PDF Oxu

İqtisadiyyat

  • 3 941

Qərbin Rusiyaya qarşı sanksiyaları NİYƏ effektsizdir? - ANALİZ

Qərbin Rusiyaya qarşı sanksiyaları NİYƏ effektsizdir? - ANALİZ

Amerika Birləşmiş Ştatları Rusiyanın Sberbank və Alfa-Bankının aktivlərini dondurmaq qərarına gəlib. Bundan sonra Amerika şirkətləri və fiziki şəxslər bu bankların xidmətindən istifadə edə bilməyəcəklər. Bir istisna var, o da enerji ilə bağlı əməliyyatlardır. Böyük Britaniyada da oxşar addımlar atılıb, London Sberbank və MKB-yə məhdudiyyətlər tətbiq edib. Bundan əlavə, ABŞ Senatı Rusiya ilə münasibətləri kəsmək və neft idxalını qadağan edən qanun layihəsinə baxmağı planlaşdırır. Avropa İttifaqı hələ də öz tədbirlər kompleksini müzakirə edir.

Reuters agentliyinin məlumatına görə, Avropa Rusiyadan kömür idxalına tam qadağa qoyulmasını avqustun ortalarına qədər təxirə salıb. Dünya mətbuatının yazdığına görə, nə NATO-da, nə də Avropa İttifaqında Rusiyaya təzyiqlərin artırılması məsələsində konsensus yoxdur.

Ukraynada müharibə “uzun və ağrılı” olacaq

“The New York Times” yazır ki, NATO üzvlərinin belə gözləntiləri var. Baltikyanı ölkələr və Polşa “Rusiyanı diz çökdürmək” üçün Moskva ilə münasibətlərin tamamilə kəsilməsini, həmçinin növbəti sanksiyaların tətbiqini tələb edir. Öz növbəsində Fransa, Almaniya və Türkiyə Rusiya prezidenti Vladimir Putin və Rusiya hakimiyyəti ilə əlaqələri davam etdirmək niyyətindədir. Onlar Moskvanın asanlıqla dayandırıla biləcəyinə şübhə edirlər.
Artıq Avropa Parlamentinin platformasında olan fikir ayrılıqları barədə dünya mətbuatı da yazır. Reuters xəbər verir ki, sanksiyaların təzyiq imkanları azalır və sərt məhdudiyyətlər Qərbi Avropanı da tənəzzülə aparır. Buna baxmayaraq, ABŞ Atlantik okeanı boyunca tərəfdaşlarını – Böyük Britaniya, Fransa, Belçika, İspaniya və digər Avropa dövlətlərini yeni addımlar atmağa təhrik edir.

ABŞ-ın dövlət katibi Antoni Blinken Belçikanın paytaxtı Brüssel şəhərində Avstraliyanın xarici işlər naziri Marise Payne, onun müşaviri Mikaela James, ABŞ Dövlət Departamentinin müşaviri Derek Chollet və ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price ilə görüşüb. Buça şəhərində öldürülən ukraynalıların dəhşətli görüntülərinə cavab olaraq Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasının vacibliyi deyilərkən aydın olub ki, indi ən asan variantlar tükənib və növbəti addımlar üçün müttəfiqlər arasında kəskin fikir ayrılıqları yaranıb.

