İqtisadiyyat

  • 3 006

Qlobal taxıl böhranı kəskinləşir: Azərbaycan üçün təhlükə varmı? - ANALİZ

image

Taxıl Şurasının (IGC) taxıl bazarı üzrə keçən ilin sonunda verdiyi proqnozlarına görə qlobal buğda istehsalının 2021/2022 məhsul mövsümündə əvvəlki mövsümə nisbətən 0,5 faiz artaraq 777 milyon ton olacağı gözlənilirdi. Lakin son təhlillər göstərdi ki, əksinə bu mövsüm qlobal istehsalda azalma olacaq.

Bunun əsas səbəbi dünyada müşahidə olunan quraqlıqdır. Ötən il ərzində ABŞ, Kanada və Rusiyada müşahidə olunan quraqlıq və yüksək temperatur buğda istehsalına ciddi şəkildə təsir edib. Məsələn, ABŞ-da quraqlıq və yüksək temperatur 2021-ci ildə yazlıq buğda məhsulunun 40 faiz azalmasına səbəb olub.

İlin əvvəlində Ukraynada başlayan müharibə də vəziyyəti daha da çətinləşdirdi. Nəticədə iri taxıl istehsalçıları taxıl ixracını məhdudlaşdırdılar və özlərində daha çox taxıl ehtiyatı yaratrmağa başladılar. Məlum olduğu kimi, təkcə ən böyük istehsalçı olan Çin dünya taxıl ehtiyatının 50 faizini depolayıb və satmaqdan imtina edir. Ən böyük ixracatçı olan Rusiya isə taxılın ixrac rüsumlarını yüksəldib və ixracı məhdudlaşdırıb. 3 böyük taxıl istehsalçısından biri olan Hindistan isə quraqlıq səbəbindən daha az taxıl istehsal edə bildi ki, bu da onun öz böyük tələbatından onsuz da az qalan hissəsini ixrac etməyə imkan vermir. Digər taxıl istehsalçıları da satışı azaltdılar, özlərində daha çox ehtiyat formalaşdırmağa başladılar. Belə vəziyyətdə bir çox ölkələr mümkün mənbələrdən daha çox taxl alıb depolamağa başladılar. Nəticədə taxıl bazarında ajiotaj böyüdü və taxılın qiyməti durmadan artmaqda davam edir.

Beləliklə, taxıl istehsalının azalması ilə yanaşı son illərdə taxılın istifadə həcmi də artıb. Belə ki, çinlilər taxıldan daha çox istifadə etməyə başlayıblar ki, bu da qlobal istehlakı kəskin artırıb.

Buğda istehsalı artıq daha vacib hala gəlib. Hazırda dünya üzrə əsas buğda istehsalçıları Çin, Hindistan, Rusiya, ABŞ və Fransadır. Qlobal buğda istehsalının təxminən 52 faizi məhz bu ölkələrin payına düşür. Buğda istehsalı son illərdə artsa da, tələbat da çoxadığından buğdanın qiyməti artmağa başlamışdı.

2021-ci ilin əvvəlində buğdanın 1 tonunun orta qiyməti 275 ABŞ dolları olduğu halda, artıq ilin sonuna yaxın qiymət 12 faiz artaraq 308 ABŞ dolları olmuşdu. Hazırda isə bu qiymət 450 dollar cıvarındadır.

Qlobal taxıl ehtiyatının cəmi 2 aylıq olması vəziyyəti gərginləşdirir, lakin bir çox ölkələrdə taxıl biçininin başlaması ocağın üzərinə bir qədər su tökə bilər. Lakin bu il dünyada quraqlıq və istiləşmə səbəbindən daha az məhsul götürələcəyi gözlənilir ki, bu da arxayınlığa imkan vermir.

Azərbaycanda buğda ərzaq təhlükəsizliyini təmin etmək üçün əsas kənd təsərrüfatı məhsulu hesab edilir. Məhz bu səbəbdən, əkin strukturunda buğda xüsusi çəkiyə malikdir. Belə ki, 2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib ki, bu da ümumi əkin sahəsinin təxminən 40 faizinə bərabərdir. Ölkə üzrə buğda istehsalı isə 2021-ci il üzrə 1,9 milyon ton təşkil edib.

Azərbaycanın illik buğda tələbatı təxminən 3,5 milyon tondur. Ölkə ərzaq buğdası ilə özünü təmin etmə səviyyəsi 57 faizdir, bu da onu deməyə əsas verir ki, daxili təlabatın əhəmiyyətli bir hissəsi idxal hesabına ödənilir.

Ümumilikdə isə son illər ərzində idxal olunan buğdanın 80 faizdən çox hissəsini Azərbaycan Rusiyadan idxal edir. Keçən il 331 milyon dollarlıq ümumi taxıl idxal olunub ki, onun da 318 milyonu Rusiyadan idxal olunub. Rusiyadan gələn taxılın da 98 faizi ərzaqlıq taxıldır.

