Sürət qatarından reportaj
Hər bir inkişaf amilinin təməlində onun reallaşdırılması üçün göstərilən ardıcıl səylər, əldə edilən nəticələr dayanmaqdadır. Bu mənada, Azərbaycanın nəqliyyat sistemində aparılan davamlı islahatlar, o cümlədən, həyata keçirilən nəhəng layihələr bu faktoru özündə kifayət qədər əsaslandırmaqdadır. Belə ki, Azərbaycan ərazilərinin də daxil olduğu Böyük İpək Yolunun perspektivləri baxımından, ölkəmizdə mövcud olan yükdaşımadan tutmuş, sərnişindaşıma nəqliyyatına qədər hər bir işdə müsbət nəticələr əldə olunmaqdadır. Artıq, dünyanın bütün yolları Avropa və Asiyanı birləşdirən Azərbaycandan keçir. Söz yox ki, belə bir nəticələrin əldə olunmasında Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasəti ilə yanaşı, həm də qətiyyətli iqtisadi siyasət faktoru dayanmaqdadır. Məhz dövlət başçımızın sarsılmaz iradəsi, məqsədyönlü siyasəti nəticəsində müstəqil, müasir Azərbaycan dünyanın iqtisadiyyat indeksində liderlik mövqeyinə sahiblənib.
Dünyanın sərnişindaşıma sistemində ən müasir tələblərə cavab verən sürət qatarı
Bu gün tam əminliklə deyə bilərik ki, digər nəqliyyat sektorları ilə yanaşı, xüsusilə, dəmir yolu sahəsində görülən işlərin, əldə edilən nailiyyətlərin demək olar ki, sayı-hesabı yoxdur. Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının ilk dəfə tarixi şəhərimizə yol düşməsi həmin uğurların məntiqi nəticəsi olaraq qiymətləndirilə bilər. Belə ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 30 dekabr 2018-ci il tarixindən etibarən Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verdi. Artıq istifadə olunan bu uğurlu marşrut Bakı və Gəncə şəhərləri, eləcə də həmin xətt üzrə yerləşən rayonlarla nəqliyyat əlaqələrinin genişləndirilməsinə, həmçinin, əhalinin sosial sifarişinin ödənməsinə hesablanmış, eləcə də, müstəsna əhəmiyyət kəsb edən layihə olaraq dəyərlənədirilməkdədir. Dünyanın sərnişindaşıma sistemində ən müasir tələblərə cavab verən sürət qatarı hər ayın cüt tarixlərində Bakıdan, tək tarixlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşərək fəaliyyətə başlayıb. Qeyd edək ki, qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir. Qatar, Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqlarda dayanır. O cümlədən, 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var.Beləliklə, sürət qatarının tarixi şəhərimiz, həmçinin ikinci paytaxtımız hesab edilən füsunkar Gəncəmizə ilk səfəri hafizələrimizdə silinməyəcək izlər buraxıb. Bu səfərin ilk sərnişinləri "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, deputatlar və jurnalistlər olublar. "Stadler" şirkətinin istehsalı olan qatar 159 kilometr/saat sürətlə hərəkət etməklə yanaşı, öz komfortu ilə də hər kəsi valeh edib. Belə ki, sərnişinlər VIP və biznes sinif vaqonlardan istifadə edə bilməklə yanaşı, hər bir vaqon kiçik mətbəx, soyuducu və simsiz internetlə təchiz olunub.
Yüksək səviyyəli xidmət, Wi-Fi və komfort...
