İqtisadiyyat

  • 17 354

Sədaqət Vəliyeva: Prezident İlham Əliyevin sosial müdafiə tədbirləri cəmiyyətdə razılıqla qarşılanır, böyük rəğbət doğurur

image

“Hazırda dünya ölkələri, xalqları koronavirus pandemiyasının yaratdığı böyük çətinliklərlə qarşı-qarşıyadır. Hətta inkişaf etmiş dövlətlər belə bu çətinliklər qarşısında aciz qalıblar. Lakin Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür. Altı aydır ki, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Əlbəttə ki, çətin bir zamanda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar bir daha Prezident İlham Əliyev bütün addımlarla hər bir azərbaycanlının Prezidenti olduğunu, dövlətin hər zaman öz vətəndaşlarının yanında olduğunu isbatlayır. Eyni zamanda, görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunədir". Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.Sədaqət Vəliyeva bildirib ki, pandemiya başlanandan Prezident İlham Əliyevin prioritet tədbirləri sırasında ilk olaraq əhalinin sağlamlığı, rifahı və məşğulluğu dayanır: “Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb və məşğulluğa, sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 paket reallaşdırılıb. Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 5 milyona yaxın vətəndaşı əhatə edən məşğulluq, sosial rifah istiqamətinə təqribən 3,5 milyard manat vəsait ayrılıb. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanıb. Dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80%-i işə çıxmasa da, onların əməkhaqqı ödənilib, bununla yanaşı özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verilib və artıq 320 min şəxs bu dəstəkdən yararlanıb. Həmçinin 2 milyon vətəndaşa sosial təminat növləri üzrə ödənişlərin davamlılığının təmin edilməsi bir daha dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını sübut edir. Bununla da 1 yanvar 2020-ci ildən özəl sektorda əmək müqavilələrinin sayında 110 minədək, yəni 17 faizlik artım baş verib. Əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı isə 751,3 minə çatıb”.

Sədaqət Vəliyeva vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir və vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanır: “Aprel-may aylarında 600 minədək, iyul ayında 16 rayon və şəhər üzrə 290 minə yaxın aztəminatlı işsiz şəxsi əhatə edən aylıq 190 manat birdəfəlik ödəmə proqramının icra edilməsi, məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailənin kiçik təsərrüfatların qurulması işlərinin aparılması, 85 min ailənin 350 mindən çox üzvünün ünvanlı dövlət sosial yardımı ilə, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi ilə əhatə olunması işlərinin aparılması koronavirus pandemiyası şəraitində reallaşdırılan mühüm sosial müdafiə tədbirləridir. Bu gün cənab Prezidentin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır, böyük rəğbət doğurur”.

yap.org.az

Digər xəbərlər