İqtisadiyyat

  • 2 187

Sığorta müqaviləsi bağlanan zaman nələrə diqqət edilməlidir? - MÜSAHİBƏ

image

Azərbaycan Mərkəzi Bankının İstehlakçılarla iş departamentinin Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi şöbəsinin rəisi Murad Məmmədovun SİA-ya müsahibəsi

- Gələcəkdə hər hansı problemlə qarşılaşmamaq üçün vətəndaşlar tərəfindən sığorta müqaviləsi bağlanan zaman nələrə diqqət edilməlidir?
- Əvvəla sığorta müqaviləsi və sığorta qaydaları diqqətlə oxunmalıdır. Sonra sığortalanan predmet və sığortalı barəsində məlumatların düzgünlüyünə diqqət edilməlidir, Bundan başqa, sığorta risklərinə və sığorta risklərindən istisnalara diqqət edilməli, sığortalanan predmet barəsində sığortaçıya düzgün məlumat təqdim edilməli, sığorta müqaviləsindən irəli gələn hüquq və vəzifələrə diqqətlə yanaşılmalı, müqavilənin sizə aydın olmayan hissələri sığorta mütəxəssisi ilə aydınlaşdırılmalıdır.

- Sığorta şirkəti tərəfindən əmlak sığortası üzrə sığorta ödənişi hansı formada həyata keçirilir və sığorta ödənişi neçə günə verilməlidir?

- Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən əmlak sığortası üzrə faydalanan şəxsin sığorta hadisəsinin baş verdiyi zaman əmlakın etibarnaməli idarəçisi olduğu hal istisna olmaqla, zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalardan hər hansı birində həyata keçirilə bilər:
- zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi;
- sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi;
- sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası;
- sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi.

Əgər əmlak sığortası üzrə faydalanan şəxs sığorta hadisəsinin baş verdiyi zaman əmlakın etibarnamə əsasında idarə edən şəxs olmuşdursa, sığorta ödənişinin sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası və sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi formaları tətbiq edilir. Sığorta ödənişinin digər formaları əmlakın etibarnaməli idarəçisi olan faydalanan şəxs tərəfindən zərərin aradan qaldırılmasının nəticələri sığortaçıya təqdim olunduğu halda tətbiq edilir.

Beləliklə, sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakın təmiri və ya bərpası, yaxud da zərərin əvəzinin pul şəklində ödənilməsi barədə qərar sığortaçı tərəfindən qəbul edilir.

Qanunvericiliklə müəyyən edilmiş qaydaya əsasən ödənişin verilməsi üçün tələb olunan sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.

- Dəymiş zərərlə bağlı sığortaçının təklif etdiyi məbləğlə tərəflər arasında razılıq əldə olunmadıqda mübahisə necə tənzimlənir?
- Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi tərəflərin qarşılıqlı razılığı ilə Mərkəzi Bankın müəyyən etdiyi reyestrdən seçilmiş müstəqil ekspert tərəfindən aparılır. "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsinə müvafiq olaraq sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestri Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən aparılır. Bununla əlaqədar https://www.cbar.az/page-207/legal-entities-engaged-in-ancillary-insurance-and-independent-experts linkinə keçid etməklə Mərkəzi Bankın rəsmi saytına daxil olaraq hər hansı bir ekspertin bu reyestrə daxil olub-olmamasını müəyyən etmək mümkündür.
Müstəqil ekspert tərəfindən müəyyən edilmiş zərər məbləği ilə bağlı razılıq əldə olunmadıqda qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilə bilər.

- Vətəndaşlar Mərkəzi Banka hansı üsullarla müraciətlərini ünvanlaya bilərlər?
- Vətəndaşlar Mərkəzi Banka və ya onun vəzifəli şəxsinə şəxsən və ya qanuni nümayəndə vasitəsilə fərdi və ya kollektiv formada yazılı qaydada, qəbula yazılmaqla və telefon vasitəsilə müraciət edə bilərlər. Yazılı müraciətlərə Mərkəzi Bankın inzibati binalarının yerləşdiyi Bakı şəhəri, R.Behbudov küçəsi 90 və Bakı şəhəri, Bülbül prospekti 27 ünvanlarına poçt vasitəsilə kağız daşıyıcıda məktub ünvanlamaqla və elektron məktubla edilən müraciətlər aid edilir. Elektron müraciətlər vətəndaşlar tərəfindən Mərkəzi Bankın rəsmi internet saytına daxil olmaqla “Elektron müraciətlər sistemi” vasitəsilə təklif, ərizə və şikayətlər göndərilərək edilir. Mərkəzi Banka ünvanlanmış elektron müraciətin icrası barədə bildirişlər müraciət edən şəxsin qeyd etdiyi elektron poçtuna avtomatik qaydada göndərilir.

