- Dağlıq Qarabağdakı separatçı rejim ilə Ermənistanın hakimiyyət dairələrinin Xankəndində hava limanı inşa etməsi münaqişə bölgəsindəki situasiyaya necə təsir edəcək?
- Bütün aspektlərdə bu məsələnin dəyərləndirilməsi lazım gələrsə, bu Cənubi Qafqazda gedən proseslərə çox mənfi təsir göstərir. Belə ki, ilk növbədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə çox güclü zərbə vurur. Məsələ burasındadır ki, Azərbaycan 1992-ci ildən Birləşmiş Millətlər Təşkilatının üzvüdür və onun ərazi bütövlüyü dünyanın bütün dövlətləri tərəfindən tanınıb. Amma bütün dünya eyni zamanda deyir ki, o vaxtdan Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin bir hissəsi, Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon işğal olunub və bu günə qədər işğal altındadır. Bu gün də beynəlxalq birliyin, bir sıra beynəlxalq təşkilatların köməyi və iştirakı ilə bu münaqişənin sülh və danışıqlar yolu ilə həlli istiqamətində danışıqlar gedir. Eyni zamanda Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərində həmsədrlərlə bərabər Rusiya Federasiyasının prezidenti də fəal iştirak edir. Münaqişə bu gün də həll olunmayıb. Baxmayaraq ki, bu istiqamətdə müəyyən addımlar atılıb. Belə olan halda Ermənistan tərəfinin münaqişənin sülh və danışıqlar yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı bəyanatları nə deməkdir? Guya ki, münaqişənin həlli ilə bağlı addımlar atmaq və bu sahədə öz səylərini ortaya qoymaq istəyir. Digər tərəfdən isə elə addımlar atır ki, bu addımlar beynəlxalq hüququn birbaşa pozulması deməkdir. Dağlıq Qarabağ bu gün Azərbaycanın ərazisi hesab olunur. Bu qondarma qurumu ermənilər nə qədər iddia etsələr də, nə qədər cəhdlər göstərsələr də heç bir tərəfdən tanınması faktı yoxdur və bu heç vaxt olmayacaq. Belə olan halda Ermənistan və Dağlıq Qarabağın qondarma qurumu birbaşa beynəlxalq hüququ pozur. Ona görə də bu Azərbaycan tərəfindən qəbul edilə bilməz. Bu münaqişəyə sivil, beynəlxalq hüquq normaları çərçivəsində yanaşma deyil. Ermənistan tərəfinin münaqişənin həlli ilə bağlı mövqeyinin dəyişməyinə gəlincə, mən düşünürəm ki, dəyişmə prosesi hələ davam edəcək.
- Xankəndində hava limanın açılışına hazırlıqlar və seperatçıların son davranışlarına dünya birliyinin reaksiyası çox qəribədir. Sizcə, bu beynəlxalq hüquq anlayışının yalnız söz olduğuna dəlalət etmirmi?
- Çox təəssüflər olsun ki, biz bununla bağlı müəyyən bəyanatlar veririk və deyirik. Həqiqətən də beynəlxalq hüququ dünyanın aparıcı dövlətləri, xüsusilə də bugünkü beynəlxalq hüquqü İkinci Dünya müharibəsindən sonra dünyanın aparıcı dövlətləri yaradıblar. Onlar 200-ə yaxın dövlətə bu beynəlxalq hüquq normaları çərçivəsində bir-biri ilə əlaqələr və münasibətlərin bütün sahələrdə qurmaq təklifini veriblər. Amma təəsüflər olsun ki, bu gün həmin təkliflər və beynəlxalq hüquq prinsipləri yaransa da onun həyata keçməsi məsələsində problemlər var. Məhz dünyanın əsas aparıcı dövlətlərinin fəaliyyətində biz bu gün beynəlxalq hüquq normaları və prinsiplərinə tam səmimi və ədalətli yanaşma məsələsini görə bilmirik. Çox zaman da bu dövlətlərin fəaliyyətini dərindən, ətraflı sürətdə, arqumentlərlə təhlil etdikdə görürük ki, onların özləri də buna çox birtərəfli yanaşırlar. İngilis siyasətçisi və filosofu belə bir fikir söyləyib: Beynəlxalq hüqüqu böyük dövlətlər yalnız özləri üçün yaradıblar. Onlar özlərinə lazım olanda adını çəkib onu tətbiq etmək üçün bütün səyləri ortaya qoyurlar. Başqalarına lazım olanda bunu etmirlər.
- ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın Xankəndində aeroportun açılması və oraya aviareyslərin təşkili barədə açıqlamasına münasibətiniz necədir?
-Mənim buna münasibətim əlbəttə mənfidir. Belə addımları atmaq lazım deyil. Bu gün elə bir təəssürat ola bilər ki, beynəlxalq hüquqa müəyyən mənada saymazcasına yanaşarıqsa, bundan yalnız bir sıra dövlətlər zərər çəkə bilər. Əslində həqiqi strateji düşüncəli siyasətçi, ölkəsinin gələcəyini yalnız bir-iki il üçün yox, uzun illər üçün görmək istəyən siyasətçi anlamalıdır ki, bu cür addımların son nəticədə strateji baxımından, uzun müddətlilik baxımından nəzərə alınarsa, həmin dövlətin elə özünə təsir göstərər. Çünki, dünya heç bir vaxt yerində durmayıb, dayanmayıb və onun bir ildən yox, iyirmi, otuz, yüz, iki yüz ildən sonra nə cür olacağına heç kəs təminat verə bilmır. Ona görə də bu cür addımlar atmaq lazım deyil. Məhz bu gün dünyada hüquqi, ədalətli yanaşmanı başda Amerika Birləşmiş Ştatları olmaqla aparıcı dövlətlərdən gözləyirlər. Onlar da buna bəzən etinasızlıq göstərəndə, bəzən özləri istədiyi kimi təqdim edəndə o zaman bu elə-belə uzunmüddətli düşüncə çərçivəsində nəticəsiz qalmaz. Əlbəttə, bu düzgün deyil. Çox təəssüflər olsun ki, bir sıra Qərb dövlətləri müəyyən məsələlərdə bir az yumşaq desək, bizim gördüyümüz məsələlərə müəyyən maraqlar çərçivəsində yanaşırlar. Bu maraqlar genişdir. Yəni Ermənistanın maraqlarından tutmuş öz maraqlarına qədər və ya öz maraqlarından tutmuş Ermənistan maraqlarına qədər. Bu da düzgün deyil. Bütünlükdə bunu təkcə Azərbaycan üçün yox, bütün beynəlxalq qayda-qanun üçün zərərli bir proses, mövqe hesab etmək lazımdır.
- ATƏT-in Minsk Qrupu həmsədrləri gələn həftə bölgəyə səfər edəcəklər. Fikrinizcə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfəri konkret nəticələr verə bilərmi?
- Baxmayaraq ki, Minsk Qrupunun həmsədrləri müəyyən səylər göstərirlər, lakin bu gün gedən danışıqlar prosesi çox mürəkkəb xarakterlidir. Rusiya Federasiyasının prezidenti bu istiqamətdə fəal iştirak edir, münaqişənin həllində maraqlı olduğunu bəyan edir. Amma bu gün əsas məsələ ondan ibarətdir ki, beynəlxalq hüququn həyata keçirilməsi, yəni reallaşdırılması ən vacib məsələdir. Əslində Ermənistana beynəlxalq hüquq baxımından normal, yəni adi təzyiq olsaydı, onun qarşısında bu məsələlərlə bağlı konkret mövqe qoyulsaydı, Ermənistan heç bir şey edə bilməzdi. Çox təəssüflər olsun ki, bu gün Ermənistana heç bir təzyiq olunmur. Məhz buna görə Ermənistan özünü müəyyən mənada rahat hiss edir, məkrli planlarını tez-tez ortaya qoyur və münaqişənin həllində vaxtı uzatmaq üçün hər hansı kiçik bir fürsətdən də istifadə etməyə çalışır. Buna görə də sizin sualınıza konkret cavab vermək çətindir. Bu yaxınlarda Minsk Qrupu həmsədrlərinin rəhbərlik etdiyi faktaraşdırıcı missiya işğal olunan ərazilərdə monitorinq həyata keçirdi. Orada beynəlxalq təşkilatların nümayəndələri də var idi. Açıq göstərirlər ki, bu gün iyirmi il əvvəl işğal olunan ərazilərdə vəziyyət necədir. Həmin mətndə hər şey yazılıb. Əslində beynəlxalq təşkilatlar, həmin dövlətlər, regional təşkilatlar, qeyri-hökümət təşkilatları, onlar ki Azərbaycan haqqında balaca bir hadisə olan kimi dünyanın hər yerinə müxtəlif xarakterli informasiyalar yayırlar, heç olmasa onunla da bağlı ədalət naminə, bir haqq naminə yazsınlar. Həmsədrlərin sahə qiymətləndirmə missiyasının mətnini oxuyandan sonra onlar mütləq buna qarşı bir mövqe bildirməli idilər. İyirmi ildir ki, ərazilər darmadağın edilir, dağıdılır və vəziyyət çox pisdir. Onlar da bunu görürlər. Heç buna yaxından normal, konkret, operativ, ədalətli mövqe nümayiş bildirmək istəmirlər. Bu bizim bugünkü beynəlxalq münasibətlər sütununun böyük bir problemidir və bu problemin belə qalması ümumiyyətlə, çox təhlükəlidir.
