İqtisadiyyat

  • 4 618

“Azərbaycan iqtisadiyyatı inkişafa doğru irəliləyir” ÖZƏL-MÜNASİBƏT

image

“Azərbaycan dövlətinin 44 günlük müharibəyə və eləcə də xeyli müddət davam edən pandemiyaya qarşı milyardlarla vəsait ayırması bir daha göstərdi ki, ölkə iqtisadiyyatı davamlıdır, möhkəmdir və hər bir çətinliyə tab gətirməyə qadirdir. Bu, ölkədə aparılan siyasətin, dövlət başçısı Cənab İlham Əliyevin düşünülmüş düzgün strategiyasının, planlarının bəhrəsidir. Əgər, Azərbaycan iqtisadiyyatı möhkəm olmasaydı biz müharibədə öz sözümüzü deyə bilməzdik. Güclü iqtisadiyyata malik dövlət çətinliklərə tab gətirməyə, qalib gəlməyə qadirdir və müharibənin, eləcə də pandemiyanın çətinlikləri bunu bizə bir daha yaşatdı.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədri qeyd edib ki, bu gün də Azərbaycan iqtisadiyyatı inkişafa doğru irəliləyir və düzdür, hər iki düşmənin vurduğu, yaratdığı çətinliklər müəyyən qədər iqtisadiyyatımıza təsir etsə də ancaq həyat, reallıq göstərdi ki, sosial məsələlərə, bir çox layihələrin həyata keçirilməsinə önəm verildi və bu sahədə elə bir ağrılar yaşanmadı.

“Sözsüz ki, Azərbaycan dövləti bundan sonra da öz iqtisadiyyatını inkişaf etdirmək fikrindədir və bununla əlaqədar mühüm layihələr, proqramlar həyata keçirilməkdədir. TAP-ın bu günlərdə istifadəyə verilməsi və yeni xəttin Avropanın bir çox ölkələrinə məhsul ixracı göstərir ki, bundan sonra da Azərbaycan iqtisadiyyatı öz sürətli inkişafını təmin edəcək və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan bir çox ölkələr kimi mühüm rol oynayacaqdır. Şübhəsiz ki, Azərbaycan iqtisadiyyatının inkişafı nəinki Azərbaycanın iqtisadçı mütəxəssisləri tərəfindən, eləcə də Dünya Bankı və bir çox beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bu, Azərbaycanın beynəlxalq aləmdə həm də nüfuzunun artırılması, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi deməkdir. Çünki, bu gün Azərbaycan dünyaya açılan bir qapıdır və nəinki qonşu dövlətlərlə, eləcə də dünya dövlətləri ilə sıx əməkdaşlıq yaratmaq marağındadır və bu onun dövlət mənafelərinə uyğundur. Ona görə ki, mehriban əməkdaşlıq hər bir ölkənin inkişafında stimuldur və qarşılıqlı əməkdaşlıq həm də münasibətlərin tənzimlənməsi dostluq və bərabərhüquqlu yaşamanın təmin edilməsi deməkdir. Azərbaycan dövlətinin rəhbəri bu amillərə daim yüksək qiymət verir. Ona görə də bu gün Azərbaycan Ermənistan istisna olmaqla qonşu dövlətlərlə sıx qardaşlıq, dosluq, əməkdaşlıq şəraitində yaşayır və müharibə dövründə də bu özünü bir daha aydın göstərdi. Qonşu dövlətlərin dəstəyini hiss etdik. Nəinki qonşu dövlətlərin, Azərbaycanın əməkdaşlıq etdiyi bir çox ölkələrin biz bu müharibədə Azərbaycana dəstək verməsini, ölkəmizin mənafeyindən çıxış etməsini aydın gördük.
Əlbəttə ki, bütün bunlar Azərbaycan iqtisadiyyatının inkişafından irəli gəlir. Çünki, bizim iqtisadi göstəricilərimiz möhkəm və mükəmməl olmasaydı biz qonşu dövlətlərlə bu əlaqələri yarada bilməzdik. Elə bilirəm ki, bundan sonra da bu əməkdaşlıq möhkəmlənəcək və Cənab İlham Əliyev dediyi kimi, Azərbaycan çiçəklənən bir diyara çevriləcək”, deyə Tahir Rzayev bildirib.

sia.az

Digər xəbərlər