PDF Oxu

Müsahibə

  • 15

“Bu gün müstəqil Azərbaycan dövlətinin varlığı, dünya birliyində mövcudluğu ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır"

“Bu gün müstəqil Azərbaycan dövlətinin varlığı, dünya birliyində mövcudluğu ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır"
- XX əsrin ən parlaq siması, qüdrətli dövlət xadimi olan Heydər Əliyevin həyat və fəaliyyəti ümumilikdə Azərbaycan mətbuatı üçün nə deməkdir? Vüqar Rəhimzadə: - Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərə nəzər saldıqda məlum olur ki, ümummilli lider Azərbaycanda bütün sahələrlə yanaşı mətbuata, onun inkişafına xüsusi diqqət yetirib, mətbuatda çalışan əməkaşlarla daim münasibətdə olub, onların arzu və istəklərinin dinləyib, mütəmadi olaraq qaldırdıqları problemlərə diqqət yetirib. Mən xüsusilə ulu öndərin xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdığı 1993-cü illərə nəzər yetirmək istəyirəm. Mən 1990-91-ci illərdə mətbuatda çalışmışam. Azərbaycanda ilk müstəqil mətbuatın yarandığı tarixə baxdıqda, həmin dövr mətbuat üçün sözün həqiq mənasında çox çətin, ağır dövr olub. O zaman Azərbaycanda mətbuat üzərində təkcə senzura yox, hətta hərbi senzura da tətbiq olunub. Azərbaycanda sərbəst şəkildə fikir və söz azadlığının ifadə olunmasında kifayət qədər problemlər olub. Lakin ulu öndərin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi mətbuata xüsusi diqqət yetirildi. 1998-ci ilin avqustunda mətbuatda senzuranın aradan qaldırıldı, Mətbuat və İnformasiya Nazirliyinin ləğv olundu, mətbuatın inkişafı ilə bağlı kifayət qədər sərəncamlar və fərmanlar imzalandı. Ulu öndər 2001-ci ildə aparıcı qəzet redaktorları qəbul etdi, onların qaldırdıqları problemləri diqqətlə dinlədi və Azərbaycan nəşriyyatında olan borcların bir müddət dondurulması, sonradan tamamilə silinməsi ilə bağlı sərəncam imzaladı. Daha sonra mətbuatla bağlı çox ciddi addımlar atıldı. Müstəqil mətbuat üçün önəm kəsb edən dövr məhz ulu öndərin hakimiyyətdə olduğu dövrlərə təsadüf edir. Bu gün Azərbaycanda məhz onun təməlinin qoyduğu siyasətin nəticəsidir ki, Azərbaycan vətəndaşı tam sərbəst, rahat şəkildə istənilən qədər qəzet təsis edir, öz fikrini sərbəst şəkildə ifadə edə bilir. Hazırda müstəqil mətbuat formalaşıb və kifayət qədər uğurlu yol keçib. Bu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün mətbuat orqanlarında hər hansı bir dövlət nəzarət mexanizmi yoxdur. Azərbaycan müstəqil mətbuatın formalaşması ilə bağlı özü-özünü tənzimləyən, 2003-cü ildə yaradılan Mətbuat Şurası fəaliyyət göstərir. Eyni zamanda, 2005-ci ildə ölkə başçısı mətbuatın inkişafı ilə bağlı çox mühüm qərar və sərəncamlar imzaladı və bir qrup jurnalist ali, fəxri adlarla təltif olundu. - Ulu öndərin dövlət idarəetməsinin elmi əsaslarını, söz və mətbuat azadlığına diqqətini necə xarakterizə edə bilərsiniz? Akif Aşırlı: - Mən ilk növbədə diqqəti ulu öndərin birinci dəfə hakimiyyətə gəldiyi 1970-ci illərə diqqət yönəltmək istəyirəm. Həmin illərdə Azərbaycan mətbuatının mənzərəsində ümummilli liderin Azərbaycan mətbuatının inkişafı üçün gördüyü, ölkə mətbuatının ən milli məsələlərə diqqət ayırdığı dövrünü xatırlatmaq istəyirəm. 1970-ci illərdə ulu öndər hakimiyyətə gəldikdən sonra "Qobustan" jurnalı nəşr olundu. Bu jurnal bilirsiniz ki, ölkədə milli şüurun oyanışına çox böyük təkan verdi. Həmin dövrdə Azərbaycan Sovetlər Birliyinin tərkibində idi. Təbii ki, həmin dövrdə orada gedən yazılar da müəyyən dərəcədə mərkəzin maraqlarına uyğun gəlmirdi. Lakin ulu öndər Heydər Əliyev həmin jurnalistləri, konkret olaraq jurnalın başında duran jurnalistləri müdafiə etdi. 70-ci illərdə Sovetlər Birliyində müəyyən qədər türk dövlətləri var idi və Azərbaycanda "Sovet Türkiyologiyası" jurnalı