PDF Oxu

Müsahibə

  • 10

“O zaman mən də avropalı deputatları seçildiyim Mingəçevir şəhərinə dəvət edirəm"

“O zaman mən də avropalı deputatları seçildiyim Mingəçevir şəhərinə dəvət edirəm"
- Ölkədəki ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
- Azərbaycan demokratik hüquqi dövlətdir. 1995-ci ildə qəbul edilən 2002 və 2009-cu ildə müvafiq dəyişikliklər edilən Konstitusiya Azərbaycanın demokratik dövlət olmasına zəmanət verir. Eyni zamanda vətəndaşları kifayət qədər geniş səpkidə hüquq və azadlıqlarla təmin edir. Bu sadəcə olaraq bəyanat deyil, həm də real həyatımızda olan bir reallıqdır. Bu gün Azərbaycanda dinamik, dünyanın ən qabaqcıl prinsipləri ilə hərəkət edən, vətəndaşın hüquqlarını qoruyan və ən əsası sabitliyi qoruyub saxlayan bir vəziyyət mövcuddur.
- Ölkəmizdə sabitliyin hökm sürdüyünü qeyd etdiniz. Lakin boynumuza alaq ki, son zamanlar ərəb ölkələrində baş verən hadisələrdən ruhlanan bəzi qüvvələr ölkədəki sabitliyi pozmağa cəhd edirlər. Bu təəccüb və təəssüf doğuran hala münasibətiniz?
- Həmin qüvvələr Azərbaycanda həmişə olub. Onlar üçün əsas məsələ vəziyyətin kifayət qədər gərgin olması və həmin gərgin vəziyyətdə hakimiyyətə gəlməkdir. Çünki normal, sivil, demokratik seçkidə onlar Parlamentə düşə bilmirlər. Seçkilərdə qələbə qazana bilmirlər. Geniş dairədə sosial baza yarada bilmirlər. Müxalifətçilik onlar üçün əqidə, öz fikirlərini bildirmək üsulu deyil, hardasa biznes alətinə çevrilib. Keçirmək istədiyi qeyri-qanuni aksiyalara gəlincə, bu gün həm Konstitusiya, həm müvafiq qanunlar vətəndaşlara öz fikrini bildirmək üçün şərait yaradır. Kütləvi aksiyaları müxtəlif yerlərdə keçirmək olar və ya KİV-lərdə özünün fərqli mövqeyini ortaya qoymaq olar. Təqribən 2 -3 il bundan qabaq Müsavatın keçirmək istədiyi mitinqə cəmi 200 nəfər adam gəlmişdi. Onların keçirmək istədikləri qeyri-qanuni aksiyanın özündə də 150-200 nəfərdən çox insan yox idi. Şübhəsiz ki, radikallıq, qarşıdurma dövləti laxlatmaq cəhdləri nə dövləti, nə də insanları biganə qoya bilməz. Buna müvafiq addımlar atılır. Bəzən sabitliyi, sakitliyi ironiya ilə qarşılayanlar bunun vacib olmadığını vurğulayırlar. O zaman sual olunur: Avropanın inkişaf etməkdə olan, İsveçrə, Skandinaviya ölkələrinin hakimiyyəti nə səbəbdən stabilliyə can atırlar. Nəyə görə onlar da radikal çağırışlara qarşı mübarizə aparırlar.
Bu baxımdan həlim qüvvələrin insanları qarşıdurmaya çağırmaq, öz şüarlarını sivil şəkildə, hüquqi yolla deyil, mütləq küçə toqquşması nəticəsində cəmiyyətə zorla qəbul etdirmək məqbul deyil və buna qarşı mübarizə aparılır. O ki qaldı ərəb ölkələrində baş verən hadisələrin ölkəmizə gətirməyə göründüyü kimi ərəb ölkələrində aksiyalar yalnız ərəb ölkələrindədir. Ərəb ölkələrindən kənarda digər dildən olan dövlətlər var ki, aksiyalar onlara təsir etmədi. Ərəb ölkələrinin tarixi, mədəniyyəti, hətta siyasi sistemləri də bir-birinə yaxındır. Təbii ki, birində baş verən hadisə zəncirvari olaraq digərlərində də sonadək davam edəcəkdir. Birinci dəfə deyil ki, müxalifət digər ölkələrdən nümunə götürməyə çalışır. Ukraynada narıncı inqilab baş verəndə onlar qalstuklarını da narıncı rəngdə geyməyə başladılar. Hansı ölkədə qarşıdurma varsa, onu ölkəmizə gətirməyə çalışırlar. Göründüyü kimi onlar ciddi siyasətlə məşğul deyillər. Onlar qanunlara hörmət etməyərək, insanları bacardıqları qədər dövlətlə qarşı-qarşıya qoymağa cəhd edirlər. Burada diqqəti cəlb edən məsələlərdən biri müxalif rəhbərlərinin aksiyalara qatılmamasıdır. İnsanları polislə toqquşmaya, gərginliyə göndərən liderlər kabinetlərində sakit şəkildə bəyanat verməklə özlərinin işini bitmiş bilirlər. Mənə elə gəlir ki, bu vəziyyət cəmiyyətin diqqətindən qaçmır.
- Ölkədə fəaliyyət göstərən səfirlərin Müsavat qərargahına gedərək Əli Kərimli, İsa Qəmbərlə görüşməsi onlara nə qədər başucalığı gətirə bilər?