Mərkəzi Banka müraciət edilməsinin üsullarından biri də vətəndaşların Mərkəzi Bankın rəhbər şəxsləri və müvafiq struktur bölməsinin əməkdaşı tərəfindən qəbuludur. Mərkəzi Bankda vətəndaşların qəbulu üsullarından biri olan videoqəbul “Skype” proqramı vasitəsilə həyata keçirilir. Videoqəbulda iştirak etmək istəyən istehlakçılar Mərkəzi Banka rəsmi qaydada məktub ünvanlamaqla, Mərkəzi Bankın qaynar xəttinə zəng etməklə və “Whatsapp” nömrəsinə mesaj yazmaqla məlumat verə bilərlər.
Vətəndaşlar paralel olaraq telefon vasitəsilə də Mərkəzi Banka müraciətlərini ünvanlaya bilərlər. Bunun üçün vətəndaşlar Mərkəzi Bankın (+994 12) 966 Qaynar xətti və (+994 12) 493 50 58 şəhər nömrəsi ilə əlaqə saxlayaraq təklif, şikayət və sorğularını şifahi şəkildə ünvanlaya bilərlər.

- Sığorta sektoru üzrə Mərkəzi Bank tərəfindən istehlakçıların hüquqlarının qorunması ilə əlaqədar əlavə hansı addımlar atılmışdır?
- Müraciətlərin araşdırılması zamanı hüquq pozuntusu aşkarlandığı hallarda sığorta şirkətlərinə pozulmuş hüquqların bərpası məqsədi ilə icrası məcburi göstərişlər verilir. Müraciətlərin tənzimlənməsi zamanı normalar arasında ziddiyyət olduqda, hüquq boşluğuna rast gəldikdə sığorta sahəsində mövcud qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı təkliflərlə çıxış edilir.
İstehlakçıların maliyyə xidmətləri sahəsində qarşılaşdığı suallar və problemlər barəsində məlumat əldə etməsi, sorğu və şikayətlərini bildirməsi üçün əlçatanlığın təmin edilməsi məqsədi ilə respublika ərazisində fəaliyyət göstərən sığorta şirkətlərinə vətəndaşlarla rəsmiləşdirilmiş müqavilələrdə Mərkəzi Bankın “966” qaynar xəttinin qeyd olunması və həmin təşkilatlara onların inzibati binalarında (filial, nümayəndəliklər) “966” qaynar xətti barəsində vətəndaşların diqqətini cəlb edən yerlərdə məlumat lövhəsinin yerləşdirilməsinə dair tədbirlər həyata keçirilmiş və icrasına dair monitorinq aparılmışdır. Monitorinq nəticəsində “966” qaynar xətti barəsində məlumatın sığorta şirkətləri ilə vətəndaşlar arasında rəsmiləşdirilmiş müqavilələrdə qeyd olunması təmin edilmiş və müvafiq qeydiyyatın aparılması təsdiqini tapmışdır.
Bundan əlavə Mərkəzi Bankın rəsmi saytında Maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinə aid bölmədə “Ən çox verilən suallar-cavablar” yarımbölməsində sığorta sektoru ilə bağlıən çox verilən suallar cavablandırılmışdır. Müraciətlərin təhlili zamanı qarşılaşdığımız aktual məsələlərə dair maarifləndirici videoçarxlar hazırlanmışdır.
Qeyd olunanlarla yanaşı mövcud problemlərin aradan qaldırılması istiqamətində sığorta şirkətləri ilə görüşlər təşkil olunur və müzakirələr aparılır.

Digər xəbərlər