- Dağlıq Qarabağ məsələsində Ermənistanın radikal siyasəti bölgədə yeni müharibəyə səbəb ola bilərmi?
-Biz belə düşünürük ki, hələlik sülh və danışıqlar yolu ilə münaqişənin həlli üçün imkanlar var. Yəni bunun üçün resurslar tükənməyib. Baxmayaraq ki, Ermənistan tərəfi qeyri-kostruktiv mövqe tutur və vaxtı daim uzatmağa çalışır. Amma bu əslində onların faciəsidir. Bu onların ağıllı, uzaqgörən olması demək deyil. Bu onların məkrli olması, həyatlarını yalnız saxta, riyakar belə məkrli proseslər üzərində qurması deməkdir. Onlar bu illər ərzində keçən dövrü yaxşı təhlil edib nəticələr çıxarmağı bacarsaydılar, görərdilər ki, bu iyirmi ildə onlar nə qədər geriyə düşüblər. Əslində onların ağılları bir balaca yerində olsaydı, onlar bu iyirmi il ərzində Azərbaycanın hesabına Cənubi Qafqazda inkişaf etmiş dövlətlərdən biri olardılar. Hətta sovet dövründəki o illər ərzində Ermənistan Azərbaycanın hesabına firavan yaşayıb. Yəni, Azərbaycanın resursları hesabına yaşayıb. Bu faktdır və göz qabağındadır. Lakin ermənilərin rəhbərlərinin yüz illərlə qalan bir xəstəliyi var ki, hazırda da bu xəstəlikdən sağala bilmirlər. Onlar bütün maraqları özlərinin maraqlarına qurban verərək yalan, saxta sənədlər, fikirlər üzərində özlərinin tarixini yaradaraq bütün xalqı ona girov edirlər və düşünmürlər ki, belə davam etdikcə Cənubi Qafqazda yaranan situasiya Ermənistanla Azərbaycan arasında olan fərqi onlar üçün daha pis, katastrofik bir vəziyyətə gətirib salacaq. Amma fikir verin, Gürcüstanla Azərbaycan arasında necə gözəl əməkdaşlıq var. Məgər Qafqaz ölkələri bir-biri ilə sıx münasibətə girərək yaşıya bilməz? Sovet dövründə yaşaya biliblərsə, demokratiya dövründə azadlıq dövründə niyə yaşamasınlar? Birgə uğurlar əldə etməklə yaşaya bilərlər və bundan da Ermənistan tərəfi yalnız on qat artıq udardı. Bakıda və rayonlarda yaxşı yaşayırdılar. Dağlıq Qarabağda onların muxtariyyətini kim almışdı ki? Lakin onların bunu başa düşüb qiymətləndirməyə ağılları çatmır. Bir daha deyirəm ki, Ermənistanın hakim dairələri öz maraqlarını millətin maraqlarından üstün tutur və xalqı öz maraqlarının girovuna çevirir.
- Radikal müxalifətin son aksiya cəhdlərini necə qiymətləndirirsiniz?