Səfər çərçivəsində jurnalistlərin suallarını cavablandıran Cavid Qurbanov qeyd edib ki, artıq Bakı-Gəncə sürət qatarı işə düşüb və bu, çox uğurlu layihədir. “Bəziləri deyirdilər ki, söz verilir, amma əməl edilmir. Biz söz də veririk, əməl də edirik", deyən QSC-nin sədri əlavə edib ki, sürət qatarında xidmət yüksək səviyyədədir: "Burada fərqli qiymətlər mövcuddur. Biznes-klass yerlər var. Bunlar bir qədər bahalıdır, belə də olmalıdır. İnsanlara seçim imkanı verilir. Yaxın vaxtlarda Wi-Fi sistemi təkmilləşdiriləcək".O, qatarda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin olduğunu da vurğulayıb: “Bakı-Gəncə üzrə sərnişin qatarı əvvəl 8 saata, bu gün isə 5 saat 30 dəqiqəyə gedir. Yeni sürət qatarında isə bu 4 saat 30 dəqiqədir.”
Yalamaya, Qəbələyə və Qarabağa doğru...
Lakin bununla yanaşı, Cavid Qurbanov deyib ki, gələcəkdə bu vaxt 3 saat yarıma qədər azaldıla bilər: “Birdən-birə risk etmək istəmirik. Yol üstündə keçidlər olur. Piyadalar qatar yollarının üstündən keçirlər. Maşinist ya sürətini yavaşlatmalıdır, ya da piyadanın üstünə keçməlidir . Əsas məsələ təhlükəsizlikdir. Bunun üçün yol kənarında keçidlər bağlanmaldır. Konfliktsiz yol keçidlərinə keçilməlidir, yəni maşın keçidin altından, qatar isə üstündən keçir”.QSC-nin sədri bildirib ki, növbəti sürət qatarı Qəbələ və Yalamaya olacaq. Artıq Bakı-Yalama dəmir yolunun tikintisi üçün tender elan olunub. Tikintinin iki il müddətinə başa çatması nəzərdə tutulub."Bakı-Yalama istiqamətində tikinti digərlərindən daha möhtəşəm olacaq. Bu dəmir yolunda yeraltı və yerüstü keçidlər nəzərə alınıb, təhlükəsizlik baxımından tədbirlər görüləcək. İlkin olaraq Bakı-Qəbələ sürət qatarının istifadəyə verilməsi nəzərdə tutulub. Çünki Qəbələ stansiyası Bakı-Ləki dəmir yolunun üzərindədir. Ləkidən Qəbələyə hazırda dəmir yolunun tikintisi gedir. 2019-cu ilin axırına qədər Bakı-Qəbələ sürət qatarının işə düşməsi planlaşdırılır", Cavid Qurbanov qeyd edib.Əlbəttə ki, bizlər də arzuladıq ki, bu qatarımız Azərbaycanımızın bütün bölgələrinə səfər etsin və İnşaAllah Qarabağımıza, Xankəndimizə doğru irəliləsin!
Cavid Qurbanov: “Bu açılış da Prezidentin vətəndaşlara yeni il hədiyyəsidir”
Yeri gəlmişkən, əldə edilən hər bir uğura qısqananlar, ona kölgə salmağa çalışanlar da növbəti cəhdlərini etsələr də, onların bu cəhdləri nəticəsiz qaldı. Elə ən müvafiq cavabı da, Cavid Qurbanov mediaya açıqlamasında verib. O, səsləndirilən müxtəlif əsassız ittihamlara qarşılıq bildirib: "Bəziləri deyir "Cavid Qurbanov sözünün üstündə durmur, dediyi söz yalan çıxır" deyir. Mən onlara mesaj göndərirəm ki, mən sözümün üstündə dayanıram. Çünki mən İlham Əliyevin komandasındayam. Bu açılış da Prezidentin vətəndaşlara yeni il hədiyyəsidir. Sınaq və hərəkətin tənzimlənməsi ayrı-ayrı şeylərdir. Hazırda sürət saatda 130 -135 km-dir. Qatarın texniki imkanları saatda 300 km-ə qədər hərəkətə icazə verir. Biz layihəni edəndə yolun maksimal sürətini 160 km qədər qoymuşuq. Gələcəkdə bu sürətin artımına doğru gedəcək".Sədr qeyd edib ki, Bakı-Gəncə marşrutu üzrə qatarlarda gediş haqqının artırılması nəzərdə tutulmayıb. "Bu marşrut üzrə 3 dayanacaq nəzərdə tutulub. Bu da tələbata uyğun tənzimlənəcək. Yevlaxda, Goranda, Gəncədə dayanacaq. Yevlaxda Qarabağ zonası, Şəki-Balakən istiqamətində gedənlər düşəcək. Gorana yaxın Naftalan kurort mərkəzi olduğu üçün turist axını çoxdur. Ora qazaxlar, türklər, həmçinin ərəblər daha çox gəlir".
