Gərək ki, biz o gün də, rusları gözləyən bədbin proqnozlarla bağlı danışmışdıq. Məsələn, bu gün Rusiya Federal Dövlət Statistika Xidməti ölkə əhalisinin 12 faizinin, yəni təxminən 18 milyon rusun yaşayışının minimum səviyyədə olduğunu bildirir. Xidmətin məlumatına görə, təxminən 10 ildir ki, rusların gəlirləri azalır və gələcək perspektivlər isə elə də ürəkaçan görünmür.
Bu günlərdə “Sberbank”ın rəhbəri German Qrefin Şərq İqtisadi Forumunda səsləndirdiyi proqnoza görə, qlobal karbon neytrallığı ssenarisi bu sürətlə inkişaf etməyə davam edərsə, 2035-ci ilə qədər Rusiya büdcəsi neft və qazdan gələn gəlirin 5 trilyon rublunu itirə bilər. Bu halda isə rusların gəlirləri daha 14 faiz azalacaq. 2050-ci ilə qədər isə vəziyyət daha da pisləşəcək.
Qrefin fikrincə, ənənəvi yanacağa olan qlobal tələbatın azalması Rusiya üçün bir-neçə risk daşıyır: ixracat gəlirlərinin azalması, ölkənin qlobal enerji sektorunda liderliyinin potensial itkisi, tək şəhər problemi, məşğulluğun azalması və büdcə gəlirlərinin itirilməsi. Maraqlıdır, görən rusları doğrudanmı belə bir bədbin gələcək gözləyir?
Onu da bildirək ki, Qrefin rus gələcəyi ilə bağlı proqnozlarını inkar edənlər olmasa da, amma ona tərəddüdlə yanaşanlar da var. Məsələn, Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr Araşdırma İnstitutunun aparıcı elmi işçisi Aleksey Portanski Qrefin proqnozlarını elə də real hesab etmir.
Bəli, Portanski təəssüflə də olsa son 10 ildə rusların gəlirlərinin ciddi şəkildə azaldığını etiraf edir. Amma, nə qədər maraqlı da olsa o bu azalmanı hər hansı bir enerji böhranı ilə deyil, hökumətin hərəkətsizliyi ilə əlaqələndirir.
Qeyd edək ki, rusiyalı elmi işçi bununla, yəni hökumətin hərəkətsizliyi ilə bağlı bəzi etiraflarda da bulunur. Bunlara istehlakın azalması, qidanın keyfiyyətinin pisləşməsi, əsas ehtiyaclar üçün vəsait çatışmazlığı daxildir ki, bu da ölkədə doğum nisbətinin azalması və ölümün artması ilə müşahidə edilməkdədir.
Yenə də Portanskiyə görə, dövlət bu mənfiliklərdən yalnız islahatlar yolu ilə çıxa bilər. Onun fikrincə, bu gün bunun üçün ən təsirli kömək, insanlara təkbaşına pul qazanmaq imkanı verməkdir. Yəni hakimiyyət kiçik və orta sahibkarlığın inkişafı üçün insanlara sərbəstlik verməlidir: “...doğrudur, bu məsələ Dmitri Medvedevin prezidentliyi dövründə müəyyən aktuallıq alsa da, amma mahiyyət etibarilə vəziyyət o vaxtdan heç də dəyişməyib. Ona görə də hesab edirəm ki, bu mövzuda elm adamları və mütəxəssisləri dinləmək lazımdır”. Bu da Portanskinin təklifidir.
Ağasəf Babayev
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...