Mitinqlərin keçirilməsinə ehtiyac yoxdur
- Mais müəllim, müxalifətin radikal qanadı mitinqlər keçirməyi planlaşdırır. Sizcə, hazırkı mərhələdə bu cür aksiyaların keçirilməsinə ehtiyac varmı?
- Müxalifətin radikal qanadı hər zaman gündəmdə qalmaq üçün qeyri-anormal hərəkətlərə əl atır. Hesab edirəm ki, bu gün ölkəmizdə etiraz aksiyalarının keçirilməsinə heç bir ehtiyac yoxdur. Çünki Azərbaycan da bütün sahələr üzrə işlər normal qaydada inkişaf etməkdədir. Mitinq keçirmək istənilən Azərbaycan vətəndaşının hüququdur. Bu, həm də bizim Konstitusiyada da öz əksini tapıb. Amma bu hüquqdan nə vaxt və nə üçün istifadə etmək lazım olduğunu dəqiqləşdirməyə ehtiyac var. Bu gün isə mitinqlərin keçirilməsi üçün heç bir əsas yoxdur. Düzdür, ölkəmizdə bəzi problemlər var. Amma həmin o problemlər zaman çərçivəsində öz həllini tapır. Bu gün regionda Azərbaycan güclü və qüdrətli bir dövlətə çevrilib. Təbii ki, bu da ölkə Prezidentinin apardığı düşünülmüş məqsədyönlü siyasətindən xəbər verir. Ona görə də, belə olan halda heç bir mitinqdən söhbət gedə bilməz. Əgər radikal müxalifət mitinqlər keçirmək istəsə belə, buna nail ola bilməyəcəklər. Çünki artıq onların ətrafında tərəfdarları belə qalmayıb. Sadəcə olaraq, özlərinə diqqəti cəlb etmək üçün bu cür hərəkətlərə əl atırlar.
- Gözlənilməz aksiyaların planlaşdırılmasında xarici maraqlı qüvvələrin rolu ola bilərmi?
- Ümumiyyətlə, Azərbaycanı istəməyən qüvvələr var. Yəni, Azərbaycan dövlətinə qısqanclıq, paxıllıq hissi ilə yanaşan dövlətlər və qüvvələr mövcuddur. Bunlar həm xaricdə, həm də ölkəmizdə mövcuddurlar. Amma burada əsas olan odur ki, Azərbaycan xalqı və seçiciləri hər zaman ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx şəkildə birləşib. Azərbaycanı istəməyən qüvvələr mövcud olsa belə, hesab edirəm ki, onlar çox az, cılız və heç nəyə nail ola bilməyən qüvvələrdir. Bir sözlə, həmin o qüvvələr Azərbaycan dövlətinə heç bir şey edə bilməyəcəkdir.
- Hansısa partiyanın xarici maraqlı qüvvələrlə işbirliyinə gedib, onlardan maliyyə yardımı alması "Siyasi partiyalar haqqında qanunun tələblərinə zidd deyilmi?
- Bildiyiniz kimi, Azərbaycan qanunlarına görə, siyasi partiyalar, heç bir xarici dövlət tərəfindən maliyyələşdirilə bilməz. Düşünürəm ki, əgər partiyalar xarici qüvvələrlə işbirliyinə gedib onlardan maliyyə yardımları alırlarsa, təbii ki, bu halda həmin partiyalar və onların rəhbərləri məsuliyyətə cəlb edilməlidir. Yəni, xaricdən maliyyələşən partiyalar varsa, onların fəaliyyətinə, qanun çərçivəsində qadağa qoyulmalıdır.