“2019 -cu il Azərbaycanın tarixində özünəməxsus əlamətlərlə qalacaq. Artıq illərdən bəri seçilmiş və sistemli şəkil almış daxili və xarici siyasət kursu bu il də davam etdirildi. Ölkə konkret hədəflərinə doğru irəlilədi”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.Bu il dövlətin beynəlxalq mövqeyinin bir sıra ölçülərə görə xeyli möhkəmləndiyini deyən baş redaktor söyləyib ki, 2019-cu ildə bir sıra beynəlxalq layihələrin uğurla davam etdirildiyini nəzərə alsaq, Azərbaycanın müttəfiqlər dairəsi genişləndi və yeni müttəfiqlər əldə edildi.Ekspert söyləyib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən Zirvə toplantısında Macarıstana və Koreyaya status tanınması Azərbaycanın müttəfiqlər çevrəsinin genişlənməsi kimi başa düşülə bilər: “Azərbaycan mötəbər beynəlxalq platformalara uğurla ev sahibliyi və təşkilatçılıq etmək kursunu bir daha davam etdirdi. Bu il Azərbaycan forma və məzmunca dünyanın qarşısında daha geniş açıldı”.A.Quliyev söyləyib ki, cari ilin ölkəmiz üçün uğurlarından bəhs edərkən kadr və struktur islahatlarının yeni mərhələyə daxil olmasından qətiyyətlə danışmaq olar: “Yeni iqtisadi model yaratmaq və sosial paketlər icra etməkdə Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzində öz mövqeyini bir daha qorudu. Ölkə daxilində sabitliyin möhkəmləndirilməsinə təsir göstərən müxtəlif sistem addımları, islahatlar və sosial dəstək paketləri icra edildi. Azərbaycan daxili sabitliyin möhkəm xalq-Prezident birliyi üzərində dayandığını tam nümayiş etdirə bildi”.Ekspert qeyd edib ki, bu il ölkənin mövqeyi o dərəcədə möhkəmləndi ki, artıq Azərbaycan beynəlxalq münasibətlər sistemində öz marağını təşviq etmək və ədalətsiz təzyiqlərdən qorunmaqda daha inamlı və iddialı siyasət aparır: “Prezidentin yerli media nümayəndələrinə müsahibəsində çoxsaylı nüanslarla bunu əsaslandırmaq olar. Ölkə başçısı söylədi ki, biz “Şərq Tərəfdaşlıq” proqramından çıxmayacağıq, lakin onun daxilində fəallıq da göstərməyəcəyik. Dövlət başçısı tərəfindən “Avropa Birliyi ilə o şərtlər daxilində saziş imzalaya, daxili istehsalımızı təhlükəyə ata və qazı öz vətəndaşlarımıza heç vaxt dünya qiymətləri ilə sata bilmərik” və digər bəyanatların səsləndirilməsi əslində dünya siyasətində mövqeyimizin nə qədər möhkəm və ötkəm səviyyəyə çatdığını sübut edir”.Baş redaktor vurğulayıb ki, dünyanın enerji təhlükəsizlik konsepsiyasına Azərbaycanın töhfələri bu il də davam etdi, TANAP-ın ikinci yolu və TAP istifadəyə verildi. Azərbaycan BMT-dən sonra dünyanın ən böyük dövlətlər platformasına sədr seçildi. Dünyanın məşhur sosial iqtisadi və hərbi reytinq siyahılarında Azərbaycan öz avtoritetini inamla qorudu. Ölkə başçısının da vurğuladığı kimi Dağlıq Qarabağ məsələsində ciddi irəliləyiş olmasa da, Azərbaycan dondurulmuş status-kvoya görə bütün məsuliyyətin Ermənistanın üstünə düşdüyünü bütün dünyaya sübut edə bildi. Prezident televiziyalara dəqiq dedi ki, Ermənistanın pozucu siyasəti və beynəlxalq dairələrin ona lazımi təzyiq göstərməməsi üzündən irəliləyiş əldə edilmədi. Ümumilikdə isə 2019-cu il dövlətçiliyimizin bütün parametrlər üzrə möhkəmləndiyi il oldu”.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...