İqtisadiyyat

  • 2 763

Dünyada elektromobil satışı 75% artıb

image

2022-ci ilin birinci rübündə elektromobillərin qlobal satışı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 75% çox olub. Bu müddət ərzində ümumilikdə 2 milyona yaxın elektromobil satılıb. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Energetika Agentliyinin (IEA) icmalında deyilir.

Agentlikdən vurğulanıb ki, satışın artımı həmçinin sahənin inkişafı üçün dövlət subsidiyalarının artması ilə bağlıdır. Belə ki, 2021-ci ildə maliyyələşmənin həcmi 30 milyard ABŞ dollarına yüksəlib. Eyni zamanda, getdikcə daha çox ölkə daxili yanma mühərriklərindən uzaqlaşdıqlarını elan edib və ya yaxın onilliklər üçün nəqliyyatın elektrikləşdirilməsi ilə bağlı öz planlarını təqdim edib. Nəhayət, 2021-ci ildə 2015-ci illə müqayisədə beş dəfə çox elektromobil təqdim olunub və indi bazarda onlar 450 modelə çatır.

2021-ci ildə elektrik avtomobillərinin satışındakı artımın təxminən 50 faizini Çin təmin edib, 2022-ci ildə isə bu tendensiya qorunmaqdadır. Belə ki, bu ilin ilk üç ayı ərzində Çində bu tip avtomobillərin satışı iki dəfədən çox artıb. ABŞ-da bu göstərici 60, Avropada isə 25 faiz təşkil edib. Eyni zamanda, inkişaf etməkdə olan ölkələrdə elektromobillər əhalinin bir çox kateqoriyası üçün əlçatmaz olaraq qalır. Məsələn, Braziliya, Hindistan və İndoneziyada elektrik avtomobilləri bütün avtomobil satışının cəmi 0,5%-ni təşkil edir.

Digər xəbərlər