PDF Oxu

Müsahibə

  • 13

Jurnalistlərin siyasiləşməsi yolverilməzdir

Jurnalistlərin siyasiləşməsi yolverilməzdir

- Müşfiq müəllim, Mətbuat Şurası dövlət-cəmiyyət-mətbuat münasibətlərinin tənzimlənməsində qarşıya qoyulan vəzifələri yerinə yetirə bilirmi?
- Mətbuat Şurasının təməl prinsipi mətbuat-cəmiyyət və mətbuat-dövlət münasibətlərini tənzimləməkdən ibarətdir. Azərbaycan MŞ-nin dünyanın MŞ-lərindən bir çox fərqli xüsusiyyətlərə malikdir. Bildiyiniz kimi, Azərbaycan MŞ-nin nizamnaməsi, fəaliyyət istiqamətləri, onun idarə heyətinin, Azərbaycan jurnalistlərinin qurultayında seçilir və həmin qurultayda səslənən və verilən təkliflərə uyğun olaraq, MŞ-nin üzərinə əlavə öhdəliklər qoyulur. Yəni Azərbaycan Mətbuat Şurası dünyada analoqu olmayan bir missiyaları qəbul edir və bu missiyaların da öhdəsindən çox uğurla gəlir. Azərbaycan MŞ-si, dünya MŞ-lərindən fərqli olaraq ən böyük mətbuat qurumlarına çevrilir. Beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, dünyanın əksər ölkələrində mətbuat şuraları ilə yanaşı, fərqli jurnalist təşkilatları fəaliyyət göstərir. Müqayisə aparanda, MŞ-lər digər jurnalist təşkilatlarından ya geridə qalır, ya da ən yaxşı halda, onunlarla paralel statusa və imicə malik olur. Yeganə olaraq Azərbaycandadır ki, MŞ bütün jurnalist təşkilatlarının fövqündə dayanır. Ölkədə isə ən böyük media qurumuna çevrilib. Bu baxımdan, hesab edirəm ki, Mətbuat Şurası öz üzərinə düşən missiyaları çox uğurla yerinə yetirir. Eyni zamanda, MŞ üzərinə, əlavə olaraq, missiyalar götürüb. Bu missiyalarda jurnalistlərin sosial problemlərinin həlli, onların peşəkarlığının artırılması, təhsil səviyyəsinin daha da gücləndirilməsi və s. kimi çoxsahəli missiyaları, funksiyaları öz üzərinə götürüb. Bir sözlə, şura bu sahədə mövcud olan problemlərin həlli ilə məşğul olur. Çox sevindirici haldır ki, MŞ bütün bu kimi problemlərin öhdəsindən çox uğurla gəlir.

- Jurnalistlərin siyasi proseslərdə iştirak etmələri, onların peşə-davranış qaydalarını pozmaları demək deyilmi?
- Çox təəssüflər olsun ki, Azərbaycan mediasının ən ciddi problemlərindən biri medianın siyasiləşməsidir. Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunu yaratdı. Bu fondun missiyası təkcə mediaya yardım göstərməkdən ibarət deyil, eyni zamanda, mediada olan ciddi problemləri aradan qaldırmaqdan ibarətdir. Hesab edirəm ki, bu fondun fəaliyyəti medianın müstəqilləşməsinə ciddi bir təkan verir və verməkdə də davam edir. Ümumiyyətlə, ölkədə hər hansı siyasi aksiyaların keçirilməsi zamanı orada jurnalistlə siyasi aksiyaçı arasında bir fərq olmalıdır. Düzdür, heç kəs jurnalistə qadağa qoymur ki, o, hansısa siyasi aksiyalara qoşulub, özünün vətəndaşlıq mövqeyini ifadə etsin. Amma burada məsələ ondadır ki, siyasi aksiyalara qoşulduğu zaman jurnalist vəsiqəsini bir tərəfə qoymalı və bir vətəndaş kimi, orada öz mövqeyini ifadə etməlidir. Lakin biz bunun əksini görürük. Elə mətbuat nümayəndələri var ki, onlar siyasi aksiyalarda iştirak edir və problem yarandıqda, jurnalist vəsiqəsini göstərib, biz jurnalistik, "hücuma məruz qalmışıq" deyirlər. Amma Azərbaycanda yaşayan hər bir şəxs çox gözəl bilir ki, bu iddianın heç bir əsası yoxdur. Yəni, bütün aksiya üzvlərinə qarşı görülən tədbirlər orada iştirak edən jurnalistlərə də tətbiq edilir. Bunun qarşısını almaq üçün Mətbuat Şurası ciddi addımlar atıb. Azərbaycanda jurnalistlər üçün uniformalar artıq təşkil olunub. Bu, ATƏT-in Bakı ofisi ilə Mətbuat Şurasının birgə layihəsi əsasında həyata keçirilib. Hər bir jurnalistə vahid geyim forması və vəsiqə verilir ki, o, həmin formadan istifadə edərək, özünü məhz jurnalist kimi aparsın. Yəni, özünü təmsil olunduğu siyasi qurumun aksiyada iştirakçısı kimi yox, işlədiyi KİV redaksiyasının nümayəndəsi kimi təmsil etməlidir.

- Mətbuat Şurası gənclərin jurnalistika təhsilinə yiyələnməsi üçün test imtahanlarından sonra, onların müsabiqələrdən keçmələrini təklif edir. Buna sizin münasibətiniz?
- Hesab edirəm ki, gənclərin jurnalistika təhsilinə yiyələnməsi üçün test imtahanlarından sonra, onların müsabiqələrdən keçmələri çox yaxşı haldır. Çünki burada praktiki fəaliyyət başqadır, nəzəri fəaliyyət başqa. Çox təəssüf hissi ilə qeyd etmək istərdim ki, hazırda ölkədə fəaliyyət göstərən jurnalistlər arasında jurnalistika fakültəsini bitirmiş şəxslərə çox az rast gəlmək olar. Bir sözlə, bu istiqamətdə Mətbuat Şurasının irəli sürdüyü təklifin tətbiq olunmasına ehtiyac duyulur.

Digər xəbərlər