Azərbaycan istənilən vaxt torpaqlarını işğaldan azad edə bilər
- Fəzail müəllim, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların uzanması təhlükəli vəziyyətin yaranmasına gətirib çıxarmayacaq ki?
- ATƏT-in Minsk Qrupunun bu məsələ ilə bağlı, apardığı monitorinqinin nəticəsi o oldu ki, hazırkı status-kvo vəziyyətini qoruyub saxlamaq mümkün deyil. Düzdür, bunun arxasında müəyyən siyasi məqamlar dururdu. Bu, iki dövlət arasındakı münaqişənin həlli üçün canıyananlıq deyildi, sadəcə olaraq, bu, erməni əhalisinin dözülməz vəziyyətindən sonra, gəlinən qərardır. Amma nəticə etibarı ilə status-kvonun saxlanılmasının məqbul olmaması fikri bu gün bu məsələnin həllinə çalışan böyük bir qurumun qərarıdır. Bu, artıq o deməkdir ki, belə vəziyyətin nəticələri ağır ola bilər. Yəni, buradan çıxarılan nəticə belə deməyə əsas verir. İkincisi isə, dünya ölkələri çox gözəl görür ki, günü-gündən iqtisadi qüdrəti artan Azərbaycanın hərbi potensialı da güclənir. Ölkənin iqtisadi qüdrəti güclü olan bir dövlət istənilən vaxt öz ərazilərini işğaldan azad edə bilər. Dövlət başçısının bu sahədə qətiyyətli addımları və bununla bağlı verdiyi mesajlar artıq dünya ölkələrində kifayət qədər rəy yaradıb ki, Azərbaycan tərəfi ermənilərin istəyinə uyğun heç bir addım ata bilməz, öz torpağından da güzəştə getmək fikrində də deyil. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi kifayət qədər həm müşahidəçilərin, həm də bununla məşğul olan dövlətlərin diqqətini özünə çəkir.
- Ermənistanın qeyri-konstruktiv mövqeyini nə ilə izah etmək olar?
- Ermənistan tərəfi deyiləndə, orada Ermənistan deyil, Rusiya görünür. Ermənistanda prezidentin kimin olmasına Rusiya qərar verir. Ermənistanın iqtisadi inkişafına da Rusiya tərəfindən təkan verilir. Eyni zamanda, hərbi məsələləri də Rusiyanın yardımı ilə həllinə çalışır. Ona görə də, Rusiya tərəfi Ermənistan rəhbərliyinə hansı məsləhəti görsə, Ermənistan tərəfi də həmin məsləhəti yerinə yetirir. Yəni, Ermənistanın qeyri-konstruktiv mövqeyi, əslində, mövqesizlikdir. Uzun sözün qısası, el arasında deyildiyi kimi, "ağa hara buyurur, nökər də ora gedir".