Müharibənin sərhədləri Yerevana qədər genişlənə bilər
Fazil müəllim, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistanın qeyri-konustruktiv mövqe sərgiləməsi Azərbaycanı konkret hərbi variant üzərində düşünməyə vadar edə bilərmi?
- Bu, birmənalı şəkildə bilinir ki, əgər işğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində hər hansı bir addım atmasa, onda Azərbaycan hərb yolu ilə bu məsələnin həll olunmasına çalışacaqdır. Amma indiki şərtlər buna nə dərəcədə uyğundur və yaxud da uyğun deyil, bu, artıq başqa bir məsələdir. Burada əsas odur ki, bu problem bir iradə kimi, ortaya qoyulub. Biz bütün hallarda çalışmalıyıq ki, diplomatik səylərmizi gücləndirək.
- Sizcə, müharibə başlayarsa, beynəlxalq güclərin buna reaksiyası necə ola bilər?
- Beynəlxalq güclərin reaksiyası Ermənistan tərəfini dəstəkləmək mövqeyi daha çox ehtimalı olunur. Çünki indiyə qədər Ermənistana işğalçı dövlət kimi sanksiyalar tətbiq olunmursa, o zaman müharibə başlayarsa, Ermənistan daha yazıq bir görüntü olaraq dünyaya təqdim olunacaqdır. Ona görə də, biz bütün bu məsələləri ciddi şəkildə ölçüb-biçib, buna uyğun addımlar atmalıyıq.
- Ermənistanla Rusiya arasında hərbi əməkdaşlığa dair imzalanan müqavilə, Azərbaycanın apardığı müharibənin sərhədlərinin Yerevana qədər davam etməsinin qarşısını ala bilərmi?
- Burada Azərbaycan daha çox beynəlxalq hüquq nöqteyi nəzərindən öz addımlarını əsaslandırmalıdır. Hətta hərbi müdaxilə olsa belə, burada birbaşa olaraq, Dağlıq Qarabağ və Qarabağ ətrafındakı rayonların azad olunması və suverenliyinin bərpa olunması istiqamətində olmalıdır. Çünki ondan o tərəfə sərhədi keçmək Azərbaycanın ciddi təhlükə ilə üz-üzə qalmasına gətirib çıxara bilər. Ölkəmiz beynəlxalq təhdidlə qarşılaşa bilər. Bu baxımdan da, əsas hədəfimiz özümüzə aid olan itirilmiş torpaqların qaytarılmasına cəhd etməliyik.