfdaş qismində çıxış edən müəssisələrin sayı 33 idisə, ikinci festivalda tərəfdaş ticarət müəssisələrinin sayı 150 oldu. Bu da, sahibkarlar tərəfindən festivala olan marağın getdikcə artdığını bir daha təsdiq edir. Sahibkarlığın inkişafına, eləcə də, Azərbaycanın turizm gəlirlərinin artmasına xidmət edən Bakı Şopinq Festivalına bir çox qonşu dövlətlərdə maraq yaranıb. Festival yerli sahibkarlığın inkişafı, ticarət və turizmə əlavə sərmayələrin cəlb edilməsi baxımından effektiv olmaqla yanaşı, Azərbaycan vətəndaşlarının da xarici turistlərə şamil olunan ƏDV qaytarılması sistemindən yararlanmasına da şərait yaratdı. Festival üçün turizm sektorunda, ilk dəfə olaraq, AZAL və mehmanxanalar ilə tur-paketlər yaradıldı. İştirakçı mağazalar aktiv şəkildə marketinq və satış kampaniyalarına qoşuldular. Tədbir, eyni zamanda, Azərbaycanın mədəni-tarixi irsi və ölkəmizin potensialının dünyaya təbliğ edilməsinə, Bakı və ölkəmizin digər bölgələrinin turizm imicinin güclənməsinə xidmət etdi. İkinci Bakı Şopinq Festivalı, ötən festivalda olduğu kimi, uğurlu alındı. Belə ki, oktyabr ayı ərzində Azərbaycana 204686 turist gəldi. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 13 % artım deməkdir. Onu da, qeyd edək ki, festival müddətində 643 mağaza iştirakçı kimi qeydiyyatdan keçərək, onlardan 493-ü ƏDV qaytarma proqramına qoşuldu. Festivalın "Tax Free" sistemi çərçivəsində 48422 ədəd hesab-faktura təsdiqlənib. Ümumi dövriyyə 33 milyon 826 min 864 manat olub və banklar alıcılara 3 milyon 366 min 702 manat ƏDV qaytarıblar.
Alıcılar Baku Şopinq Festivalında 10%-dən 70%-dək endirimlərdən faydalanıblar. Həmçinin, ümumi alış məbləğinin 10,2% həcmində əlavə ƏDV qaytarılmasından istifadə ediblər. Ümumilikdə, Baku Şopinq Festivalı zamanı ticarət mərkəzlərinə gələn insanların sayı keçən ilin analoji dövrünə nisbətən 12% artmışdır.
2025-Cİ İLƏ QƏDƏR AVROPANIN İRİ ŞƏHƏRLƏRİNİ ƏHATƏ EDƏN BİRBAŞA UÇUŞLARIN SAYI 49-DAN 100-Ə ÇATDIRILACAQ
Strateji Yol Xəritəsində paytaxt Bakı şəhərinin dünyanın aparıcı turizm mərkəzlərindən birinə çevrilməsi məqsədilə Milli Turizm Təbliğat Bürosu yaradılıb. Büro Bakı şəhərinin beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması, brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi, fərqli səviyyələrdə təkrar brendinq seçimi və marketinq işlərinin əlaqələndirilməsi, eləcə də, turistlərin məmnunluğunun artırılması istiqamətində fəaliyyəti həyata keçirir. "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə turizmin daha da inkişaf etdirilməsi öz əksini tapıb. Bakı şəhərinin turizm potensialını artırmaq üçün yaradılan Milli Turizm Təbliğat Bürosu Bakı şəhəri barədə mövcud məlumatları yeniləmək üçün Azərbaycan Respublikasının Turizm Şurası ilə, müvafiq dövlət qurumları və digər təşkilatlarla birgə işləyir. Məqsədyönlü səylər nəticəsində, Bakı şəhəri qısamüddətli uçuş məsafəsində yerləşən və 90 milyondan artıq əhalinin yaşadığı 26 şəhəri əhatə edən potensial turizm tələbat qrupundan əhəmiyyətli dərəcədə bazar payı əldə edə biləcəkdir. Bütün bunlarla yanaşı, 2025-ci ilə qədər Avropanın iri şəhərlərini əhatə edən birbaşa uçuşların sayı 49-dan 100-ə çatdırılacaq. Azərbaycanda mükəmməl turizm təcrübəsinə nail olmaq üçün qarşıya qoyulan uzunmüddətli təşəbbüslər istiqamətində regionlarda və Bakıda təkmilləşdirilmiş turizm infrastrukturunun qurulmasına nail olunacaq.
Milli Turizm Təbliğat Bürosunun qarşısına qoyulan vəzifələrdən biri də Bakı şəhərinə daha çox turistin cəlb olunması üçün onlayn məlumat platformasının yaradılması idi. Büronun azerbaijan.travel və salambaku.travel saytlarının istifadəyə verilməsi də bu məqsədə xidmət edir.
TURİSTLƏRƏ GÖSTƏRİLƏN XİDMƏTİN ÇEŞİDİ VƏ KEYFİYYƏTİ İLDƏN-İLƏ YÜKSƏLİR
Turistlər ilin bütün fəsillərində ölkəmizdə gözəl istirahət edə bilirlər. Şahdağ Turizm Mərkəzi, Tufandağ Qış-Yay Turizm Kompleksinin fəaliyyətə başlaması ilə ölkəmizdə turizmin mövsümiliyi aradan qalxıb. İndi paytaxtda və digər şəhərlərdə dünyanın məşhur brend hotelləri fəaliyyət göstərir, turistlərə göstərilən xidmətin çeşidi və keyfiyyəti də ildən-ilə yüksəlir.
Xarici turistlərin Azərbaycana rahat şəkildə səfər etmələri üçün bir sıra MDB ölkələrinin vətəndaşları vizasız, bir sıra ölkələrin vətəndaşları isə, sadələşdirilmiş viza əldə etməklə, səfər edə bilirlər. 2012-ci ildə elektron viza sisteminin yaradılması, bu ilin yanvarından isə "ASAN viza" sisteminin tətbiqi ölkəmizə gəlmək istəyənlər üçün viza alınmasını 3 gün ərzində mümkün edib.
Görülən işlərin nəticəsidir ki, 2017-ci ildə ölkəmizə gələn xarici turistlərin sayında da ciddi artım qeydə alınıb. Bu ilin on bir ayı ərzində, ölkəmizə gələn xarici vətəndaşların sayı 20 faiz artaraq, 2 milyon 477 min 908 nəfər olub. Bütün bu göstəricilər ölkəmizdə turizm sahəsinə dövlət tərəfindən ayrılan diqqətin məntiqi nəticəsidir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər