PDF Oxu

İqtisadiyyat

  • 7 665

Azərbaycan dünya ölkələrinə nümunədir

Azərbaycan dünya ölkələrinə nümunədir

“İnklüziv İnkişaf İndeksi 2018” hesabatında Azərbaycanın irəliləyişi uğurlu islahatların nəticəsidir

Qlobal maliyyə böhranı fonunda bir çox dünya ölkələri tənəzzül dövrünü yaşadığı halda Azərbaycanda inkişaf tendensiyası davam edir və hər bir sahədə uğurlu nəticələr maşahidə olunur. Ölkəmizdə Cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar, neft sektoru, kənd təsərrüfatı, sənaye və digərləri olmaqla iqtisadiyyatın bütün sahələri üzrə əldə olunan yüksək göstəricilər diqqətdən kənarda qala bilməz.
Müxtəlif indikatorlar üzrə Azərbaycanın mövqeyi bütün MDB-dən və bir sıra Avropa ölkələrindən daha yaxşıdır
Dünya İqtisadi forumunun nüfuzlu indeksi sayılan “İnklüziv İnkişaf İndeksi 2018” hesabatında Azərbaycan ən yaxşı inkişaf etməkdə olan ölkələr sırasında üçüncü yerə layiq görülüb. Ən qürurverici və sevindirici hal ondan ibarətdir ki, ölkəmiz MDB məkanında birinci yerdə qərarlaşıb. Həmin hesabatda Azərbaycan Litva və Macarıstan istisna olmaqla digər bütün inkişaf etməkdə olan ölkələri geridə qoyub. Əslində, ölkəmizin Litva və Macarısandan müvafiq olaraq 0,17% və 0,05% geriliyi belə cüzi faiz təşkil edir və dinamik inkişaf tendensiyasının fonunda bu da öz növbəsində ən yaxın gələcək üçün birincilik proqnozlaşdırmağa tutarlı əsas verir. Təbii ki, “İnklüziv İnkişaf İndeksi 2018” hesabatında Azərbaycanın inkişaf etməkdə olan ölkələr üzrə ilk üçlükdə, həmçinin MDB-də lider olaraq qərarlaşdırılması Prezident İlham Əliyevin apardığı sürətli, məqsədyönlü, inklüziv iqtisadi islahatlara beynəlxalq qiymətdir.Hesabatın əsas qayəsi insanların maddi və sosial rifah halının, məşğulluq, sağlam həyat gözləntilərinin qiymətləndirilməsi və ölçülməsidir. Əgər sözügedən indeks üzrə Azərbaycan ilk üçlükdə qərarlaşmağa layiq olaraq qiymətləndirilirsə, bu, Azərbaycanda əhalinin sosial rifah halının digər ölkələrə nisbətdə daha yaxşı olmasının etirafıdır. Bu eyni zamanda Prezident İlham Əliyevin ölkədə apardığı sosial iqtisadi islahatların tərkib hissəsi olaraq dəyərləndirilir. Hətta, hesabatı tədqiq və təhlil etdikdə, tam şəkildə əmin olmaq mümkündür ki, müxtəlif indikatorlar üzrə Azərbaycanın mövqeyi bütün MDB-dən və bir sıra Avropa ölkələrindən daha yaxşıdır və bu reallığı bütün dünya qəbul edir.İnklüziv inkişaf indeksi, “Artım və İnkişaf”, “İnklüzivlik”, “Nəsillərarası bərabərlik və dayanıqlılıq” kimi 3 əsas indikator olmaqla, 12 sub-indikatora əsasən formalaşır və inkişaf etmiş, eləcə də inkişafda olan ölkələrin reytinqini formalaşdırır. Hesabat ölkələrin adam başına düşən ÜDM, əmək məhsuldarlığı, sağlam həyat gözləntiləri, məşğulluq, yoxsulluq dərəcəsi, xalis yığımların tənzimlənməsi və s. sub indikatorlar əsasında hazırlanır. Təbii ki, bütün bu göstəricilər Azərbaycan prezidentinin son illər apardığı dərin iqtisadi islahatların nəticəsidir və əhalinin bütün təbəqələrinin maddi, eyni zamanda sosial rifah halını daim diqqətdə saxlayan Cənab İlham Əliyevin ölkəmizdə apardığı sosial siyasətin də beynəlxalq reytinqlər tərəfindən obyektiv və yüksək şəkildə qiymətləndirilməsidir.