Bu qatarla Türkiyəyə də gediləcək!
“Biz bununla kifayətlənməyəcəyik. Bu qatarla Türkiyəyə qədər gədəcəyik", deyə vurğulayan Cavid Qurbanov səfər iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək arzularını çatdırıb: “Arzu edirəm ki, biz bu qatarla Murovdan keçib Kəlbəcərə, Xankəndinə gedək. Biz o dığalara Azərbaycanın nəyə qadir olduğunu göstərəcəyik".Millət vəkilləri - Hikmət Babaoğlu, Aydın Hüseynov, Musa Quliyev, Naqif Həmzəyev və digərləri də Bakı-Gəncə-Bakı sürət qatarının uğurlu perspektivləri, Azərbaycanda turizmin inkişafına, iqtisadiyyata vercəyi töhfələri barədə fikirlərini bildirərək, bütün bunların təməlində Prezdient İlham Əliyev cənablarının yorulmaz, qətiyyətli, məqsədyönlü siyasətinin dayandığını vurğulayıblar.Bax, belə maraqlı fakir mübadilələri ilə sürət qatarımız hətta vaxtından əvvəl – təqribən 3 saat 50 dəqiqəyə gözəl Gəncəmizə çatdı.
Gəncə bizi möhtəşəm bayram ovqatı ilə qarşıladı!
Qatar Gəncəyə daxil olarkən, gəncəlilər onu böyük füsunkarlıq və qələbəliklə qarşıladılar. Qarşılanma mərasimində "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış ediblər. Qeyd olunub ki, bu gün yalnız Gəncə şəhərinin deyil, bütövlükdə ölkəmizin həyatında əlamətdar hadisədir. Bu sürət qatarının istifadəyə verilməsi Prezident İlham Əliyevin Gəncəyə olan diqqətinin növbəti bariz nümunəsidir. Gəncə Qafqazın ən gözəl şəhərlərindən biridir. Dünyanın ən yüksək standartlarına cavab verən beynəlxalq hava limanı, yeni yollar, təhsil ocaqları Gəncədəki inkişafın göstəricisidir. Bu gün isə onların sırasına biri də əlavə olundu. “Biz çox sevinirik ki, belə sürət qatarı məhz Gəncə istiqamətində istifadəyə verilib”, deyə fikirlərdə vurğulanıb və bildirilib ki, sürət qatarı Bakıdan Gəncəyə ilk səfərini etməklə yanaşı, həm də gələcəyə yönələn marşrutdur.Çıxışlardan sonra Respublikanın tanınmış incəsənət ustalarının bir-birindən maraqlı konsert proqramları təqdim olunub. Gəncəlilər və şəhərin qonaqları belə bir tarixi günün fərəhini yaşamaqla yanaşı, həm də bayram ovqatını yaşayıblar.Sonra, sürət qatarı yenidən Bakıya üz tutdu. Dönüşümüz də demək olar ki, eyni müddəti əhatə etdi. Bu səfərimiz həm də həyatımızda silinməz izlər buraxdı. Çünki media həmkarları ilə səfərə çıxmaq hər zaman maraqlı xatirələrlə, yadda qalır. Bizlər bu möhtəşəm sürət qatarı ilə Qarabağımıza səfər edəcəyimiz ümidi ilə vidalaşıb-ayrıldıq...
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...