nəşr olundu. Ulu öndərin jurnalistlərlə olan münasibəti, onların sosial iqtisadi problemlərinın həllində yaxından iştirakı onun ikinci dəfə hakimiyyətə gəlişində daha geniş çəkildə özünü göstərdi. Ulu öndər 90-cı illərin əvvəlində hakimiyyətə gəldikdə, ölkədə çox gərgin ictimai siyasi vəziyyət var idi. Azərbaycan mətbuatı da bu gərgin mühitin içərisində öz peşə fəaliyyətlərini qayda-qanuna uyğun şəkildə yerinə yetirmək imkanları geniş deyildi. Peşə fəaliyyəti üçün iqtisadi mühit lazım idi. Ölkə başçısının mətbuata olan ən böyük diqqət və qayğısı Kütləvi İnformasiya Vasitələri haqqında qanunun qəbulu idi. Hansı ki, o qanun bütün parametrlərlə müstəqil mətbuatın yaranmasını təşkil etdi. Bir şeyi də unutmaq lazım deyil ki, ulu öndər mətbuatda senzuranı aradan qaldırdı. Bu gün qəzetlərə diqqət yetirsək görərik ki, bir çox müstəqil qəzetlər Ümummilli Liderin hakimiyyətdə olduğu dövrdə nəşrə başlayıb. - Birmənalı şəkildə demək olarmı ki, Azərbaycanın ən yeni tarixində müstəqil dövlətçilik ideyası məhz ulu öndər Heydər Əliyevin adı ilı bağlıdır? Vüqar Rəhimzadə: - Birmənalı şəkildə bu belədir. Bu gün müstəqil Azərbaycan dövlətinin varlığı, dünya birliyində mövcudluğu ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümumiyyətlə, sovetlər dönəmində ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə milli kadrların hazırlanması, formalaşdırılması, geniş sənaye potensialının yaradılması, onun inkişaf etdirilməsi və digər məsələlər mədəniyyət və incəsənət xadimlərinə olan diqqət yalnız ümummilli liderin hakimiyyətdə olduğu dönəmdə olub. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycan olduqca ağır dövrlərini yaşayırdı. Azərbaycanda müharibə şəraiti hökm sürürdü, vətəndaş müharibəsinin, ölkənin parçalanma təhlükəsinin şahidi olmuşuq. Ulu öndər Naxçıvanda Ali Məclisin sədri olduğu dövrdə ölkəmizin bütün bölgələrindən onun yanına gələrək ölkənin düşdüyü vəziyyətdən xilas etməsini xahiş edirdilər. O zaman ulu öndər erməni qəsbkarları tərəfindən edilən təhdidlərə qarşılıq olaraq Naxçıvanı xilas etdi. Xalqın təkidi ilə ulu öndərin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlməsi ölkəni xilas etdi, insanların yaxşı yaşaması üçün mübarizə apardı. Ulu öndər hakimiyyətə gəlməsə idi Azərbaycan çox pis vəziyyətə düşə bilərdi. Azərbaycan deyəndə gözümüzün önündə ulu öndər Heydər Əliyev, Heydər Əliyev dedikdə isə gözümüzün önündə Azərbaycan canlanır. Ona görə də bu iki vəhdət daimi, əbədidir. O, Azərbaycan xalqı üçün özünü fəda etdi, hazırda isə onun qoyduğu siyasət uğurla davam etdirilir. Hər yerdə abadlıq, quruculuq işləri aparılır. Elə işlər görülür ki, onlardan birmənalı olaraq Azərbaycan xalqı faydalanır. - Azərbaycan mediası, kütləvi informasiya vasitələri dövlət tərəfindən göstərilən qayğını qiymətləndirərək etimadı doğrulda bilirmi? Vüqar Rəhimzadə: - Bu gün Azərbaycan dövlətinin mətbuata xüsusi qayğısı və diqqəti var. 2008-ci ildə KİV-ə Dəstək Konsepsiyasının təsdiq olunması və 2009-cu ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə dövlət dəstəyi Fondunun yaradılması ilə bağlı fərmanın imzalanması, bütövlükdə fondun yaradılması Azərbaycan mətbuat tarixində çox mühüm bir hadisəyə çevrildi. Bu gün Fond həm redaksiyalara maliyyə yardımlarının edilməsi ilə bağlı həyata keçirilən layihələr hesabına həm jurnalstlərin maliyyə imkanlarının artır, həm də redaksiyaların sosial iqtisadi durumu yaxşılaşır, texniki imkanları genişlənir. Mətbuatın qarşısında duran ən əsas vəzifə Azərbaycanda aparılan quruculuq, abadlıq işlərinin beynəlxalq ictimaiyyətə düzgün və obyektiv surətdə çatdırmaqdır. Mətbuatda çalışan hər bir jurnalist bu sahədə öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir.

Digər xəbərlər