İqtisadiyyat

  • 4 323

Müasir yol infrastrukturu iqtisadi inkişaf üçün mühüm amildir

image

Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulmasına 660 min manat ayrıldı

Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib. Belə ki, son illər paytaxt Bakıda və rayonlarda yol infrastrukturunun genişləndirilməsı ilə bağlı mühüm tədbirlər görülür. Həyata keçirilən məqsədyönlü işlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə tikilərək istismara verilir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin də göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir.Bu mövqe düzgün siyasət, gələcək perspektivi aydın müəyyənləşdirən strateji kurs və vaxtında ən optimal islahatlar keçirilməsi, müasir layihələr icra edilməsi nəticəsində qazanılıb. Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan yol infrastrukturunun inkişaf səviyyəsinə görə beynəlxalq təşkilatların tərtib etdiyi hesabatlarda ön sırada qərarlaşır. Prezident İlham Əliyevin imzaladığı növbəti Sərəncama əsasən, Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 660 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.
"Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil"
Ölkə regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq edilərkən qarşıya qoyulan başlıca hədəflər arasında yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması xüsusi yer tutub. "Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil" - deyən Azərbaycan Prezidenti buna nail olmaq məqsədilə yol qurğularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilməsinə diqqət ayırır.Prezident İlham Əliyev bölgələrə, demək olar ki, bütün səfərləri zamanı respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, hətta ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi ilə bağlı konkret tapşırıqlar verir. Bunun nəticəsi olaraq Lənkəran-Lerik, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma, Qəbələ-Ağdaş, Oğuz-Qəbələ, Quba-Qusar, Şəki-Qax, Ağstafa-Poylu-Gürcüstan sərhədi, Yevlax-Bərdə və digər avtomobil yolları yenidən qurulmuş, ölkədaxili yol infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf etmişdir.Bu gün ölkəmizdə avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə kompleks tədbirlər icra olunur. Bu baxımdan, yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri xüsusi əhəmiyyəti ilə seçilir. Görülən işlər ümumilikdə paytaxtımızın nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə töhfə verir.
“Bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir”
Qələbə ili olan 2020-ci ili yola salaraq bu gün 2021-ci ilə daha böyük nailiyyətlər əldə etmək üçün ilk gündən yenə də xalq-iqtidar birliyi ilə qarşıda duran vəzifələrin inkişafına başlanılıb. Məhz milli birliyimiz və dövlətimizin başçısının bu birlikdən güc alan müstəqil siyasəti qlobal maliyyə-iqtisadi böhranın ölkəmizə təsirini aradan qaldırmağa, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etməyə imkan verir. Ölkəmizin davamlı inkişafına, xalqımızın rifahının yüksəlişinə xidmət edən, sürətlə yeniləşən və müasirləşən avtomobil-yol təsərrüfatı da müstəqil dövlətçiliyimizin çox mühüm nailiyyətlərindəndir. Bu sahədə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı son on yeddi ildə möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirərək, dövrün tələblərinə, zamanın çağırışlarına uyğun olaraq daha da zənginləşdirib.
“Son 17 il ərzində 17 min kilometrdən çox avtomobil yolu tikilib, həm magistral yollar, həm kənd yolları, həm də şəhərlərarası yollar”
Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxış edərək bildirmişdir ki, bu sahəyə daima böyük diqqət göstərilir ki, bu gün realllıqlar göz önündədir: "Rəhbərlik edəcəyiniz sahələrə mən daim böyük diqqət göstərmişəm, bu gün də göstərirəm. Son illərdə bu sahələr uğurla inkişaf edib. Mən Prezident vəzifəsinə seçiləndə həm nəqliyyatda, həm də rabitə sahəsində vəziyyət bizi qane etmirdi. O vaxt yüksək texnologiyalardan, ümumiyyətlə, söhbət getmirdi, yollar bərbad vəziyyətdə idi, dəmir yolları infrastrukturu köhnəlmişdi, dəniz nəqliyyatı sahəsində hər hansı bir irəliləyiş yox idi, əksinə, bizim donanmamız böyük dərəcədə köhnəlmişdi. Bütövlükdə bu sahədə vəziyyət ürəkaçan deyildi. Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir", - deyən dövlət başçısı onu da bildirib ki, son 17 il ərzində 17 min kilometrdən çox avtomobil yolu tikilib: “Çünki yol olmayan yerdə inkişaf da olmur. Yol olmayan yerdə fermer öz məhsulunu bazara çatdıra bilmir”.
“Dəmir yolları olmayan yerdə heç bir tranzit imkanından söhbət gedə bilməz”
“Dəmir yolları olmayan yerdə heç bir tranzit imkanından söhbət gedə bilməz”,-deyən dövlət başçısı vurğulamışdır ki, ilk növbədə, ölkə daxilində infrastrukturu tamamilə yenidən qurduq, eyni zamanda, ölkəmiz üçün çox vacib olan və uzunmüddətli inkişaf strategiyamıza uyğun olan tranzit imkanları da yaratmışıq: “Son 17 il ərzində 17 min kilometrdən çox avtomobil yolu tikilib, həm magistral yollar, həm kənd yolları, həm də şəhərlərarası yollar. Bu proses bu gün də davam etdirilir. Eyni zamanda, azad edilmiş torpaqlarda da yol infrastrukturunun yaradılmasına bu il start verilmişdir. Biz bu işləri planlı şəkildə görəcəyik. Füzulidən Şuşa şəhərinə açılmış yeni yol onu göstərir ki, biz bu işləri faktiki olaraq ən qısa müddət ərzində görə bilirik”.Bir sözlə, ölkə Prezidenti İlham Əliyevin uğurlu islahatları, vaxtında qəbul etdiyi qərarları, qətiyyətli mövqeyi onu deməyə əsas verir ki, heç bir qüvvə ölkəmizin nüfuzunu sarsıda bilməz. Çünki dövlətimiz Ulu öndər ideologiyası və Onun qoyduğu siyasi xətt üzrə uğurla idarə olunmaqda və inkişaf etməkdədir. Dövlət başçımızın dediyi kimi: “Çünki yol rahatlıqdır, inkişafdır. Yol olan yerdə inkişaf da var. Yol həm sosialyönümlü layihədir, həm də iqtisadi layihədir. Ona görə də yol layihələri bundan sonra da uğurla icra ediləcək”.

sia.az

Digər xəbərlər