İkinci əsas indikator sayılan “İnklüzivlik” indikatoru əhali arasında təbəqələşmənin səviyyəsi, yoxsulluğu, fiziki şəxslər və ev təsərrüfatlarının gəlirlərinin bölgüsünü təyin edir və hesabata əsasən, sözügedən indikator üzrə ölkəmizin əldə etdiyi qiymətləndirmə nəticələri dünyanın inkişaf etməkdə olan ölkələrinin nəticələrindən daha üstündür. Hesabatın metodologiyasına əsasən, bu əmsal 0-100 bal arasında dəyişir ki, məsələn 0 bal olduqda əhali arasında bərabərliyin ən yüksək səviyyədə, 100 bal olduqda isə əhali arasında bərabərsizliyin ən yüksək səviyyədə olmasından xəbər verir. Azərbaycan 28,6 balla qiymətləndirilib ki, bu sub-indkator üzrə isə Azərbaycan hətta lider Litvanı da geridə qoyaraq Macarıstandan sonra ən yaxşı göstəriciyə malikdir.
Digər sub-indikator olan yoxsulluq üzrə də ölkəmizin mövqeyi yüksəkdir və bu indikator ölkədə əhalinin neçə faiz hissəsinin 3 dollardan daha aşağı gəlir əldə etməsini təyin edir ki, həmin faiz dərəcələri ilə yoxsulluq göstəriciləri üzrə ölkələr sıralanır. Azərbaycan hesabatda orta-yüksək gəlirli ölkələr sırasına daxildir və bütün MDB-dən öndədir. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, MDB-də yoxsulluq reytinqi üzrə ən aşağı göstərici Tacikistan, Qırğızıstan və ələlxüsus Ermənistanın payına düşür.İnklüzivlik göstəricisinin sonuncu sub-indikatoru median gəliri indikatoru adlanır ki, bu indikator özündə makroiqtisadi parametrləri cəmləşdirir və bu sub-göstəricisinin hesablanmasında əsas məqsəd ölkədə əhalinin alıcılıq qabiliyyətinin hesablanması və müvafiq olaraq qiymətləndirilməsidir. Beynəlxalq hesabatın göstəricisini metodologiyaya əsasən təhlil etdikdə müşahidə edirik ki, dünyada baş verən bir sıra mənfi tendensiyalara, neft ixracatçısı ölkəsi hesab edilən Azərbaycanda ABŞ dollarının milli valyutaya nisbətən bahalaşmasına baxmayaraq, ölkədə qiymətlər sabitliyini qoruyub saxlayıb. Əhalinin alıcılıq qabiliyyəti yüksək səviyyədədir.
Azərbaycan dövlət borcunun ÜDM-də payına görə MDB və regionun lider dövlətidir
Hesabatın “Dayanıqlılıq” indikatorunu isə dövlət borcunun hesablanması, asılılıq indeksi sub-indikatorları təşkil edir. Dövlət borcunun ÜDM-də payına əsasən Azərbaycan Qlobal Rəqabətlilik hesabatında olduğu kimi bu hesabatda da yüksək qiymətləndirilib. Dövlət borcu indikatorunun metodologiyasına əsasən, xalis borcun tərkibinə müxtəlif öhdəliklər daxildir. Bu öhdəliklərə depozitlər, istiqrazlar, ödəniləcək kreditlər, sığorta, pensiyalar və digər öhdəliklər daxildir və dövlət borcunun tərkib hissəsidir. Hesabatın qiymətləndirilməsi təsdiq edir ki, Azərbaycan dövlət borcunun ÜDM-də payına görə MDB və regionun lider dövlətidir.
