“Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının təsdiq edilməsi regionların inkişafı baxımından yeni inkişaf mərhələsinin başlanması kimi xarakterizə olunmalıdır”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.O bildirib ki, əvvəlki dövlət proqramlarında Azərbaycan regionlarının inkişaf etdirilməsi, regionlarla paytaxt arasındakı fərqin mərhələli şəkildə aradan qaldırılması istiqamətində fəaliyyətlərin həyata keçirdiyini nəzərə alsaq, regionların inkişafının Azərbaycan üçün prioritet olduğunu deyə bilərik.Onun sözlərinə görə, xüsusilə də son illər regionların inkişafı ilə bağlı aparılan siyasət regionların makroiqtisadi göstəricilərinin, bu isə xüsusilə də qeyri-neft ixracatında payının artmasına gətirib çıxarıb.Regionların Azərbaycana neftdən kənar valyutanın daxil olması baxımından çox vacib olduğunu deyən ekspert söyləyib ki, bu gün Azərbaycana daxil olan qeyri-neft sektorunda valyutanın əhəmiyyətli hissəsi regionların payına düşür: “Regionlar qeyri-neft ixracatının 60 faizinə qədərini formalaşdırır ki, bu da birbaşa regionların ixracatda payının yüksək olması anlamına gəlir
. Eyni zamanda regionların inkişafı məşğulluq baxımından çox vacibdir. Məşğulluğun inkişaf etməsi, xüsusilə də yeni iş yerlərinin yaradılması, məşğulluğun təmin edilməsi birbaşa regionların inkişafı ilə bağlıdır. Belə ki, məşğul əhalinin 37.8 faizi regionlarda çalışır ki, bu da regionların məşğulluqda payını göstərən əsas göstəricilərdən biridir”.V. Bayramov vurğulayıb ki, yeni proqram regionlarda əvvəlki illərdə formalaşan infrastrukturun dəyərə çevrilməsinə imkan verəcək: “ Bu, regionlara çoxlu sayda investisiyanın cəlb edilməsi mümkünlüyünü yaradacaq. Yeni proqram çərçivəsində regionlara 17 milyon manata yaxın investisiyanın qoyulması nəzərdə tutulur. Bu rəqəmin daha böyük olacağı da güman olunur. Onun əhəmiyyətli hissəsinin dövlət büdcəsi hesabına maliyyələşdiriləcəyini, xarici sərmayənin cəlb edilməsi imkanlarını nəzərə alsaq deyə bilərik ki, bütövlükdə növbəti illərdə regionlara 20 milyon manatdan artıq investisiyanın cəlb edilməsi mümkün ola biləcək. Cəlb ediləcək investisiyanın təxminən 4 milyon manatı özəl sektorun payına düşəcək. Güman olunur ki, o məbləğdə xarici investisiyanın növbəti 4 il ərzində cəlb edilməsi imkanları var. Bu isə o deməkdir ki, regionların inkişafı keyfiyyət baxımından yeni mərhələ qədəm qoyur”.Ekspert əlavə edib ki, burada söhbət təkcə aqrar sektor deyil, eyni zamanda sənaye inkişafından gedir: “Sənayeləşmə, regionlarda innovativ məhsul istehsalına zəmin yaradır. Bu gün sənaye parklarının əhəmiyyətli hissəsini regionlarda formalaşıb ki, bu da sənayedə regionların payını növbəti 4 ildə artıracaq əsas faktorlardan biridir. Bu baxımdan növbəti 4 il regionların həm iqtisadi, həm istehsal baxımdan xəritəsinin keyfiyyət olaraq dəyişməsi ilə yadda qala bilər. Bu, regionlarda ənənəvi kənd təsərrüfatı ilə yanaşı sənaye məhsullarının genişlənməsi və nəticə etibarı ilə regionların həm ümumi daxili məhsul həm də dövlət büdcəsindən gəlirlərinin formalaşmasında payının artmasına gətirib çıxara bilər”.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...