Ermənistan bir dövlət kimi dünya xəritəsindən silinə bilər
- Fəzail müəllim, Liviyaya qarşı tələm-tələsik qərar verən və onu həyata keçirən BMT nəyə görə 20 ildir ki, Ermənistana qarşı tətbiq etdiyi 4 qətnaməni reallaşdırmır?
- Bu gün dünyada beynəlxalq hüquq qanunlara yox, gücə söykənir. Dünyanın idarəçiliyi dövlətlərin siyasi mənafeyinə daha çox uyğun formada həll olunur, nəinki beynəlxalq hüquq müstəvisində. Bu gün həm ABŞ-ın, həm də Avropa dövlətlərinin yeritdiyi siyasət tamamilə beynəlxalq hüquqa söykənmək yox, siyasi mənafeyi müdafiə etmək müstəvisində gedir. Liviyaya qarşı olan münasibət, təbii ki, burada mənafelərin toqquşma meydanıdır. Amma Qafqaz regionunda hansısa bir dövlət nüfuzunu qaldırmaq istəyirsə, Azərbaycana münasibətində ədalətli mövqe tutmalıdır. Bu gün Azərbaycan balanslaşdırılmış siyasət yeridir, haqq sözünü dünyaya deyir, özünün qətiyyətli mövqeyini ortaya qoyur və bununla yanaşı isə, dünya dövlətlərinin hansı mövqe tutmasından asılı olmayaraq, iqtisadiyyatını yüksəldir, iqtisadi və siyasi islahatlar həyata keçirir, eyni zamanda, hərbi qüdrətini yüksəldir. Bir sözlə, dünya çox gözəl bilir ki, Qafqaz regionunda hər hansı bir məsələ Azərbaycanın iştirakı olmadan həll oluna bilməz.
- Ermənistanda narkotik və insan alveri ilə Sarkisyan rejiminin məşğul olması bunu deməyə əsas verirmi ki, Ermənistan hakimiyyəti mafiya qanunları ilə idarə olunur?
- Düşünürəm ki, Ermənistan hakimiyyəti mafiya qanunu ilə yox, Rusiya tərəfindən idarə olunur. Eyni zamanda, Ermənistan narkotika alveri ilə də məşğul olur. Güman edirəm ki, hər bir ədalətsiz mövqe xalqın hakimiyyətinə və istəyinə söykənməyən uğursuz sonluqla nəticələnə bilər. Yəni, Ermənistan hakimiyyəti də uçurumun qırağındadır. Baxmayaraq ki, işğalçı ölkə Rusiya tərəfindən müdafiə olunur. Eyni zamanda, Ermənistan ABŞ tərəfindən də müdafiə olunurdu, bu yalavac ölkəyə yardımlar göstərilirdi. Bir sözlə, Ermənistan bir tərəfdən dünyada fəaliyyat göstərən erməni lobbilərinə güvənirsə, digər tərəfdən isə onun siyasi sükanı Rusiyanın əlindədir. Ona görə də, fikirləşirəm ki, gec-tez bütün bu məsələlər öz həllini tapacaq.
- Ermənistanda hökm sürən xaos və anarxiya bu ölkənin dağılmasına gətirib çıxara bilərmi?
- Ermənistanda hökm sürən xaos və anarxiya bu ölkədə hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər. Yəni Rusiya erməni soykökündən olan başqa birisini S.Sarkisyanın yerində oturdacaq və Azərbaycana olan istəyini realaşdırmaq üçün təsir vasitəsilə Dağlıq Qarabağ probleminin həllinə çalışacaq. Amma zaman öz hökmünü verir. Təbii ki, gec-tez ədalət, haqq qalib gəlir. Bir sözlə, Azərbaycan haqlı tərəfdir və tezliklə qalib tərəf olacaqdır.