- Azərbaycan bu gün təkcə Cənubi Qafqazın yox, dünya dövlətləri arasında son illər ərzində ən dinamik inkişaf edən, sabit və təhlükəsizlik şəraitini təmin edən bir dövlətdir. Bu bir ilin hadisəsi deyil. Bu on beş il ərzində dinamik inkişafı təmin edən bir dövlət bu gün də inkişaf etməkdə davam edir. Əlbəttə, bu həm ölkə daxili, həm də xaric üçün gözəl bir misaldır. Bunu hamı görür və qiymətləndirir. Elə buna görə də müəyyən mənada həm ölkə daxilində, həm də xaricdə müəyyən dairələrin qısqanclığını özündə yaradır. Bu qısqanclıq indi də var, həmişə olub və olacaq. Amma digər tərəfdən bu gün artıq iyirmi ildən artıq bir dövrdə hərəsi bir partiyanın rəhbəri, sədri və yaxud başqanı olub. Bunlar özlərinin artıq siyasi cəfəng olduqlarını çox yaxşı başa düşürlər, anlayırlar. 20 ildir ki, bir partiyanın rəhbəri olaraq heç bir iş görməyiblər və bu uğursuzluqlarını gözəl anlayırlar. Bundan sonra da on il, on beş il partiyanın rəhbəri olaraq qalmaq üçün nə etmək lazımdır? Ona görə də onlar bu gün sanki pusquda dayanaraq bu proseslər üstündə nəyinsə intizarındadırlar, nəyisə gözləyirlər. Özləri heç bir şey edə bilməyəcəklərini bildikləri üçün bəlkə burada bir vəziyyət yarandı, bəlkə xaricdən bir təklif oldu, bəlkə qonşuda hansısa bir hadisə oldu və bunun bizə hər hansı bir köməyi oldu xəyalları ilə yaşayırlar. Bu birinci cəhd deyil. Elə bu son on illikdə rəngli inqilabları dəfələrlə görmüşük. Başqa bir ölkədə baş verən hadisədən bir növ havalanaraq nəyəsə nail olmağa çalışırlar. Son vaxtlarda ərəb dövlətlərində baş verən hadisələr müəyyən mənada onlara ümid verib. Bəlkə birdən bu variant oldu. Amma onların faciəsi bundan ibarətdir ki, onlar güclü siyasi təhlil edib nəticə çıxara bilmirlər. Ərəb dövlətlərində gedən proseslər Azərbaycanda 20 il əvvəl olub və keçib. Yəni bu proseslərin önündə dayanmışıq. Bir neçə gün ərzində bütün xalq birdən-birə meydana çıxıb öz hüquqlarını tələb edib, öz arzu istəyini və iradəsini bildirib. Yəni bu gün artıq Azərbaycan xalqı bu arzusuna çatıb. Buna çatmaq üçün də xalqa dahi rəhbər, ümummilli lider Heydər Əliyev yardım göstərib. İndi isə həmin yolu bütün mənalarda, bütün səyləri ilə Prezident İlham Əliyev davam etdirir. Ona görə də xalq bu gün bir qrup radikal müxalifətçinin ardınca gedən deyil. Heç vaxt da getməyəcək. Ona görə də müxalifətdə parçalanma prosesləri baş verir. Bu bir prosesdir. İndi gedib oturacaqlar evində.Çünki onlar bilirlər ki, onların boş-boş ideyaları ilə insanları harasa aparıb çıxarmaq mümkün deyil. Yenə deyirəm bu mürəkkəb prosesdir. Bəzi insanlar müəyyən vədlərə aldanaraq onlara qoşulur. Ölkə xaricində müəyyən dairələr var ki, qızışdırırlar. Hay-küyə getməyi də bəziləri sevir. Amma bir şeyi başa düşməlidirlər ki boş xülyalar dalınca çox getmək mümkün deyil. Tez bir zamanda onların hamısına aydın olacaq və ondan sonra düşünürəm ki, həqiqi mənada özlərində məsuliyyət hiss edəcəklər. Onların hamısı gərək papaqlarını çıxarıb qoysunlar qabaqlarına ki, biz heç nəyi doğrudan da bacarmırıq və çıxıb gedirik.