Avropa İttifaqı fevral ayında Ukraynaya müdaxiləsinə cavab olaraq Rusiyanın enerji sektorunu məhdudlaşdırmaq üçün ilk addımları təklif edib və Rusiya kömürünün idxalını qadağan edib. Lakin Aİ ölkələri iqtisadi maraqları naminə Rusiya nefti və qazının idxalını məhdudlaşdırmağı ertələyiblər. Birləşmiş Ştatlar və G7 üzvləri Rusiyanın hökumət rəsmiləri və onların ailə üzvlərinin vəsaitlərini dondurmaq məqsədi ilə həmin pulların saxlandığı Sberbanka qarşı yeni sanksiyalar tətbiq ediblər. Öncə həmin bankı ABŞ dollarına əsaslanan maliyyə sistemindən kənarlaşdırıblar. ABŞ həmçinin amerikalılara Rusiyaya yeni sərmayə qoymağı qadağan edib və Moskvaya ABŞ banklarındakı pullarla dövlət borcu olanlara ödəniş etməyi qadağan edib.Çərşənbə günü Rusiyanın ciddi şəkildə məhdudlaşdırılmış rublu altı həftənin ən yüksək səviyyəsinə qalxsa da, ABŞ Xəzinədarlığı rəsmilərinin məlumatına görə, sanksiyalar Rusiyanı yenidən sərt, 1980-ci illərin sovet tipli qapalı iqtisadiyyatına çevirməyə başlayır. Lakin ABŞ-ın sanksiyalarında Rusiyaya enerji ixracından gəlir toplamaqda davam etməyə imkan verən çatışmazlıqlar var. Bu da onun Ukraynaya qarşı hərbi əməliyyatları gücləndirməyə kömək edə bilər. ABŞ-ın maliyyə naziri Janet Yellen çərşənbə günü ABŞ Konqresində çıxışı zamanı deyib ki, Avropadakı müttəfiqləri Rusiya neft və qazından o qədər asılıdırlar ki, sanksiyaların tam gücü ilə tətbiqi hələlik mümkün deyil.

Beynəlxalq Enerji Agentliyinin hesabatında maraqlı faktlar üzə çıxıb. Məlum olub ki, gündə 400 milyon dollardan çox təbii qaz istehlak edən Avropa İttifaqının ehtiyaclarının təxminən 40%-ni Rusiya təmin edir. Aİ neft idxalının üçdə birini Rusiyadan alır, yəni gündə təxminən 700 milyon dollarlıq.

Avropadakı parçalanmalar ötən həftə daha qabarıq şəkildə özünü büruzə verib. Şənbə günü Litvanın daxili istehlak üçün Rusiya qazının idxalını dayandıracağını elan etməsindən sonra Avstriyanın maliyyə naziri Maqnus Brunner Lüksemburqda jurnalistlərə deyib ki, Rusiya nefti və qazına qarşı sanksiyalar Rusiyadan çox Avstriyaya zərər verəcək.

Növbəti addımlar

ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət Ofisinin keçmiş işçisi Daniel Tannebaum bildirib ki, enerji idxalının məhdudlaşdırılmasında birliyin olmaması o deməkdir ki, təzyiqi daha da artırmaq məhdudiyyəti yaranıb, investisiya qadağası daha çox transmilli firmaları Rusiyanı tərk etməyə sövq edir. Tannebaum əlavə edib ki, daha çox sənayedə ticarəti qadağan etmək olar, bu, rusları əczaçılıqda olduğu kimi daha çox Qərb məhsullarından məhrum edəcək.

Amerika Birləşmiş Ştatları da sanksiyalar məsələsində fikir birliyinə sadiq deyil. Prezident Bayden Rusiya prezidenti Vladimir Putinlə əlaqələri tam olaraq pozmağa can atmır, digər tərəfdən Avropadakı müttəfiqlərini Rusiyaya daha çox zərbə vurmağa sövq edir. Brüsseldə aprelin 6-da keçirilən sanksiya danışıqlarında iştirak edən bir avropalı diplomatın sözlərinə görə, Almaniya və Fransa şirkətlərinin Rusiya ilə davamlı ticarətləri və rus oliqarxlarının lüks yaxtalarını və digər aktivlərini ələ keçirmək kimi hələ də qapanmalı boşluqlar var. Eyni zamanda, bu gün Amerika Konqresinin yuxarı palatası Rusiya ilə ticarət əlaqələrini kəsmək və neft idxalını qadağan edən qanunlar qəbul etmək niyyətindədir. Associated Press Senatdakı mənbəyə istinadən xəbər verir ki, qanun layihələrini demək olar ki, bir aya yaxındır müzakirə edirlər, lakin yekun qərar hələ də qəbul edilməyib. Bir çox parlamentarilər belə bir gecikmədən qəzəbləniblər. Bəziləri, məsələn, demokrat Ben Kardin qeyd edir ki, Rusiya mallarının ABŞ-a idxalı indi faktiki olaraq dayanıb. Senat çoxluğunun lideri Çak Şumer çərşənbə axşamı bildirib ki, Senat Rusiya ilə normal ticarət əlaqələrini dayandırmaq və onun neftinin idxalını qadağan etmək üçün qanun layihəsini cümə axşamı qəbul edəcək.

