Ağdam rayonunda bitkiçilik üzrə məhsuldarlıq artıb

Ağdam rayonunda iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatında ötən il uğurlu nəticələr əldə edilib.Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2020-ci ildə 132 milyon 260,2 min manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub. Bunun 79 milyon 461,3 min manatı bitkiçilik, 52 milyon 798,9 min manatı heyvandarlıq məhsuludur. 12 min 092 hektar sahədən 49 min 270 ton buğda, 8210 ton arpa əldə edilib. Buğdanın məhsuldarlığı əvvəlki illə müqayisədə 1,7 sentner artaraq 40,7 sentner, arpanın məhsuldarlığı 1,1 sentner artaraq 36,4 sentner təşkil edib.Rayonda digər bitkiçilik üzrə də məhsuldarlıq artıb. Belə ki, kartofun məhsuldarlığı 1,8 sentner, tərəvəzin məhsuldarlığı 0,6 sentner, bostan məhsullarının məhsuldarlığı 2,1 sentner, pambığın məhsuldarlığı 5,4 sentner, şəkər çuğundurunun məhsuldarlığı 72,1 sentner çox olub. Bağlardan əvvəlki ilkindən 0,4 faiz çox olmaqla 4667 ton meyvə, 0,5 faiz çox olmaqla 404 ton üzüm toplanıb.2021-ci ilin məhsulu üçün rayonda 20 min 998 hektar sahədə şum qaldırılıb, 14 min 641 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Payızlıq əkinlərin 11 min 509 hektarını buğda, 2046 hektarını dən üçün arpa, 1086 hektarını yaşıl yem (xəsil) təşkil edir. Yeni səpilmiş 11 min 509 hektar buğda sahəsinin 2171 hektarı rayonun işğaldan azad olunmuş ərazilərindədir.

AZƏRTAC