Bundan əlavə, Azərbaycanın strateji valyuta ehtiyatları beynəlxalq iqtisadi qurumlar qarşısında rahat borc götürməyə imkan yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan beynəlxalq layihələr rentabelliyinə və gələcək perspektivlərinə görə aparıcı beynəlxalq iqtisadi təşkilatların, bankların və fondların hər zaman diqqətində olub. Bu səbəbdən Azərbaycan dövlət borclarının səmərəli icrasına görə hər zaman nüfuzlu beynəlxalq indekslər tərəfindən müsbət qiymətləndirilib.
Ölkəmizdə olan fəal iqtisadi əhalinin sayı daha çox üstünlük təşkil edir
Asılılıq göstəricisi olan sub-indikator isə iqtisadi cəhətdən fəal əhali ilə fəal olmayan əhalinin iqtisadiyyatda yeri, iqtisadi cəhətdən fəal əhalinin iqtisadiyyata töhfəsini hesablayır. Beynəlxalq indeksin metodologiyasına əsasən, 15-64 yaş arası iqtisadi fəal əhali sayı və 100 nəfərə düşən hesaba əsasən qiymətləndirmə aparılır. Eyni zamanda, beynəlxalq iqtisadi ədəbiyyatlar asılılıq indeksi deyərkən əhalinin neçə faizinin işlək olduğu və gəlir götürmək qabiliyyətinə malik olduğunu ölçür. Sözügedən əmsalın çox olması əhali arasında iqtisadi cəhətdən fəal olmayan əhalinin çox olması deməkdir. Bu da öz növbəsində sosial təminat, sosial müdafiə və səhiyyə xərclərinin daha çox olması anlamana gəlir ki, bu iqtisadiyyatda əlavə dəyər yaratma qabiliyyətinə mənfi təsir edir. Azərbaycan bu sub-indikator üzrə 40,9% səviyyəsində qiymətləndirilib və bu da əksər inkişaf etmiş və inkişafda olan ölkələrin faiz dərəcələrindən olduqca azdır. Başqa sözlə desək, ölkəmizdə olan fəal iqtisadi əhalinin sayı daha çox üstünlük təşkil edir.Azərbaycan Litva və Macarıstandan cüzi faizlərlə geri qalsa da müvafiq olaraq reytinqdə Latviya, Polşa, Xorvatiya, Ruminiya, Bolqarıstan, Makedoniya kimi ölkələri 0,2%– 0,5% dərəcələri ilə, qonşu Rusiyanı 0,49%, Türkiyəni 0,43%, Gürcüstanı 0,7%, İran İslam Respublikasını 0,61%, Ermənistanı 1,03% qabaqlayıb. Hazırda digər ölkələr bir tərəfə Ermənistanı Azərbaycanla müqaisə belə etmək olmaz və ölkəmizin inkişafı, üstünlüyü diqqət mərkəzindədir. Sözsüz ki, bu inkişaf və irəliləyiş, eyni zamanda müqaisə edilə bilməyəcək dərəcədə üstünlük ölkə prezidentinin məqsədyönlü və doğru strategiyası sayəsində əldə edilib və bunu da beynəlxalq reytinq təşkilatları layiqincə qiymətləndirir. Azərbaycan bu gün dünya ölkələrinə digər sahələrlə yanaşı iqtisadi inkişaf yönündə də nümunədir. Bu gedişlə və Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan islahatların, beynəlxalq və regional lahiyələrın köməyi ilə tezliklə ölkəmiz daha böyük uğurlara imza atacaq və ən qısa zamanda bütün dünya ölkələrini qabaqlayaraq mütləq liderliyə hakim çıxacaq. Bir sözlə, Azərbaycanın əldə etdiyi nailiyyətlər, beynəlxalq reytinq təşkilatlarının ədalətli və yüksək qiymətləndirmələri, proqnozlaşdırılan gələcək perspektivlər ölkə başçısının uğurlu siyasətinin məntiqi nəticəsidir.

sia.az

Digər xəbərlər