Rusiya ilə starteji müttəfiqlik sazışımız olduğuna görə, Azərbaycanın taxıl idxalının həcmində problem olmayacağını deyə bilərik. Lakin bunu taxılın qiyməti haqda deyə bilmərik. Ərzaq buğdasının baha alınması hökumətin un və çörək məmulatlarında qiymət artımına imkan verməsinə gətirib çıxara bilər.

Üstəlik, məsələ təkcə çörəklə bağlı da deyil. Taxıl heyvandarlıqda, quşçuluqda geniş istifadə olunur ki, bu da ət və süd məhsullarının maya dəyhərinin artmasına və qiymətlərinin bahalaşmasınma səbəb ola bilər. Bun a görə də, hökumət aqrar sektora diqqəti və dəstəyi artırmalı, ərzaq istehsalının maskimum artırılması üçün bütün mümkün imkanlardan istifadə etməlidir.

Qlobal qida böhranının başlaması fonunda ölkənin ərzaq istehsalı, xüsusən də ərzaqlıq taxıl istehsalı son dərəcə vacib əhəmiyyət kəsb edir. Bu məqsədlə kənd təsərrüfatı məhsulları istehsalçılarına müxtəlif dövlət dəstəyi tədbirləri həyata keçirilir. 2021-ci il ərzində buğda əkinlərinin hər hektarına verilən subsidiya buğda əkininin maya dəyərinin təxminən 35-40 faizinə bərabər olub. 2022-ci ildən isə hektara subsidiyanın məbləği artaraq 240 manat təşkil edir.

Bundan əlavə, buğda istehsalçılarına suvarma suyu subsidiyalaşmış qiymətlərlə təklif olunur. Fermerlərlə yanaşı un istehsalı ilə məşğul olanlar da ötən il ərzində dövlət tərəfindən ayrılan subsidiyalardan faydalanıblar. Belə ki, 2021-ci ilin fevral-sentyabr aylarında un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə 35 manat məbləğində subsidiya verilib. Gübrələrin verilməsi də dövlət tərəfindən subsidiyalaşdırılıb.

Bundan əlavə, ölkədə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2024-cü ilin yanvarın 1-nə qədər ƏDV-dən azad edilib ki, bu da unun maya dəyərinin aşağı olmasına xidmət edir.

Bununla belə Azərbaycanda ərzaqlıq buğda idxalından asılılığın yüksəl olması nəticəsində buğda və ondan alınan məhsulların, xüsusilə də, un və un məmulatlarının qiymətləri xarici bazarlardan asılıdır. Rusiyanın buğda ixracını tənzimləmək üçün ixracının əngəlləməsi, digər taxıl ixracatçılarınında ixracı azaltması və qiymətin artması Azərbaycan bazarına təsirsiz ötüşə bilməz. Nəzərə alsaq ki, Azərbaycanda əhalinin qida rasionunda xüsusi çəkisi olan çörək və digər un məmulatlarının hazırlanması üçün buğda unu əsas xammaldır, o halda bunun ərzaq təhlükəsizliyi cəhətdən necə bir təhlükə olduğu aydın olur. Azərbaycanda un istehlakı 2020-ci ildə adam başına orta hesabla 85 kiloqram olub ki, bu da buğda istehsal edən ölkələrlə müqayisədə yüksək göstəricidir. Belə ki, inkişaf etmiş ölkələrdə adambaşına un istehlakı il ərzində 60 kiloqram civarındadır.

Azərbaycanın taxıl, xüsusən də buğda istehsalının artırması üçün potensial imkanları var. İİşğaldan azad edilmiş rayonlarda buğda əkini üçün böyük potensial mövcuddur. 1990-cı ilə qədər bu bölgədə stehsal edilən taxıl isə ölkənin ümumi istehsalının 15 faizini təşkil edirdi. Bunları nəzərə alaraq, demək olar ki, işğaldan azad edilmiş ərazilərdə əkinə yararlı torpaqların əkin dövriyyəsinə qaytarılması ölkənin buğda ilə özünü təminetmə səviyyəsini mövcud 57 faizdən 65 faizə qədər artıra bilər. Digər regionlarında imkanlarınsan istifadə edilsə, taxıl tələbatının 75 faizini yerli istehsal hesabına ödəmək imkanları var.

Qlobal qida böhranı qızışır, qitlıq və bahalaşmanın davam edəcəyi şübhəsizdir. Biz hələlik ərzaq təhlükəsizliyimizi tam təmin edə bilmirik və idxaldan asılılığımız 50 faizə yaxındır. Bu səbəbdən də, aqrar sektorda sürətli və genişmiqyaslı proqramların həyata keçirilməsi, dövlət dəstəyinin maksimum artırılması vacibdir.

Elçin Bayramlı

Digər xəbərlər