İqtisadiyyat

  • 681

“Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 2 pillə yaxşılaşdırıb” -Günay Quliyeva

image

"Kornell Universitetinin (ABŞ), INSEAD Biznes məktəbinin (Fransa) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə nəşri olan və bu il 132 ölkəni əhatə edən “Qlobal İnnovasiya İndeksi-2021” (Qİİ-2021) dərc edilib. İlk dəfə 2007-ci ildə nəşr olunan hesabat professor Sumitra Dutta tərəfindən yaradılıb. Qlobal İnnovasiya İndeksi (Qİİ) ölkələrin innovasiya qabiliyyətinə və müvəffəqiyyətinə görə illik reytinq sıralamasıdır. Qİİ hesabatı korporasiyalar və dövlət rəsmiləri tərəfindən ölkələri innovasiya səviyyələrinə görə müqayisə etmək üçün istifadə olunur". SİA xəbər verir ki, bunu açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin baş analitiki Günay Quliyeva deyib.

G.Quliyeva qeyd edib ki, Qİİ-2021 reytinqi innovasiya fəaliyyətinin potensialı, məhsuldarlığı və çərçivə şərtlərini əhatə edən 81 indikator əsasında tərtib olunub: "Qİİ-nin dərc olunmasında əsas məqsəd innovasiya fəaliyyətinin stimullaşdırılması mexanizmlərinin qiymətləndirilməsi imkanlarının yaradılmasıdır. Bu ilki hesabatda Azərbaycan ötən ilə (82-ci yer) nisbətən reytinqini yaxşılaşdıraraq 80-ci yerə qalxıb.

Ölkəmizin bu subindeks üzrə ən yaxşı nəticəsi “Daxili bazarın inkişafı” blokundan əldə edilib – 36-cı yer. Azərbaycan bu blokda “Kredit” istiqamətində 33-cü yeri tutur, həmin istiqamətə daxil olan “Kredit almağın asanlığı” göstəricisi üzrə bütün reytinq ölkələri arasında 1-ci yerdə, “Mikromaliyyələşdirmə kreditləri” göstəricisi üzrə isə 13-cü yerdə qərarlaşıb. “İnstitutlar” blokunun “Biznes-mühit” istiqaməti üzrə Azərbaycan 33-cü yerdə, “Biznesin başlanmasının asanlığı” göstəricisi üzrə isə 9-cu yerdədir".

Qeyd edək ki, “İnnovasiya nəticələri” subindeksi üzrə “Yaradıcı fəaliyyətin nəticələri” bloku üzrə Azərbaycan Gürcüstan (74), Belarusiya (93), Tacikistan (107), Qazaxıstan (110), Özbəkistan (113) və Qırğızıstanı (120) qabaqlayaraq, reytinqdə 67-cı yeri tutub. Bu subindeksdə əsasən əqli mülkiyyət obyektləri ilə müəyyənləşən “Qeyri-maddi aktivlər”in mühüm inteqral göstəricisi diqqəti cəlb edir. Bu göstərici üzrə Azərbaycan 2020-ci ildəki nəticəni (56-cı yer) 2 pillə yaxşılaşdıraraq 54-cü yeri tutub. Bu inteqral göstəricisində kifayət qədər yüksək yerləri əqli fəaliyyət göstəriciləri təşkil edib. Məsələn, sənaye nümunələri və ticarət markaları üzrə Azərbaycan reytinqdə 18-ci pillədən 11-ci pilləyə qalxıb.

Digər xəbərlər