- Bu məsələ ilə bağlı səfirliklərə müəyyən suallar da ünvanlandı. Cəmiyyətin sağlam demokratik qüvvələri öz səslərini qaldırdılar. İndiyə qədər ölkədə fəaliyyət göstərən 20 səfirin hansısa partiya qərargahına getməsi praktikası olmayıb. Nədən onlar belə səfəri Yeni Azərbaycan Partiyasının qərargahına, Parlamentə, Prezident Administrasiyasına, qadın cəmiyyətlərinə, gənclər təşkilatlarına etmirlər. Bildirirlər ki, onlara müraciət edildikdə onlar böyük məmnuniyyətlə gedirlər. O zaman mən də müraciət edirəm və onları seçildiyim Mingəçevir şəhərinə dəvət edirəm. Bu rəsmi dəvətdir və onların reaksiyasını gözləyirəm. Mən çox istəyərdim ki, onlar gəlsinlər, qaçqınların vəziyyətinə baxsınlar. Şəhərdə gedən inkişafı görsünlər. Bu baxımdan onların bu görüşü birmənalı qarşılanmadı. Sonradan bir neçə səfiri çıxmaq şərtilə digərləri reaksiya verməmək və müdafiə mövqeyində durdular. Hesab edirəm ki, hər bir ölkənin səfirliyi ilk növbədə həmin ölkə ilə Azərbaycan arasında dostluq əlaqələrini yaratmaq üçün bir körpü rolunu oynamalıdır. Əgər bu körpü körpüdən daha çox konflikt vəziyyətinə çevrilirsə, o zaman mənə elə gəlir ki, onlara olan suallar daha da artır. Azərbaycanın daxilində gedən proseslər Azərbaycanın daxili işidir və cəmiyyətimizin kifayət qədər gücü, potensialı var ki, bu məsələləri özü həll etsin. Kimlərinsə daxili işlərimizə qarşımasına imkan verməyəcəyik. Dost məsləhətinə hər zaman qapımız açıqdır. Ancaq bu gün hakimiyyətlə toqquşmaya getmək, gizlin şəkildə qərargahlarda görüşlər həyata keçirmək yolverilməzdir.
- Səfirlərin radikal müxalifətə mənəvi, bəzi iddialara görə hətta maddi yardım etməsi onların ölkədə "persona non grata" elan olunması nə dərəcədə real görünə bilər?
- İş burasındadır ki, onlar bunu etsə də diplomatik təcrübə əsasında edirlər. Onalar kifayət qədər təcrübəli insanlardır və onlara qarşı bir qədər sərt tədbirlər görülməsi vəziyyətinə gətirib çıxarmırlar. Azərbaycan hər zaman xarici ölkənin buradakı nümayəndəsinə qarşı çox diqqətli, diplomatik münasibətdə olub. Bizim istəyimiz onların ölkənin daxili işlərin qarışmaması, Azərbaycanda siyasi qüvvələrdə birinin drujinası roluna çevrilməməsidir. Bu baxımdan bu məsələlər onların gələcək fəaliyyətlərində nəzərə alınmalıdır.
- Birdən- birə müxalifətin oyanması və ultimatumlar göndərməsinin arxasında anti-Azərbaycan mövqeli qüvvələrin dayanması ehtimal olunandı?
- Bu variantlardan biridir. Əslində Azərbaycan müxalifəti təkcə radikal müxalifətdən ibarət deyil. Həm parlamentdə, həm də parlamentdən kənar kifayət qədər nüfuzlu müxalifət partiyaları var. Parlamentdə gedən debatlarda müxalif deputatlarının verdiyi təkliflər, çağırışlar heç də özünün sərtliyinə, radikallığına görə, küçələrdə polislə toqquşan insanların çağırışından əksik deyil. Sadəcə onlar bunu sivil şəkildə edirlər. Bir qrup müxalifət qanadı var ki, onlar sivil şəkildə mübarizə metodlarını bilmirlər və bilmək də istəmirlər. Onlar üçün əsas məsələ ara-sıra cəmiyyətin diqqətini cəlb etmək, ildə bir dəfə bu məsələdə fəallıq göstərməkdir. Bu da bir müddət olur. Bir müddətdən sonra onlar qəzet buraxmaq, ara-sıra bəyanatlar verməklə məşğul olurlar. O zaman sual olunur: nədən doğur bu fəallıq. Əlbəttə ki, bu fəallıq xaricdən də dəstəklənə bilər. Ötən il müsavat başqanı İsa Qəmbər Ermənistan ümummilli konqresi ilə əməkdaşlıq saziş imzaladı. Torpaqlarımızı işğal edən ölkə ilə əməkdaşlıq müqaviləsi bağlamaq görünməmiş bir işdir. Sual olunur: hansı əməkdaşlıqdan söhbət gedir? Ölkədə vəziyyəti gərginləşidirməkdənmi? 1997-ci ildə Əli Kərimliyə Fransada gələcəyin prezidenti medalı verildi. Maraqlıdır ki, Əli Kərimli də bunu qəbul etdi. Bundan belə çıxır ki, Azərbaycanda prezidentin kim olmasını xaric müəyyənləşdirir. Siyasi qüvvələrin liderləri də bu rolu oynamağa razılıq verirlər. Əlbəttə ki, bu onların metodları, istəkləridir. Lakin onlar bilməlidir ki, xalq onların arxasınca getmir, onların sosial bazası yoxdur. Azərbaycan cəmiyyəti inkişaf, demokratiya istəyir. Cəmiyyətimiz qarşıdurmanın nəyə gətirib çıxardığını yaxşı bilir.

Digər xəbərlər