“2022-ci ilin Azərbaycan Respublikasının dövlət büdcəsi ölkəmiz müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq müstəqillik tarixinin ilk böyük büdcəsi hesab edilir. Çünki biz əvvəlki illərə nisbətən həm büdcənin mədaxil hissəsinə, həm məxaric hissəsinə fikir versək, görərik ki, əvvəlki illərə nisbətən dövlət büdcəsinin artım templəri üzrə inkişaf etdiyinin şahidi oluruq”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə deyib.
Onun sözlərinə görə, 2022-ci ilin dövlət büdcəsinə qiymət verərkən hər şeydən öncə 2021-ci ildə Azərbaycan hökuməti tərəfindən aparılmış işlərə yüksək qiymət vermək lazımdır: “Çünki istər makroiqtisadi sabitliyin qorunması, istər fizikal dayanıqlığın təmin edilməsi, digər tərəfdən ölkədə sahibkarlara qarşı dövlətin birbaşa və dolayısı ilə ilk dəfə yardımların edilməsi, digər bir tərəfdən işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı 2021-ci ildə kifayət qədər işlərin görülməsi əslində 2022-ci ilin Azərbaycan Respublikasının dövlət büdcəsinin istər mədaxil, istər məxaric hissəsinin artan templərlə inkişaf etməsinin əsas maliyyə təminatını yaradıb. 2022-ci ilin Azərbaycan Respublikasının dövlət büdcəsini əvvəlki illərə nisbətən fərqləndirən əsas cəhətlərindən biri büdcənin mədaxil hissəsini planlaşdırarkən neft iqtisadiyyatından büdcəyə gələn vəsaitlərdir. Neft iqtisadiyyatından büdcəyə təxminən 1,6 milyard manat vəsait daxil olacaq ki, bu da vergidən, gömrükdən, dövlət rüsumlarından və özəlləşmədən büdcənin mədaxil hissəsini təşkil edəcək. Əsas mühüm cəhətlərdən biri isə bu artan rəqəmlər verginin artırılması, rüsumların artırılması ilə yox, yeni vergi mənbələri hesabınadır. Dövlət büdcəsinin məxaric hissəsinə baxdıqda isə görürük ki, 2021-ci ilin dövlət büdcəsindən kifayət qədər fərqlənir”.
Mahir Abbaszadə fikirlərinə davam edərək həmçinin qeyd edib ki, əsas məsələlərdən biri isə səhiyyə xərcləri artırılarkən burada təxminən 300 milyon manata yaxın koronavirus pandemiyasına qarşı ölkədə aparılan mübarizə tədbirləri və bunun içərisində isə ölkə əhalisinin peyvəndlənməsi ilə bağlı məsələlərə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur: “Digər bir tərəfdən biz işğaldan azad olan ərazilərin bərpası ilə bağlı məsələlərə fikir versək, görərik ki, 2021-ci ildə Azərbaycan dövləti tərəfindən bu ərazilərdə infrastrukturun qurulması ilə bağlı kifayət qədər işlər görülüb. Ağdamda və Cəbrayılda iqtisadi, sənaye parkının açılışı, Füzulidə beynəlxalq hava limanının açılışı, Şuşaya zəfər yolunun çəkilməsi və bu il dövlət büdcəsinə 2,2 milyard manat vəsaitin yenə bu ərazilərə ayrılması burada həm də infrastrukturun qurulmasını təşkil edəcək. Digər bir məsələ isə biz 2021-2022-ci ilin dövlət büdcəsində neftin bir barel satışını 40 dollara götürmüşdük. Bu il isə neftin bir barel qiymətini 50 dollara götürdük. Bu da dünya iqtisadçılarının hesablamalarına görə, dünya bazarında neftin qiyməti təxminən 65-75 dollar olacaq. Bu da bir tərəfdən dövlət büdcəsinin qarşısında duran məsələləri icra edilməsini təmin edəcək, başqa bir tərəfdən isə ölkənin valyuta ehtiyatlarının artırılmasını təmin edəcək”.
Arzu Qurbanzadə
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...