İqtisadiyyat

  • 4 975

Ölkəmizdə turistlərin istirahətinin tam təminatı üçün lazımi şərait mövcuddur

image

Bu gün Azərbaycan reallıqları beynəlxalq miqyasda nüfuz qazanmış mətbu orqanların səhifələrində öz təsdiqini tapır

Azərbaycanın dünyanın 11 iqlim tipindən 9-na malik olması, dağı, meşəsi, dənizi, çayı, ecazkar təbiəti və külli miqdarda dərman bitkiləri, geniş sahələri, eləcə də, dövlət tərəfindən ayrılan diqqət turizm sahəsinin inkişafında mühüm rol oynayan amillərdir. Azərbaycan turizmi müstəqil Azərbaycan dövlətinin yaranması ilə paralel olaraq, inkişafdadır. Belə ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ənənənin nəticəsi kimi dövlətin müəyyən etdiyi qərarlar onun davamlı inkişafına səbəb olub. Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun, davamı olaraq, Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət, ölkənin bütün sahələrinin inkişafında olduğu kimi, bu sektorun da inkişafında özünü büruzə verir. Turizm sektorunun inkişafı məqsədi ölkəmizdə dünyanın ən müasir turizm obyektləri, mehmanxanalar, müalicə mərkəzləri, istirahət mərkəzləri yaradılıb və bu, davam etməkdədir. Bütün bunlar ölkənin mənzərəsinə yeni bir ab-hava gətirir. Bu müasirlik turizm bazarının artmasına da təsirini göstərir. Ölkəmizə səfər edən turistlərin istirahətinin tam təminatı üçün lazımi şərait var. Azərbaycanın təbiəti, mövcud olan atmosfer ölkəmizin turizm potensialının dünyanın nüfuzlu dövlətlərinin diqqətində saxlayıb. Bu gün beynəlxalq miqyasda nüfuz qazanmış mətbu orqanlarının səhifələrində Azərbaycan reallıqları ilə bağlı dərc olunan məqalələrdə bu fikir öz təsdiqini tapır.Azərbaycanın turizm imkanları və mədəniyyəti haqqında dərc olunan məqalələrdə ölkəmizdə, eləcə də, küləklər şəhəri adlanan Bakıda müxtəlif tarixi dövrlərdə tikilən binaların, İçərişəhər və Şirvanşahlar Sarayı kompleksinin özünəməxsusluğunun qorunub- saxlanılması, hökumətin milli irsin qorunması naminə muzeylərin yaradılması və bərpası istiqamətində gördüyü işlər təqdirəlayiqdir.Bu günlərdə isə, Almaniyanın "Eberhardt" turizm şirkətinin internet səhifəsində Almaniyanın Drezden, Leypsiq və Berlin şəhərlərində yaşayan almanlardan ibarət on doqquz nəfərlik turist qrupunun bu yaxınlarda baş tutmuş Azərbaycana səfərinə dair məlumat yerləşdirilib. Məlumatda Almaniyanın Frankfurt şəhərindən Bakıya gələn turistlərin, ilk növbədə, Heydər Əliyev Beynəlxalq Hava Limanının müasirliyinə, arxitekturasına heyran olduqları bildirilir. Səfərin ölkənin paytaxtı Bakı şəhəri ilə tanışlıqla başladığı, şəhərin son illərdə sürətlə inkişaf etdiyi və bu inkişafda neftin böyük rolunun olduğu vurğulanır. 1870-1914-cü illərdə Bakı şəhərindəki neft bumu zamanı varlanan dövrün neft milyarderlərinin villaları təsvir olunur, Bakı şəhərindəki Filarmoniya, Opera və Kukla teatrlarından, Xalça Muzeyindən söz açılır. 2000-ci ildən UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilən İçərişəhər haqqında məlumat verilir. İçərişəhəri ziyarət edən qrupun Şirvanşahlar Sarayı, Karvansaray və Qız Qalasında olduğu diqqətə çatdırılır. Qız Qalasının üzərindən şəhəri seyr etdikləri, şəhərdəki müasir tikililərlə şəhərin qədim hissəsi arasındakı kontrastın turistləri heyran etdiyi vurğulanır.Qrup üzvləri Azərbaycanın bölgələrinə də üz tutmuş, Şamaxı, Qəbələ şəhərinə və Lahıc kəndinə də səfər ediblər. Şamaxıda turistlər Diribaba Türbəsini ziyarət ediblər. Materialda vaxtilə Azərbaycanın paytaxtı olmuş Şamaxı şəhərinin zəlzələ nəticəsində dağıldığı, buranın qədim abidələrlə zəngin olduğu, şəhərdə min ildən artıq tarixi olan Cümə məscidinin yerləşdiyi diqqətə çatdırılır. Qəbələ şəhərinə yollanan turistlər burada arxeoloji muzeyə baş çəkmiş və qazıntıların aparıldığı yerlərdə olmuşlar. Rayonun ərazisində tarix, mədəniyyət və memarlıq abidələri çoxdur. Bum kəndindəki məscid, Əmili kəndindəki Alban məbədi, Bayramkoxa kəndindəki Ustacan Qülləsi, Nic kəndindəki Hacı Qərib məscidi və Çotari Alban kilsəsi, Həmzəlli kəndindəki Şıxbaba Piri və Komrad dağının zirvəsindəki Komrad Piri bu rayonun tarixi baxımından, qədim sayılan məkanlarıdır. Təbii ki, dağlıq ərazidə yerləşən Qəbələnin sıx meşələri, gözəl mənzərəli yerləri, sərin bulaqları, qədim tarixi abidələri, müasir turizm obyektləri, gur sulu dağ çayları və səfalı yaylaqları turistlərin yüksək marağına səbəb olmaya bilməz.Qrup Şəkidə olarkən Kiş kəndindəki X-XII əsrlərə aid olan kilsəyə baş çəkib və kilsə "Qafqaz kilsələrinin anası" kimi dəyərləndirilib. Ən maraqlısı isə, səfərlər sırasında qrupun 200 il öncə, Azərbaycana köç edərək, burada özlərinə məskən salmış almanların yaşadığı Helenendorfa, indiki Göygölə səfəri olub. İlk növbədə, burada yaşamış almanların qəbirlərini ziyarət edən turistlərin şəhərdəki alman evangelik kilsəsinə baş çəkdikləri, buradakı muzeylə tanış olduqları, şəhərdə yaşamış sonuncu alman - Viktor Klaynın ev-muzeyində olduqları diqqətə çatdırılır.

sia.az

Digər xəbərlər