PDF Oxu

Müsahibə

  • 13

Müxalifətin köhnə düşmənləri və yeni "dost"ları

Müxalifətin köhnə düşmənləri və yeni "dost"ları
Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat və təbliğat katibi Əli Orucovun "Səs"ə müsahibəsi
- Əli bəy Əli Kərimovun, İsa Qəmbərovun və digərlərinin yaratmış olduğu bütün təşkilatlara sabun köpüyü kimi baxırdınız, amma sonda nə baş verdi ki, həmin şəxslərin yaratdığı təşkilatın çətiri altında birləşdiniz?
- O təşkilatı onlar yaratmadı, onun yaradılmasında AMİP-in də xüsusi rolu var. Məhz "İctimai Palata"nın yaradılması haqqında təşəbbüs də, AMİP-dən gəlmişdi. Ona görə də, burada hansısa bir qurumun çətiri altında birləşmək, bir yerdə olmaq kimi təqdimatın tərəfdarı deyiləm. Çünki son parlament seçkilərindən sonra ölkədə yeni bir situasiya yarandı. Müxalifət partiyaları bütün proseslərdən uzaqlaşmalı oldular. Yəni bu, təbii ki, mövcud problemlərin üzərinə daha yeni bir problemlər əlavə etdi. Buna görə də, düşünmək olar ki, hələ hər şey tükənməyib. Ona görə də, qüvvələr arasındakı münasibətləri sivil qaydada yoluna qoymaq mümkündür. Amma təbii ki, buna müəyyən səylər də olmalıdır. Yəni qarşılıqlı ittihamlarla, qarşıdurmalarla, radikalizmlə heç nəyə nail olmaq mümkün deyil. Əksinə, bu zərbənin acısını xalqımız çəkmiş olacaq.
- Əli Kərimovla üzbəüz əyləşərkən bir vaxtlar mətbuata belə onun haqqında dediyiniz açıqlamalar yadınıza düşmür ki?
- Mən o vaxt mövcud olmuş "Azadlıq" blokunun fəaliyyəti haqqında fikirlər bildirmişdim və oradakıları hədəfə almışdım. İndi də, o fikirdə qalıram ki, o təşkilat mövcud situasiya və hadisələrə adekvat deyildi. Ona görə də, fakt da özünü çox gözlətmədi və "Azadlıq" bloku dağıldı.
- Siz bir vaxt qeyd etmişdiniz ki, Əli Kərimov "Azadlıq" blokunun axırına çıxacaq. İndi necə düşünürsünüz. O, "İctimai Palata"nın da axırına çıxa biləcəkmi?
- Bu gün "İctimai Palata"dan kimsə çıxıb getsə belə o problem olmaz. Çünki burada partiyalar deyil, ayrı-ayrı qüvvələr təmsil olunur. Yəni burada QHT nümayəndələri, keçmiş namizədlər var. Bu baxımdan da, kiminsə, burada əsas rol oynamasını demək çətindir.
- Ə.Kərimov bir tərəfə, İsa Qəmbərovla sizin partiyanın lideri Etibar Məmmədovun münasibətini bilə-bilə onlarla səmimi əməkdaşlığınız necə mümkün ola bilər?
- Ümumiyyətlə, siyasətdə səmimi əməkdaşlıqdan söhbət aparmaq sadəlövlükdür. Çünki partiyaların maraqları, hadisələrin gedişinə uyğun adekvat cavabları var. Ona görə də, hansısa partiya ilə bu gün səmimi əməkdaşlığın sonu necə olacağını demək çox çətindir.
- Siz də bilirsiniz ki, E.Məmmədov bir vaxtlar hakimiyyətdə olmuş AXC-Müsavat cütlüyünə qarşı ən sərt mövqedə dayanmışdı və bu sonra da davam etmişdi. Partiyanızın liderini Böyük Britaniyaya göndərdikdən sonra mövqeyinizdə niyə dəyişiklik etdiniz?
- Bəli, zaman-zaman partiya və liderlər arasında sizin sadaladığınız münasibətlər olub. Bunu da, təbii ki, zamanın, proseslərin və hər kəsin öz vicdanının öhdəsinə buraxmışıq. Amma zamanın diqtə etdiyi məqamlarda bu inciklikləri əsas götürüb hər şeyə biganə qala bilmərik.

Digər xəbərlər