Dünyada enerjiyə tələbat artdıqca vəziyyət gərginləşir. Beynəlxalq Enerji Agentliyinin dünyada enerji istifadəsinə dair statistikasına görə, 2030-cu ilədək dünyada enerjiyə olan tələbat 53% artacaq.
Sürətli istismar nəticəsində dünyada neft, qaz, kömür və s bu kimi ənənəvi enerji ehtiyatları tükənmək üzrədir. Hətta, bunun 2050-ci ilədək baş verəcəyi haqda ciddi elmi proqnozlar var. Mütəxəssisin qənaətincə, bu kimi proqnozlar yaxın gələcəkdə ənənəvi enerji mənbələrinə təzyiqin necə artacağını və resursların kifayət etməyəcəyini göstərməklə yanaşı, həm də alternativ enerjinin vacibliyini və perspektivini göstərir.
Məhz bu üzdən inkişaf etmiş dövlətlər alternativ enerji mənbələrindən istifadəni artırmaqla ənənəvi enerji mənbələrindən asılılığı azaltmağa çalışırlar. Hazırda dünyada istehsal olunan enerjinin yalnız 13 faizi alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür. Bu enerjinin 80 faizi biokütlənin, 16 faizi suyun, 3 faizi geotermal, 1 faizi isə günəş və külək enerjisinin payına düşür.
Ekoloqların və fiziklərin hesablamalarına görə isə, bu göstərici mövcud potensialla müqayisədə çox aşağıdır, çünki alternativ enerji mənbələri bütün bəşəriyyəti əbədi olaraq istənilən qədər enerji ilə təmin etmək qüdrətindədir.
Elmi araşdırmalar göstərir ki, Azərbaycanda günəş, külək, termal sular və s. təbii enerji resurları başqa ölkələrdən yüksəkdir. Külək enerji resurslarına görə, dünyada bəlkə də birinciyik. Hətta, bu sahədə liderlik edən Almaniyada belə küləyin gücü ölkəmizdə olan qədər deyil.
Günəş enerjisi sarıdan da şanslı ölkəyik. Azərbaycanda ildə 300 günəşli və 270 küləkli günün olmasını nəzərə alsaq demək olar ki, bu regionda külək və günəş energetikasının inkişafı çox perspektivlidir.
Biokütlə və geotermal enerjisi üçün də böyük mənbələr var. Hökumət bu potensialdan yararlanmaq üçün bir sıra vacib işlər həyata keçirib. Abşeronda və bəzi digər ərazilərdə külək və günəş enerjisi qurğuları quraşdırılıb. Sumqayıtda günəş batareyaları istehsal edən zavodun tikintisi artıq başa çatıb və zavod öz məhsullarını istehsal edir. Bəzi dağ kəndlərində pilot layihə çərçivəsində bir neçə bioqaz qurğusu da quraşdırıb.
Bundan başqa, bir sıra binaların, turist mərkəzlərinin və sair obyektlərin günəş və ya külək enerjisi ilə təminatı pilot layihələr həyata keçirilib. Kiçik SES-lərin tikintisi davam edir. Balaxanıdakı məişət tullantılarını emal edən zavod da bura aid edilə bilər. Bu kimi digər işlər də həyata keçirilib. Lakin bu işləri hələ ki, qənaətbəxş saymaq olmaz, çünki bu sahədə potensialın milyardda biri belə istifadə olunmur.
Enerji sektorunun diversifikasiyası ilə bağlı hökumətin elan etdiyi əsas məqsəd Azərbaycanda enerji tələbatının ümumi həcmində alternativ enerjinin səviyyəsini sürətlə yüksəltməkdir. Böyük resurslarımız var, amma bu sahənin sürətli inkişafı üçün yeni texnologiyalara, mütəxəssislərə, ən əsası dövlətin güclü dəstəyinə ehtiyac var. Neft istehsalının getdikcə azalması göstərir ki, çox da uzaq olmayan gələcəkdə Azərbaycan hətta öz enerjiyə olan tələbatını ödəməkdə çətinlik çəkə bilər.

Ona görə də, dövlət səviyyəsində bu istiqamətdə görülən işlər daha da sürətləndirilməli, bu sahə iqtisadiyyatın diversifikasıyası kontekstindən nəzərdən keçirilməli, neft sektoruna alternativ sahələrdən biri kimi inkişlaf etdirilməlidir.
Hökumətin diversifikasiya proqramında qeyri-neft sektorunda inkişafına xüsusi diqqət yetiriləcək və yardım göstəriləcək sahələrindən biri də alternativ enerji sektoru ola bilər. Yuxarıda dediyimiz kimi bu sahədə Azərbaycanda yüksək təbii potensial var. Ən əsası bu sahə digərləri kimi tükənən xammala əsaslanmır, daimi, tükənməz ehtiyatlardan istifadəni ehtiva edir. Üstəlik, bu ekologiyaya zərər vurmayan, təbiəti qoruyan, əlavə istehsal vasitələri, hər il yeni xərclər tələb etməyən sahədir.
Bunu nəzərə alsaq, klaster yanaşma üzrə seçiləcək əsas sahələdən biri də alternativ enerji sektoru olmalıdır. Bunun üçün bu sahədə özəl şirkətlərin fəaliyyəti stimullaşdırılmalı, onlara müəyyən müddətə vergi güzəştləri edilməlidir. Bundan başqa, xarici fondlarda 1 faizlə gəlirliliklə saxlanan maliyyə ehtiyatlarımızdan kiçik bir hissəni bu sahəyə investisiya və kredit şəkilində yönəltməklə qısa müddətdə ciddi nəticələr əldə etmək olar.
Enerjinin daimi bazarı var, hətta biz elektrik enerjisi şəklində sata bilməsək belə, ölkədə daxili neft-qaz istehlakını azalda bilər, enerjiyə olan tələbatın böyük bir hissəsini öz alternativ enerjimizlə ödəyərək, qalan nefti və qazı da xaricə baha qiymətə sata bilərik.
Göründüyü kimi, bu, olduqca strateji və əvəzedilməz, daimi işləyəcək və xeyir verəcək bir sahədir. Düzdür, ilk vaxtlarda müəyyən çətinliklər yaranır və yaranacaq, lakin biz strateji qitisadi inkişaf sistemi yaratmağa məcburuq. Unutmaq lazım deyil ki, tükənən resurslara dayanan iqtisadiyyat gələcək üçün böyük təhlükə yaradacaq. Nə qədər ki gec deyil, bu barədə daha ciddi düşünməliyik.
Bu sahədə özəl şirkətlərin və vətəndaşların da fəal iştirakı daha effektli olardı. Hər şeyi dövlətdən gözləmək olmaz. Dövlət sadəcə bunun üçün lazımi şərait yarada bilər və bu məsələnin daha bir tərəfini təmin edə bilər. Belə ki, alternativ enerji istehsal şəxslərin öz ehtiyaclarından artıq istehsal etdikləri enerjinin artıq qalan hissəsinin sata bilməsi imkanı təmin olunmalıdır. Bu addım bu sahənin inkişafına ciddi təkan verə bilər. Dövlətin enerji təminatı öhdəliyi azalar və artıq qalan enerji resurslarını ixrac edib xeyli valyuta qazana bilər. Hər bir halda bərpaolunan enerji gələcəyin qarantıdır. Bu istiqamətdə işləri sürətləndirmək lazımdır.
Elçin Bayramlı
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...