Mitinqlərin keçirilməsi real görünmür
- Tahir müəllim, müxalifətin radikal qanadı mitinqlər keçirməyi planlaşdırır. Sizcə, hazırkı mərhələdə bu cür aksiyaların keçirilməsinə ehtiyac varmı?
- İnternet saytlarından əldə etdiyimiz məlumatlara görə, demək olar ki, mitinq keçirmək istəyənlərin əsas təşkilatları xaricdə yerləşir. İlk öncə, ölkə vətəndaşlarının mitinq keçirmək istəkləri yoxdur. Ümumiyyətlə, mitinqlər hansısa zərurətdən doğur. Mitinqlər o halda keçirilə bilər ki, ölkə zəif şəkildə inkişaf etsin. Amma bu gün Azərbaycan dövləti çox yüksək səviyyədə hər cəhətdən inkişaf etməkdədir. Yəni, Prezident İlham Əliyev ölkəmizin daha da inkişaf etməsi üçün əlindən gələni edir. Hesab edirəm ki, ölkədə mitinqlərin keçirilməsinə heç bir ehtiyac yoxdur.
- Gözlənilməz aksiyaların planlaşdırılmasında xarici maraqlı qüvvələrin rolu olduğunu demək olarmı?
- Heç bir xarici havadar, həvəsləndirmə olmadan, heç vaxt bu cür addımlara gedilməyib və gedilməz də. Yəni, bu mitinqlərin keçirilməsi ilə bağlı, xarici həvəsləndirmə olmasa, heç bir kəs irəli düşməz. Bir sözlə, ölkə vətəndaşları, müxalifətçiləri çox yaxşı tanıyır və bilir. Uzun sözün qısası, onlar hər zaman bu cür fikirlərlə çıxış edirlər, amma dediklərinə əməl etmirlər. Hesab edirəm ki, mitinqlərin keçirilməsi real görünmür.
- Hansısa partiyanın xarici maraqlı qüvvələrlə işbirliyinə gedib onlardan maliyyə yardımı alması "Siyasi partiyalar haqqında" Qanunun tələblərinə zidd deyilmi?
- Əlbəttə, "Siyasi partiyalar haqqında" Qanun birmənalı şəkildə partiyaların xaricdən maliyyələşməsini qadağan edib. Yəni, qanunun özündə birbaşa qadağan olunub ki, heç bir halda partiyalar xaricdən maliyyələşə bilməz. Təəssüf ki, ölkədə fəaliyyət göstərən bəzi partiyalar, QHT-lər vasitəsi ilə xaricdən maliyyə vəsaiti əldə edirlər. Bu da qanunvericiliyin tələblərinə tamamilə ziddir. Düşünürəm ki, bu tip partiyaların fəaliyyəti dayandırılmalı və təşkilat sədrləri məsuliyyətə cəlb olunmalıdırlar.