PDF Oxu

Müsahibə

  • 18

Jurnalistin aksiyalarda iştirakı yolverilməzdir

Jurnalistin aksiyalarda iştirakı yolverilməzdir
- Elçin müəllim, bəzi mətbuat nümayəndələrinin müxalifətin aksiyalarında iştirak edib, dövlət, hökumət əleyhinə şüarlar səsləndirmələri jurnalistikaya nə dərəcədə başucalığı gətirə bilər?
- Ölkədə fəaliyyət göstərən ayrı-ayrı mətbuat nümayəndələrinin qanunsuz etiraz aksiyalarına qoşularaq, şüarlar səsləndirməsi, eyni zamanda, bir neçə mətbuat orqanının qanunsuz etiraz aksiyalarına çağırışla bağlı baş yazılar verməsi, bütün səhifələrini bu aksiyalara və ayrı-ayrı siyasi partiyaların təbliğatına ayırması qətiyyən yolverilməzdir. Bu müstəqil medianın prinsiplərinə ziddir. Burada maraqlı cəhət ondan ibarətdir ki, bu gün müstəqil medianın əsas fundamental və tərəfsizlik pirinsipini pozan mətbuat orqanları müstəqil media adına idda edən, daha çox danışan mətbuat orqanlarıdır. Təbii ki, bütün bu proseslər göz qabağındadır. Yəni, Azərbaycanda istənilən şəxs bu gün bəzi iddialı mətbuat orqanlarının səhifələrinə diqqət yetirərsə, onların konkret olaraq, bir-iki partiyanın maraqlarına xidmət etdiyini açıq şəkildə görə bilərlər. O baxımdan, hesab edirəm ki, burada pirinsiplər dəyişməlidir. Yəni, burada media qurumlarının mətbuat orqanlarına, həmçinin, ayrı-ayrı jurnalist təşkilatlarının özünə yanaşmasında bir sıra prinsiplərə dəyişiklik etməyin zamanıdır. Çünki bu insanlar, mütəmadi olaraq, söz, fikir azadlığı, informasiyada tərəfsizlik, qərəzsizlik və digər amillərdən istifadə etməklə, bu və ya digər siyasi partiyanın maraqlarına xidmət edirlər. Belə olduğu təqdirdə də, onlara ayrı-ayrı siyasi partiyanın maraqlarına xidmət edən mətbuat orqanları kimi yanaşılmalıdır. Bir sözlə, hesab edirəm ki, həmin mətbuat orqanların müstəqil media adından çıxış etməyə nə mənəvi, nə də ki hüquqi haqqı var.
- Nəyə görə, bəzi müxalifət liderləri sahib olduqları qəzet jurnalistlərindən öz siyasi məqsədləri üçün istifadə edirlər?
- Birinci növbədə, bu, onların zəifliyindən irəli gəlir. Yəni burada medianı öz siyasi maraqlarının girovuna çevirmək, həmin o siyasi partiya liderlərinin zəifliyindən və demokratiyanın təşəkkül tipləri barədə məlumatsızlığından və yaxud bilərəkdən bu prinsipləri pozmasından irəli gəlir. Bu baxımdan, məsələnin mahiyyəti göz qabağındadır. Yəni bir sıra mətbuat orqanlarının, ayrı-ayrı siyasi partiyaların verdiyi iddialarının çevrilməsində məqsəd həmin siyasi liderlərin, siyasətçilərin özəl maraqlarından irəli gələn faktordur. Bu şəxslər ictimaiyyətlə bilavasitə münasibət qura, ictimai rəydə bir mövqeyə malik ola bilmədikləri, eyni zamanda, öz təşkilatlanma proseslərini başa çatdıra bilmədikləri və təşkilatları olmadıqları üçün medianın xidmətlərindən yararlanmaqla nəticə almağa çalışırlar. Bir məqamı da qeyd etmək istəyirəm ki, hətta ayrı-ayrı partiyanın sədrləri bu və ya digər jurnalistləri öz maraqlarının girovuna çeviriblər, bütövlükdə, mətbuat orqanında faktiki olaraq, baş redaktor funksiyasını yerinə yetirirlər. Yəni burada həm yazını diktə edirlər, həm də redaktə prosesinə nəzarət edirlər. Əslinə qalanda, bu gün həmin o radikal müxalifətin nəzarəti altında olan mətbuat orqanları, faktiki olaraq, senzura altında olan mətbuat orqanlarıdır. Bir sözlə, onların başının üzərində bir senzura var. Fərqli alternativ fikir söyləyən "Azadlıq" qəzetinin və yaxud digər oxşar mətbuat orqanının səhifəsinə çıxıb söz deməsi mümkün deyil. Alternativ fikir bu insanlar üçün yolverilməzdir. Yalnız eyni zümrənin və düşüncə sahiblərinin formatı həmin mətbuat orqanlarında gedə bilər. Fərqli fikrə, qətiyyən yol verilmir. Ancaq medianın digər struktur qurumuna, konstruktiv düşüncənin qorunmasının tərəfdarı olan mətbuat orqanlarına baxsaq, görərik ki, orada radikal düşərgənin mövqeləri, eyni zamanda, fərqli mövqedən çıxış edən insanların mövqeləri də var. Yəni bu prinsip göz qabağındadır. Har hansı alternativ bir fikir, radikal müxalifətin maraqların ziddinə olan yəni hər hansı fərqli fikir "Azadlıq" qəzetinin səhifələrində dərc olunarsa, hesab edirəm ki, həmin gün qeyri-adi bir hadisə baş vermiş olar.

Digər xəbərlər