Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində pilot layihə hazırlayır

Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov SİA-ya açıqlamasında bərpa olunan enerji mənbələri sahəsində layihələrin icra olunmasından və bunun üçün görülən tədbirlərdən danışıb.

Bərpa olunan mənbələrin məqsədi barədə

Bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsinin əsas məqsədi əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlığın dəstəklənməsidir.Dövlət başçısının 29 may 2019-cu il tarixli “Azərbaycan Respublikasının enerji sektorunda islahatların sürətləndirilməsi haqqənda” sərəncamına əsasən, Energetika Nazirliyinə bərpa olunan enerji mənbələrinin istifadəsinin təşviq olunması, əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlığın fəaliyyətinin dəstəklənməsi üzrə tədbirlər görmək, eləcə də “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin istifadəsi haqqında” qanunun hazırlanması tapşırılıb.Bu layihə artıq hazırdır və razılaşdırma mərhələsindədir. Energetika Nazirliyi müvafiq dövlət strukturları ilə birgə bərpa olunan enerji mənbələrinin istifadəsi üçün potensiala malik sahələrin prioritetliyini müəyyən edib. Bu sahənin inkişafında maraqlı olan şirkətlərlə memorandumlar imzalanıb. Prioritet sahələrin sayı səkkizdir və əsasən Bakı şəhərinin ətrafında, eləcə də Abşeron və Xızıda yerləşir. Bu sahələr özəl investorlara təqdim olunub və investorlardan müvafiq təkliflər alınıb. Bərpa olunan enerji mənbələrinin istifadəsinin təşviqi və bu sektora özəl investisiyaların cəlb olunması məqsədilə dövlət başçısının 5 dekabr 2019-cu il tarixli “Bərpa olunan enerji mənbələrinin istifadəsi sahəsində pilot layihələrin reallaşdırılması üzrə tədbirlər haqqında” sərəncamı imzalanıb. Sərəncam çərçivəsində müvafiq komissiya yaradılıb. Hazırda sərəncamda nəzərdə tutulan tədbirlər görülür və müvafiq sahələrdə işçi qruplar yaradılıb.
Layihələrin iqtisadi məqsədəuyğunluğu
Energetika Nazirliyi Asiya İnkişaf Bankının maliyyə və texniki dəstəyi ilə “Üzən günəş panellərinin hazırlanması üçün biliklərin mübadiləsi və texniki dəstək üzrə” pilot layihəsini reallaşdırır.Layihə Böyükşor gölündə 100 kilovatt gücündə günəş panelləri sisteminin yaradılmasını, eləcə də günəş enerjisinin istifadəsində özəl sektorun iştirakının təşviq olunmasını və tədris vasitəsilə milli potensialı möhkəmləndirmək üçün biznes modellərin formalaşdırılmasını nəzərdə tutur. Hazırda tenderlər keçirilir, müvafiq şirkətlər seçiləndən sonra tikinti başlayacaq.Bərpa olunan enerji mənbələri vasitəsilə enerji istehsalının şaxələndirilməsi təkcə enerji təhlükəsizliyinə xidmət etməyəcək, həm də iqlim dəyişikliyi üzrə BMT Çərçivə Konvensiyasındakı öhdəliklərin icrasına, eləcə də Azərbaycana xarici investisiyaların cəlb olunmasına yol açacaq.

Alternativ enerji mənbələrinin tətbiqi potensialı

Azərbaycan yüksək bərpa olunan enerji mənbələri potensialı olan ölkələrdən biridir. Ölkəmizdə bərpa olunan enerji potensialı 26 940 meqavatt, o cümlədən külək enerjisi 3 min meqavatt, günəş enerjisi 26 940 meqavatt, bioenerji potensialı 380 meqavatt və dağ çaylarının enerji potensialı 520 meqavatt həcmində dəyərləndirilir.2018-ci ildə ölkədə 25,2 milyard kilovatt/saat elektrik enerjisi istehsal olunub ki, bunun 2,04 milyard kilovatt/saatı bərpa olunan enerji mənbələrinin payına düşür. İl ərzində külək elektrik stansiyalarında 85,7 milyon kilovatt/saat, günəş elektrik stansiyalarında 39,3 milyon kilovatt/saat, sərt məişət tullantılarının yandırılması qurğularında 162,3 milyon kilovatt/saat elektrik enerjisi istehsal olunub. Bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ümumi istehsalda payı 8,1 faiz təşkil edib.
Səmərə nədədir?
Bərpa olunan enerji mənbələrindən istifadənin güclənməsi yeni xidmətlərin yaradılmasına, istehsal güclərinin artmasına və yeni iş yerlərinin açılmasına, həmçinin enerji istehsalının şaxələndirilməsinə xidmət edəcək, təbii qaza qənaət hesabına ixrac potensialımızı artıracaq və ətraf mühitə mənfi təsiri azaldacaq.Bu layihələrin maliyyələşdirilməsini özəl investorların vəsaitləri hesabına, birbaşa satış müqavilələri imzalamaq və hərraclar keçirmək yolu ilə reallaşdırmaq planlaşdırılır.
Tərəfdaşlıq əlaqələrinin yekunları
Bərpa olunan enerji mənbələrinin istifadəsində əməkdaşlığın möhkəmləndirilməsi və gələcəkdə bu sektora investisiyaların stimullaşdırılması məqsədilə beynəlxalq şirkətlərlə əməkdaşlıq genişləndirilir.Doqquz şirkət anlaşma memorandumları və əməkdaşlıq sənədləri imzalayıb (BP (Böyük Britaniya), “Masdar” (BƏƏ), “Avelar Solar” (Rusiya), “Tekfen” (Türkiyə), “Total Eren” (Fransa), “Equinor” (Norveç), “Akwa Power” (Səudiyyə Ərəbistanı), “Mitsui & Co” (Yaponiya), “Quadran International” (Fransa)). Bundan başqa, şirkətlərlə yüksək səviyyəli əməkdaşlığın dəstəklənməsi üçün zəruri addımlar atılır, müzakirələr aparılır, işçi qruplar yaradılır, görüşlər keçirilir və fikir mübadiləsi aparılır. Eyni zamanda, qanunvericilik bazasının hazırlanması üçün şirkətlərlə müzakirələr aparılır, onların bu istiqamətdə təklifləri nəzərə alınır.

sia.az