Azərbaycan Ermənistandan hərbi, iqtisadi və siyasi cəhətdən qat-qat güclüdür
- Fəzail müəllim, Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayarsa, Türkiyənin Azərbaycana hərbi və siyasi dəstək verməsi nə dərəcədə realdır?
- Burada Türkiyənin hərbi əməliyyatlara qoşulması məsələsi kifayət qədər ciddi məsələdir. Yəni Türkiyə Azərbaycana hərbi və siyasi dəstək verərsə, onda Ermənistan tərəfini də Rusiya dəstəkləyə bilər. Bu da çox ciddi bir dünya böhranına gətirib çıxara bilər. Azərbaycan dövləti hərbi cəhətdən kifayət qədər güclü, iqtisadi cəhətdən inkişaf etmiş, siyasi cəhətdən isə sabit bir ölkə olaraq, öz problemlərini heç bir kəsdən kömək ummadan həll edə bilər. Burada kənar qüvvələr bu işə müdaxilə etməzsə, Azərbaycan bu məsələni çox rahat şəkildə həll edə bilər. Sadəcə olaraq, Azərbaycan tərəfi bu gün hələ ki, beynəlxalq hüquq normaları çərçivəsində Dağlıq Qarabağ münaqişəsini həll etməyə cəhd edir.
- Müharibə başlayarsa, sizcə, Azərbaycan işğal altında olan ərazilərini hansı zaman kəsiyində azad edə bilər?
- Ermənistan iqtisadi cəhətdən çox zəif, siyasi cəhətdən qeyri-stabil, hərbi cəhətdən isə çox gücsüz bir ölkədir. İkincisi, Ermənistanın idarəçiliyi özündə yox, Rusiyanın əlindədir. Üçüncüsü də əgər Ermənistan müharibəyə başlayarsa, fikrimcə, orada elə bir güclü daxili çaxnaşma yarana bilər ki, bunun nəticəsində də Azərbaycan tərəfi çox qısa bir müddət ərzində işğal olunmuş ərazilərini azad edə bilər.
- Rusiyanın Ermənistanla hərbi əməkdaşlığı mövcuddur. Bu amil müharibənin gedişində Rusiyanın Ermənistana hərbi yardımı baş verə bilərmi?
- Təbii ki, Rusiya ilə Ermənistan müttəfiqdirlər. Onların aralarındakı müqavilədə də qeyd olunub ki, Ermənistan tərəfi hər hansı bir təcavüzə məruz qalarsa, Rusiya tərəfi bu məsələyə laqeyd qalmayacaq. Yəni belə bir hərbi-strateji əməkdaşlıq müqaviləsi var. Ancaq burada Azərbaycan tərəfi, Ermənistana hücum etmir və torpaqlarını da işğal etmək niyyətində deyil. Burada Azərbaycan tərəfi, Ermənistanın təcavüzünə məruz qalmış öz torpaqlarını işğaldan azad etmək fikrinə düşəcəyi halda, onda Ermənistan-Rusiya müqaviləsinin maddəsinə əsasən, Rusiyanın bura müdaxiləsinə imkan olmayacaqdır. Yox, əgər Azərbaycan işğal altında olan torpaqlarını azad edib Ermənistan sərhədlərinə girərsə, o halda Rusiya tərəfi bu məsələyə müdaxilə edə bilər.