PDF Oxu

Müsahibə

  • 11

“Müxalifətin təməli düzgün qurulmayıb”

“Müxalifətin təməli düzgün qurulmayıb”
- Tahir müəllim, radikal müxalifət partiyalarından istefaların yeni mərhələsinin başlanması ilə artıq bu düşərgənin süquta yetmək üzrə olduğunu demək olarmı?
- Müxalifətin təməli düzgün qoyulmadığına görə, dağıla-dağıla getməkdə də davam edəcəkdir. Ona görə də, müxalifət düşərgəsində gedən istefalar çox düzgün bir haldır. Demək olar ki, müxalifətin əvvəlki qrupları sürətlə dağılmaqdadır. Ola bilər ki, müxalifətin ayrı-ayrı liderləri üzvlər olaraq, partiya şəklində fəaliyyət göstərsinlər. Ancaq əvvəlki müxalifət qrupları heç vaxt bir araya gələ bilməyəcəkdir. Bu da, o deməkdir ki, müxalifət əhəmiyyətli dərəcədə sarsılır və dağılır. Düşünürəm ki, indiki müxalifətçilər, qəzetlərdə öz fikirlərini dərc etməkdən ötrü jurnalistika müxalifətinə çevrilib. Onlar siyasi müxalifət kimi çıxış edə bilmirlər.
- Necə düşünürsünüz, AXCP (i), Müsavat kimi partiyaların liderlərinin yeniləri ilə əvəzlənməsi daxili gərginliyin və qopmaların aradan qaldırılmasına təkan ola bilərmi?
- Ola bilsin ki, radikal müxalifət partiyalarından, hələlik, sədr dəyişiklikləri baş verməsin. Çünki AXCP (i) və Müsavat avtoritar bir partiyaya çevriliblər. Yəni başqalarını avtoritarizmdə ittiham edən bu partiyalar başdan-ayağa avtoritarizm üzərində qurulub. Demək olar ki, əvvəlki qruplar gedib və yerinə yeniləri gəlib. Həmin partiyalara gələnlər kiminsə əmrlərini yerinə yetirir. Müsavatda başqan dəyişilsə, heç şübəsiz ki, o, yenidən olduqca dağıntılara məruz qalacaq. Qısası, özlərinə hörmət edən şəxslər getdikcə, həmin müxalifət partiyalarını yeniləri əvəzləyəcək.
- Sizcə, müxalifətin yeniləşməsi, siyasi düşərgədə hansı əhval-ruhiyyə yarada bilər?
- İndiki müxalifət liderləri qəti şəkildə öz postlarını verməkdən və müxalifəti yeniləşdirməməkdən ötrü müqavimət göstərirlər. Hətta müxalifətçilər öz yerlərini yeni müxalifət qruplarına vermək istəmir. Düşünürəm ki, müxalifətin yeniləşməyə ehtiyacı var. Ümumiyyətlə, uduzan müxalifət səhnəni tərk etməlidir ki, yeniləri gəlsin. Hər bir halda, yeniləşmiş müxalifət birinci növbədə dövlətçilik mənafeyini ortaya qoymalı, şəxsi qərəzçiliyi və ambisiyaları, yəni, partiyadaxili idarəçilikdə özlərinin ambisiyalarını hər şeydən üstün tutmamalıdır. Məhz özlərinin şəxsi partiya mənafeyini, ümummilli mənafedən üstün tutmasının nəticəsidir ki, müxalifət bu gün də özünə gələ bilmir. Ona görə də, müxalifətin yeniləşməsi, müxalifət anlayışına yaxşı bir töhfə vermiş olardı.

Digər xəbərlər