PDF Oxu

İqtisadiyyat

  • 3 606

"Bu il vətəndaşların sosial təminatı daha da gücləndiriləcək” ÖZƏL - ŞƏRH

"Bu il vətəndaşların sosial təminatı daha da gücləndiriləcək” ÖZƏL - ŞƏRH

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə düzgün olaraq qeyd etdi ki, “minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi böyük sosial paketin tərkib hissəsidir”. Azərbaycanda birmənalı şəkildə etiraf etmək lazımdır ki, genişmiqyaslı struktur və sosial islahatlar aparılır. Bu özünü daha çox sosial təminatın gücləndirməsində əks etdirir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.İqtisadçının sözlərinə görə, praktiki olaraq son addımlar və xüsusən də son bir neçə həftə ərzində həm minimum əməkhaqqının, minimum pensiyanın eləcə də sosial müavinətlərin artırılması ilə bağlı ölkə Prezidenti tərəfindən imzalanan Sərəncamlar ondan xəbər verir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan üçün prioritetdir: "Təbii ki, söhbət sosial müdafiənin daha da gücləndirilməsindən gedir. Bu baxımdan bütövlükdə sosial islahatları, xüsusən 2019-cu ildə həyata keçirilən sosial islahatları qruplaşdırsaq, bir tərəfdən sosial islahatların birinci istiqaməti minimum əməkhaqqı alan vətəndaşlarımızın daha çox əməkhaqqı almasına nail olmaqdır (həm özəl, həm də dövlət sektorunda) və ya az əməkhaqqı alan vətəndaşlarımızın sosial vəziyyətinin, təminatının gücləndirilməsi üçün onların həm dövlətdən, həm də özəl sektordan ödənilən əməkhaqının həcminin artırılmasına nail olmaqdan ibarətdir. Nəticə etibarilə minimum əməkhaqqının artırılması ilə bağlı Prezidentin Sərəncamı 600 min vətəndaşımızı əhatə edir. Bu da təbii ki, həmin vətəndaşlarımızın əməkhaqqlarını artırmaqla müşahidə olunur.İkinci istiqamət minimum pensiyaların artırılması ilə bağlıdır. Minimum pensiyanın artırılması da praktiki olaraq həssas qrup hesab olunan vətəndaşlarımızın pensiyalarının artmasına gətirib çıxardı. Nəticə etibarilə minimum pensiyanın artırılması ilə bağlı qərar da çoxlu sayda vətəndaşlarımızın bundan istifadə etməsinə gətirib çıxardı. Minimum pensiyaların məbləğinin 38 faiz qaldırılaraq 116 manatdan 160 manata çatdırılması 233 min vətəndaşımızın bundan istifadə etməsi anlamına gəlir.Üçüncü istiqamət sosial müavinətlərin artırılması ilə bağlıdır ki, bu həm ailələri, həm də uşaqları əhatə edir. Yəni söhbət yüz minlərlə ailədən gedir. Sosial müavinətlər üzrə praktiki olaraq Sərəncamla həyata keçirilən addımlar mühüm əhəmiyyətə malikdir. Çünki burada bir tərəfdən əlillərə edilən sosial müavinətlərin artırılması həyata keçirildi və s. Bu da təbii ki, həmin ailələrin sosial müdafiəsi baxımından vacibdir. Ölkə Prezidenti son müşavirədə qeyd etdi ki, islahatlar, eləcə də sosial təminatla bağlı siyasət davam etdiriləcək. Bu isə ondan xəbər verir ki, 2019-cu il növbəti aylar üçün artıq yeni islahatların, eləcə də sosial sferada yeni Sərəncamların şahidi olacayıq. Bu da praktiki olaraq ondan xəbər verir ki, 2019-cu il Azərbaycanda vətəndaşların sosial təminatının daha da gücləndirilməsi ili kimi yadda qalacaq”.

sia.az

Digər xəbərlər