Hər iki qanun layihəsi Senatda batmış vəziyyətdə qalıb və Ukrayna müharibəsinin daha təhlükəli mərhələyə qədəm qoyması ABŞ qanunvericilərini məyus edib. Konqresmenlər hansı addım atacaqlarını müəyyənləşdirməkdə çətinlik çəkirlər. Sabah bunun cavabı verilməlidir. Bu məsuliyyət Senat üzvləri arasında ikitirəlik yaradıb. Nümayəndələr Palatası prezident Co Baydenin Rusiyadan idxal olunan mallara yüksək vergi tətbiq edən sənədi imzalayandan sonar bir çox şirkətlər əsl cəhənnəm əzabı şəkirlər. İndi bazar tapmaq da, tərəfdaş toplamaq da çətindir. Ona görə də məhdudiyyətlər səbəbindən sıxıntı yaşayan şirkətlər əlavə kompensasiyalar almaq üçün yuxarılara təzyiqlərini artırıblar. ABŞ prezideninin Administrasiyası artıq bu təzyiqləri bilavasitə öz üzərində hiss etməyə başlayıb.

Martın ortalarında Nümayəndələr Palatasının məlum səsverməsi Ukrayna prezidenti Vladimir Zelenskinin Konqresdə virtual çıxışında “Rusiya hərbi maşını dayanana qədər hər həftə daim yeni sanksiyalar paketinə ehtiyac duyulur” deməsindən bir gün sonra baş tutub. İndianadan olan respublikaçı, Ukrayna əsilli ABŞ nümayəndəsi Viktoriya Sparts qanun layihəsi hazırlanarkən deyib: “Onlar sadəcə olaraq bir dəstə insanı öldürə, şəhərləri dağıda, qadın və uşaqları öldürə, sonra isə geri qayıdıb həmişəki kimi iş görə bilməzlər” deyib. Nümayəndələr Palatasından məsələyə diqqətlə yanaşma istəyib.

Ukraynada dinc əhalinin işgəncələrə məruz qalması və öldürülməsi, Kiyev ətrafında küçələrin cəsədlərlə dolu olması ilə bağlı xəbərlər bu həftə bəzi Senat üzvlərində haqlı sual doğurur, niyə qanun layihəsi hazırlanmır, buna səbəb nədir, nəyi gözləyirlər?

Nümayəndələr Palatası da təxminən bir ay əvvəl neft qadağasını qəbul etdi. Qanun layihəsi Baydenin imzası ilə Rusiya neftinə artıq tətbiq olunan məhdudiyyətləri kodlaşdıracaq. Senatda gedən müzakirələrdə bir daha vurğulanıb ki, Putin Ukraynaya qarşı etdiyi cinayətlərə görə cavab verməlidir, Putinin həmçinin soyqırımında günahkardır. "Rusiya ilə normal ticarət əlaqələrini rəsmi olaraq ləğv etmək Senat üçün ən doğru şeydir, çünki bu, Putinin iqtisadiyyatına daha bir böyük zərbə vuracaq", - senator Şumer deyib. Əlavə edib ki, bu, Putinin günahsız mülki şəxslərə qarşı vəhşi hücumlarına görə cavabdehlik daşıması üçündür.

V.VƏLİYEV

Digər xəbərlər