2019-cu il sona yaxınlaşır və əlbəttə ki, il ərzində görülmüş işlər, ölkəmizdə və regionda baş vermiş hadisələr ictimaiyyətin diqqət mərkəzindədir. İlin əvvəlində ölkə başçısı tərəfindən qarşıya qoyulan bütün vəzifələr, il ərzində reallaşıb və Azərbaycan 2019-cu ildə uğurla inkişaf edib. Təbii ki, bu inkişaf gələcək illərdə daha uğurlu addımlar atmaq üçün zəmin yaradıb və bu da, qarşıdan gələn 2020-ci il üçün daha böyük perspektivlərə yaradılan imkanlar deməkdir.
Dövlətimizin inkişaf tendensiyası təsdiq edir ki, Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası son 16 ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilib, siyasi-iqtisadi imkanlar daha da genişlənib və beynəlxalq aləmdə nüfuzumuz artıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu müddətdə ölkəmizin əldə etdiyi uğurlu nəticələr, inkişaf göstəricilərinin, davamlı olaraq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların uğurlu olduğunu təsdiq edir ki, bu da özünü real həyatda büruzə verir. Çünki sosial-iqtisadi nailiyyətlərin dayanıqlılığının inkişaf üçün etibarlı zəmin olduğu zərrə qədər şübhə doğura bilməz. Dünyada hökm sürən qlobal maliyyə və iqtisadi böhran şəraitində inkişaf edən bir çox dövlətlər ciddi çətinliklərlə üzləşdikləri halda, ölkə başçısının çevik, praqmatik siyasəti sayəsində Azərbaycanın xarici iqtisadi təsirlərinin neytrallaşdırılması, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramların tam icra edilməsi, iqtisadiyyatımızın dinamik şəkildə artması, heç də təsadüfi ola bilməz. Bütün bunlara nail olunmasında isə, Cənab Prezidentin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirlərinin xüsusi əhəmiyyəti göz qabağındadır.
2019-cu il qeyri-neft sənayesinin inkişaf mərhələsinin başlanğıcı kimi
Son illər ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilib. Eyni zamanda, daha doğrusu, bununla yanaşı, yeni sənaye sahələri də yaradılıb və sözsüz ki, bütün bunlar dövlət başçısının uğurlu iqtisadi siyasəti, müəyyən etdiyi strategiya nəticəsində gerçəkləşib. Yalnız cari il ərzində, bu istiqamətdə ölkə rəhbərinin iştirakı ilə həyata keçirilən tədbirlərə qısa nəzər saldıqda, bunu aydın şəkildə görmək olar. 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan "SOCAR karbamid", yüksək sıxlıqlı polietilen, Pirallahı Sənaye Parkında "Diamed" şpris istehsalı zavodları, Bakıda "Şimal-2" Elektrik Stansiyası Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və iştirakı ilə istifadəyə verilib ki, bu sənayeyə olan marağın və diqqətin bariz nümunəsidir.
Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan "Bakmil" stansiyasında, "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttində görülən işlərlə dövlət başçısının tanış olması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarına baxış keçirməsi nəqliyyat və yol infrastruktur layihələrinə xüsusi önəm verildiyini təsdiqləyir. Ölkə başçısının Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan ilk neft tankerinin istismara verilməsi və "Azərbaycan" adlı gəmi-bərənin suya salınması ilə bağlı tədbirlərdə iştirakı təsdiq edir ki, reallaşdırılan bütün layihələr ölkə iqtisadiyyatının inkişafına hesablanıb.
Sadalanan bütün bu tədbirlər təsdiq edir ki, il ərzində ölkəmizdə sosial-iqtisadi sahələrdə mühüm uğurlar əldə edilib. Cənab Prezidentin rəhbərliyi ilə qarşıya qoyulan məqsəd və hədəflərə doğru mətin addımlar atılıb. Təbii ki, bütün bunların nəticəsi olaraq həyatın bütün sahələrində dinamik inkişaf müşahidə edilib.
Quruculuq ənənəsi cari ildə də diqqət mərkəzində saxlanılıb
Nəzərə almaq lazımdır ki, dünyada hökm sürən qeyri-sabitlik, eyni zamanda, xalqların və ölkələrin dinc qonşuluq şəraitində yaşamalarına edilən təhdidlər bütün sahələrə öz mənfi təsirini göstərir və dünya təcrübəsinə diqqət etdikdə, görürük ki, dövlətlər öz potensiallarını inkişaf etdirməkdə, vətəndaşlarının rifah halını yaxşılaşdırmaqda çətinlik çəkir, hətta inkişaf etmiş ölkələrdə, bunun öhdəsindən gələ bilmirlər. Halbuki Azərbaycan Ermənistanla müharibə şəraitində olsa da, belə inkişaf tendensiyası davam etdirilir, rifah halının yaxşılaşdırılmasına, insan amilinə mühüm önəm verilir, insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün müvafiq dövlət proqramları uğurla icra edilir.
Təkcə paytaxt ərazisi deyil, kəndlərimiz, qəsəbələrimiz getdikcə simasını dəyişir və daha da gözəlləşirlər. Rayonlar diqqət mərkəzindən kənarda qalmır, bölgələrdə sosial obyektlər inşa olunur. Ölkəmizin hər yerində, hətta kənd ərazilərində belə asfalt örtüklü yeni, daha yüksək keyfiyyətli yollar çəkilir və infrastruktur layihələri uğurla reallaşdırılır. Çəkilən yollar, abadlaşdırılan ərazilər yeni imkanlar deməkdir və bu, ərazilərdə istehsalla və kənd təsərrüfatı ilə məşğul olmaq üçün geniş şərait yaradır. Yol infrastruktur layihələri sayəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olunmasını asanlaşırır ki, bu, həm də yeni iş yerlərinin yaradılması deməkdir. Təbii ki, bu da nəticədə, insanların məşğulluq səviyyəsinin artırılmasına, yaşayış şəraitinin və rifah halının yaxşılaşdırılmasına öz töhfələrini verməkdədir. Bütün bunlar isə, təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi sosial siyasətin, insanlara göstərdiyi diqqət və qayğının təzahürüdür.
Son bir il ərzində, respublikada həyata keçirilən abadlıq-quruculuq tədbirlərinin həcmi dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq artıb. Sakinlərin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni-yeni yaşıllıq zolaqlarının salınması, qədim tarixi-memarlıq nümunələrinin bərpası və yeni, müasir binaların tikilib istifadəyə verilməsi buna əyani misaldır.
Ölkə rəhbərinin Qobustan, Beyləqan, Ağdaş, Qəbələ, paytaxtın Nəsimi, Qaradağ, Pirallahı, Suraxanı, Yasamal, Binəqədi, Nərimanov və digər rayonlarda bir sıra obyektlərin istifadəyə verilməsi mərasimlərində iştirakı, Sumqayıtda Muğam Mərkəzinin, "Nizami" kino-teatrının yeni binasının və Dənizkənarı Bulvar Kompleksinin yeni salınmış hissəsinin, əsaslı şəkildə təmir və bərpa olunan "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun, Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışı mərasimlərində iştirak etməsi, təsdiq edir ki, quruculuq ənənəsi cari ildə də diqqət mərkəzində saxlanılıb.
Sirr deyil ki, geniş miqyasda sosial-mədəni obyektlərin istifadəyə verilməsi, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın iqtisadi gücünün ildən-ilə güclənməsinin məntiqi nəticəsidir. Bu baxımdan, əminliklə söyləmək olar ki, Azərbaycanın sosial-iqtisadi siyasəti 2019-cu ildə davamlı və uğurlu olub.
İnam HACIYEV
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...