İqtisadiyyat

  • 8 882

“Kənddən Şəhərə” yarmarkalarında fermerlər nə qədər məhsul sata bilir? - REPORTAJ

image

“Kənddən Şəhərə” həftəsonu yarmarkası 2020-ci ilə Bakı və Abşeron ərazisində 5 fərqli ünvanda start verib. Məhz paytaxt sakinlərinin marağının nəticəsində təşkilatçı qurum ötən ilin sonunda yarmarkanın keçirildiyi ünvanların sayını artıraraq 5-ə çatdırıb. SİA bu yarmarkaların digər bazar və mağazalardan üstünlüklərini əyani şəkildə görmək məqsədi ilə Yasamal rayonu, H.Cavid prospekti ilə S.Dağlı küçəsinin kəsişməsində (Space TV-nin yanı) təşkil olunan yarmarkaya araşdırmaq məqsədi ilə səfər etdik.Havanın nisbətən soyuq və yağışlı olmasına baxmayaraq, yarmarkada alıcıların sayı qənaətbəxş idi. Fermerlərin səliqəli “Kənddən Şəhərə” önlükləri və piştaxtalarda mövsümi meyvə-tərəvəzin çeşid bolluğu diqqətimizi çəkən digər əsas göstəricilər oldu. Həmsöhbət olduğumuz alıcı Zeynəb Quliyeva Badamdar qəsəbəsində yaşadığını və hər həftəsonu yarmarkaya baş çəkdiyini dedi: “Yaşadığım yer bura o qədər də yaxın deyil. Ancaq qiymətlər yaxşı olduğuna görə demək olar ki, hər həftəsonu gəlirəm. Ən çox da nar almaq üçün gəlirəm. Yarmarkada Göyçaydan öz yetişdirdiyi narı gətirən bir fermer var. Çox dadlı və sağlam narlar satır. Sağ olsun ki, əziyyət çəkib becərir. Biz də ondan alıb nuş edirik. Tez-tez şirəsini çəkib nəvələrimə içirirəm ki, sağlam böyüsünlər. Evimə yaxın yerdə də bu cür yarmarkanın açılmasını istərdim”.Alıcının razılığını görüb Göyçaylı fermer Orxan Quliyevlə də tanış olmaq qərarına gəldik. Hər həftəsonu yarmarkada iştirak etdiyini deyən fermer burada nar məhsuluna görə tanındığını bildirdi: “Göyçay rayonunun Qaraməryəm kəndindənəm. Kənddə özüməməxsus 7 hektarlıq ərazidə nar yetişdirirəm. Həm Rusiya bazarına, həm də yerli bazara məhsul çıxarıram. Bu yarmarkada məni narla tanıyırlar. Gənclik, Koroğlu, Əhmədli metro stansiyaları yaxınlığında yaşayan insanlar belə məndən nar almağa gəlirlər. Gülöyşə və vələs sortlarında nar satıram. Demək olar ki, hər dəfə yarmarkaya 500 kq məhsul gətirirəm. Yarmarkanın iki günü ərzində gətirdiyim narın hamısı alınır. Hal-hazırda narın 1 kq-nı 1.20 AZN-ə təklif edirəm. Yarmarkada yerpulu vermədiyimizə və lazımi avadanlıqlarla təchiz olduğumuza görə gəlirimizin hamısı özümüzə qalır”.Həmsöhbət olduğumuz digər bir fermer isə Quba rayon Rustov kənd sakini Nemət Məmmədov oldu. Quru meyvələrin satışı ilə məşğul olan fermer hər həftəsonu yarmarkada iştirak etdiyini və iki gün ərzində toplamda 300-350 kq məhsul satdığını bildirdi: “Gördüyünüz bütün məhsulları öz təsərrüfatımdan gətirmişəm. Meyvələr yetişən zaman biz onları həyətdə günəşin altında qurudub satışa çıxarırıq.Bu dəfə yarmarkaya ümumilikdə 500 kq məhsul gətirmişəm. Qoz ləpəsini 14, gavalı qurusunu 4, zoğal qurusunu 11, alça qurusunu 3, alma qurusunu 4 manata təklif edirəm. Alverdən asılı olaraq hər həftəsonu 300-350 kq məhsul satıram”.Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təşkil olunan “Kənddən Şəhərə” həftəsonu yarmarkaları Yasamal rayonu ilə bərabər, Bakının Binəqədi, Suraxanı, Nərimanov rayonlarında və Xırdalan şəhərində də mütəmadi olaraq təşkil olunur.

sia.az

Digər xəbərlər