PDF Oxu

Müsahibə

  • 11

ABŞ Ermənistanı işğalçı dövlət kimi tanıdı

ABŞ Ermənistanı işğalçı dövlət kimi tanıdı
- Nizami müəllim, ABŞ Ermənistanı işğalçı dövlət kimi tanıdığına dair hesabat yayıb. Sizcə, bundan sonra ABŞ Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edə bilərmi?
- ABŞ Ermənistana qarşı bu addımı çoxdan atmalı idi. Yəni Ermənistan çoxdan sıxışdırılmalı idi. Çünki Ermənistan işğalçı bir ölkə ola-ola həm dünya miqyasında, həm də regionda gerçəkliyi özündə əks etdirməyən hadisələri tarixə çevirmək istəyir. Amma buna baxmayaraq, artıq Ermənistan dünyada öz yalanlarını təbliğ edə bilmir. Ona görə də, hesab edirəm ki, Ermənistan gördüyü işlərə görə cavab verməlidir. Bu mənada, ABŞ Ermənistana qarşı daha sərt sanksiyalar tətbiq etməlidir.
- Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayarsa, Türkiyənin Azərbaycana hərbi və siyasi dəstək verməsi nə dərəcədə realdır?
- Əlbəttə, Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayarsa, Türkiyə strateji müttəfiqimiz kimi, bizim yanımızda olacaqdır. Yəni buna şübhə yoxdur. Ermənistanın işğalçı mövqeyinin dünyada tanınması bizim xeyirimizədir. Dünya ölkələri görür ki, Azərbaycan durmadan necə inkişaf edir, hansı potensial imkanları var və dünya birliyində özünə necə möhkəm yer tutur. Amma Ermənistanın dünya ilə əlaqələri kifayət qədər problemlidir. Ona görə də, əgər hərbi əməliyyatlar başlayarsa, istər-istəməz Azərbaycan burada mütərəqqi mövqedən çıxış etmiş olacaq. Çünki Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğal olunub və bu torpaqlar geri qaytarılmalıdır.
- Rusiyanın Ermənistanla hərbi əməkdaşlığı mövcuddur. Bu amil müharibənin gedişində Rusiyanın Ermənistana hərbi yardım göstərməsinə səbəb ola bilərmi?
- Təbii ki, Rusiya Ermənistana çox kömək edib. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsində keçmiş Rusiyanın xidmətləri olub. Amma Rusiya da, artıq yeni bir Rusiyadır. Yəni Rusiyanın özü də regionda, sülh münasibətlərinin bərqərar olmasının tərəfdarıdır və bunu istəyir. Ona görə də, biz burada bu məsələləri kəskin şəkildə qoysaq ki, biz hərbi əməliyyatlar aparacağıq, hesab edirəm ki, hərbi əməliyyatların aparılmasının ilk günündən sülh başlamalı olacaq. Bildiyiniz kimi, Rusiya ilə Azərbaycan arasında olan münasibətlər də artıq əvvəlki kimi deyil. Ona görə də, düşünürəm ki, burada Rusiyada haqlı tərəfin mövqeyini müdafiə etməli olacaq. Uzun sözün qısası, Rusiya heç vaxtı Ermənistanı müdafiə edə bilməz və etməməlidir. Odur ki, burada əsas məsələ rəsmi mövqedir. Bu mövqedə də artıq ciddi dəyişikliklər hiss edilməkdədir. Bu gün, əslində, Rusiyanın beynəlxalq nüfuzu onunla müəyyənləşə və arta bilər ki, Ermənistanın bu işğalçı hərəkətlərinin qarşısını alsın.
- Ermənistanda narkotik və insan alveri ilə S.Sarksiyan rejiminin məşğul olması, bunu deməyə əsas verirmi ki, Ermənistan hakimiyyəti mafiya qanunları ilə idarə olunur?
- Bəli, Ermənistan hakimiyyəti mafiya qanunları ilə idarə olunur. Bildiyiniz kimi, Ermənistanın elə bir güclü iqtisadiyyatı yoxdur, təsərrüfat həyatı bizə məlumdur, ölkədə gedən prosesləri kifayət qədər yaxından izləyirik. Yəni belə olan halda, istər-istəməz Ermənistan rəhbərliyi bu cür yollara əl ataraq, ölkədə gedən narazılıqların və etirazların qarşısını alsınlar.
- Ermənistanda hökm sürən xaos və anarxiya bu ölkənin dağılmasına gətirib çıxara bilərmi?
- Demək olar ki, Ermənistan adlı bir ölkənin dağılması artıq çoxdan başlayıbdır. Yəni ölkədə gedən ictimai və siyasi vəziyyətin pozulması, ölkə əhalisinin Ermənistanı çox məmnuniyyət hissi ilə tərk etməsi kimi, məsələlərin hamısı sübut edir ki, Ermənistan ciddi bir tənəzzül həyatı yaşayır. Bu da belə davam edərsə, əlbəttə, belə bir ölkənin mövcud olmağı sual altındadır.

Digər xəbərlər