İqtisadiyyat

  • 8 327

Qızıl ixracı Azərbaycanda artıb

image

“AzərGold” Qapalı Səhmdar Cəmiyyəti 2020-ci ilin yanvar-avqust aylarında 68,5 milyon dollar, yaxud 116,4 milyon manat dəyərində qızıl ixrac edib. SİA xəbər verir ki, “Azərqold”un yayımladığı məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 32%, yəni, 16 milyon dollar, yaxud 28 milyon manat çoxdu.Ötən 8 ayda əsas satış məhsulu olan qızıl üzrə cəmiyyət tərəfindən nəzərdə tutulmuş plandan 14% və yaxud 4 752 unsiya daha çox olmaqla, ümumilikdə 39 312 unsiya qızıl hasil edilib. Bu hasilat göstəriciləri istehsalatda həyata keçirilən optimallaşdırma işləri və müasir texnoloji metodologiyaların tətbiqi sayəsində əldə edilib.

Bəlli olduğu kimi, qeyri-neft sektoru üzrə cari ilin 8 ayında ixrac olunan məhsullar arasında qızıl ilk üçlükdədir. “AzerGold” QSC-nin həm hasilat həcminin, həm də dünya bazarlarında qızıl qiymətlərinin artması fonunda ixrac əməliyyatlarından ölkə iqtisadiyyatına cəlb etdiyi valyutanın həcmində də artım müşahidə edilib.
Sözügedən dövr ərzində cəmiyyət tərəfindən dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait ödənilib ki, bu vəsaitin 4,8 milyon manatı vergilərin, 1,2 milyon manatı isə Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlərin payına düşür. Ümumilikdə isə, QSC-nin bütün fəaliyyət dövrü ərzində dövlət büdcəsinə 36,7 milyon manat vergi şəklində ödənilib. Bu vəsaitin 31,6 milyon manatı vergilərin, 5,1 milyon manatı Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlərin payına düşür.
Sadalanan iqtisadi nəticələr, istismar edilən yalnız bir, “Çovdar” qızıl yatağında həyata keçirilən fəaliyyət sayəsində əldə olunub. Yeni yataqların istismara hazırlanması istiqamətində də hal-hazırda intensiv işlər gedir. Bu sahədə işlərin icrasına heç şübhəsiz ki, kifayət qədər böyük maliyyə vəsaiti tələb olunur. Yeni yataqların işlənməsi, eləcə də əldə olunan müsbət iqtisadi artım göstəricilərinin daha yüksək dinamika ilə davamlılığının təmin edilməsi üçün Cəmiyyət tərəfindən kapital qoyuluşu həyata keçirilməkdədir.
“AzerGold” QSC mənfəətlə çalışan dövlət şirkəti olaraq yeni layihələrə sərmayə qoyuluşunu təkcə əldə etdiyi gəlirlər (məlumat üçün, Cəmiyyətin ötən ilki fəaliyyəti nəticəsində əldə edilmiş 21 milyon manat həcmində xalis mənfəətin 15 milyonu Nizamnamə kapitalına yönəldilməsi qərara alınmışdır) və dövlət hesabına deyil, həm də alternativ maliyyə mənbələrinin hesabına həyata keçirməyi qarşıya məqsəd qoyub.
Bu xüsusda qeyd olunan maliyyə mənbələrinin sırasına istiqrazların emissiyası da daxildir. Belə ki, Cəmiyyət tərəfindən yaxın gələcəkdə Bakı Fond Birjası vasitəsi ilə ilk dəfə olaraq istiqrazların tədavülə buraxılması planlaşdırılır. Planlaşdırılan qiymətli kağızların emissiyası təkcə “AzerGold”un investisiya portfelinin şaxələndirilməsi deyil, eləcə də vətəndaşlar üçün mənfəətli investisiya imkanları yaratmaq məqsədi daşıyır. İstiqrazların emissiyasından cəlb ediləcək vəsaitin isə “Çovdar” (Daşkəsən), “Köhnəmədən” (Balakən) və “Qaradağ” (Şəmkir-Gədəbəy) layihələri üzrə yeni yataqların resurslarının artırılmasına, yataqların yerüstü hissəsində istismar işlərinin sürətləndirilməsinə və çöl tədqiqat işlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərə tutulub. Adıçəkilən layihələrin istismarı yerləşdiyi bölgədə sosial-iqtisadi inkişafa töhfə verməklə yanaşı ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsinə imkan yaradacaq.
Qeyd edək ki, Cəmiyyətin fəaliyyətinin nəticələrinin yüksək mənfəətliliklə müşaiət olunması tədavülə buraxılacaq qiymətli kağızların daha etibarlı və dayanıqlı olmasına təminat verir. Yeni istiqrazlar “AzerGold”un uzun müddətli inkişafında pay sahibi olmaqla yanaşı, qiymətli kağızlar bazarının daha da inkişaf etməsinə təkan verəcək.

sia.az

Digər xəbərlər