Kazan görüşünə ümidlər var
- Elşad müəllim, prezidentlərin iyunun 25-də Kazan şəhərində keçiriləcək görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ümidli nəticələr əldə etmək gözləntiləri nələrdən ibarətdir?
- Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayının 25-də Kazan şəhərində keçiriləcək görüşü Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesindəki durğunluğun aradan qaldırılmasına imkanlar yarada bilər. Nəzərinizə çatdırım ki, beynəlxalq ictimaiyyətin bu məsələ ilə bağlı mövqelərində də müəyyən dəyişiklik müşahidə edilməkdədir. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin, rəhbərlərinin Dovil bəyanatı da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına müəyyən ümidlər yaradır. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dilindən səslənən fikirlər də bu məsələnin süqut nöqtəsindən tərpənməsinə bir işarə edir. Burada ATƏT-in Minsk Qrupunun həmsədrləri qeyd etmişdilər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı qəti addımların atılmasının vaxtıdır. Yəni, status-kvonu dəyişməyin vaxtıdır. Bu cür durğun vəziyyət belə davam edə bilməz. Ona görə də, hesab edirəm ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iyunun 25-də Kazan şəhərində keçiriləcək görüşündə tərəflərin mövqelərinin yaxınlaşması istiqamətində nələrsə gözləmək mümkün olacaqdır.
- ABŞ, Rusiya və Fransa prezidentlərinin Dovil bəyanatından Serj Sarkisyanın nəticə çıxarması nə dərəcədə mümkündür?
- İşğalçı ölkə olan Ermənistan bu məsələdən nəticə çıxarmalıdır. Yəni, həmin bəyanatın mahiyyəti ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün artıq qəti bir addım atılmalıdır. Təbii ki, ABŞ, Rusiya və Fransa prezidentlərinin Dovil bəyanatından Ermənistan nəticə çıxarmalıdır. Azərbaycan hər zaman sülh yolu ilə danışıqlar aparmağa hazırdır. Bildiyiniz kimi, sonuncu yenilənmiş "Madrid" prinsiplərində Azərbaycan tərəfi qəbul etdiyi halda, Ermənistan, bununla bağlı, bu günə kimi öz mövqeyini bildirməmişdir. Yəni, burada tərəflərin nəticə çıxarması üçün, konkret olaraq, Ermənistana real təzyiqlər göstərilməlidir. Bu bəyanatın kağız üzərində qalması, təbii ki, Ermənistana təsir etməyəcəkdir. Burada istər ABŞ, istər Rusiya, istərsə də Fransa tərəfindən Ermənistanın daha konstruktiv mövqe nümayiş etdirilməsinə nail olmaq lazımdır. ABŞ, Rusiya və Fransa mövqelərini sərtləşdirsə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində real nəticələrə gəlmək mümkün olacaq.