"Reket" qəzetlərin adları siyahıdan çıxarıla bilər
- Müşfiq müəllim, "Reket jurnalistika"ya qarşı mübarizədə Mətbuat Şurası müəyyən nəticələr əldə edə bilirmi?
- Əlbəttə ki, Mətbuat Şurasının "reket" jurnalistikaya qarşı apardığı mübarizənin nəticəsi müsbət olub. Adları "reket" siyahıda elan olunan qəzetlərə qarşı aparılan mübarizənin nəticələri ilk öncə özünü onda göstərir ki, o qəzetlər dəfələrlə MŞ-yə xahişlə müraciət edərək, bildiriblər ki, adları "qara siyahı"dan çıxarılsın. Çünki o qəzetlərin adları həmin "qara siyahı"ya düşəndən sonra, artıq onların fəaliyyətləri iflic olur, fəaliyyət göstərə bilmirlər və heç bir yerdə onları ciddi şəkildə qəbul etmirlər. Amma onlara da izah olunur ki, bu məsələlər xahiş ilə yerinə yetirilmir. Adı "reket" siyahıya düşmüş qəzetlərin adlarının siyahıdan çıxarılması üçün prosedur qaydalar mövcuddur. Həmin prosedur qaydalara da riayət edilməlidir. Bu qaydalar da ondan ibarətdir ki, onların adı həmin siyahıya salındığı gündən etibarən, bir il müddətində barələrində əsaslandırılmış şikayət olmasın, fəaliyyətlərində də düzəliş etməlidirlər və özlərinin stabil nəşr olunması haqqında MŞ-ni məlumatlandırsınlar. Yəni, çıxmış nüsxələrini MŞ-yə təqdim etsinlər ki, onların monitorinqi aparılsın. Bir daha qeyd etmək istəyirəm ki, jurnalistlərin peşə-davranış qaydalarını pozması haqda xüsusi ötən bir il müddətində heç bir hala yol verməzlərsə, "reket" siyahısına düşmüş qəzetlərin adlarının çıxarılması üzrə xüsusi apellyasiya qrupu fəaliyyət göstərir. Həmin apellyasiya qrupu da bununla bağlı iş aparır və onların adını da oradan çıxarır. Keçən il milli mətbuatın 135 illiyi ilə bağlı, gedən proseslərdə bu qəzetlərin bir qisminin adı "qara siyahı"dan çıxarıldı. Amma qalan müraciətlərə müsbət cavab verilmədi. Hansı ki, 30-a yaxın əlavə müraciətlər var ki, onlar da istəyirlər ki, adları o siyahıdan çıxarılsın. Amma onların fəaliyyətlərində dönüş olmadığına görə, bu məsələlər yubanır. Bütün bunlar onu göstərir ki, bu sahədə Mətbuat Şurasının apardığı iş uğurludur.
- Mətbuat-cəmiyyət, mətbuat-dövlət əlaqələrinin qurulmasında Mətbuat Şurasının rolu barədə nə deyə bilərsiniz?
- Təbii ki, biz də bu məsələ ilə bağlı nailiyyətlər çox yüksəkdir. Bizdə dövlət qurumları ilə münasibətlərin tənzimlənməsi üçün xüsusi komissiya fəaliyyat göstərir. Ümumiyyətlə, Mətbuat Şurası elə bir qurumdur ki, jurnalistikanın bütün sferalarını əhatə edir. Bir sözlə, MŞ mətbuatın problemlərinin həlli ilə məşğul olur. Təsadüfi deyil ki, Azərbaycan Mətbuat Şurası, dünya Mətbuat Şuraları Assosiasiyaları arasında ən qüvvətli, qüdrətli və yerində olan təşkilatlardan biri kimi qəbul olunur. Bugünkü gedişat onu göstərir ki, MŞ kifayət qədər uğurlu amillərə imza ata bilib.
- KİVDF jurnalistlərin maddi, məişət və sosial problemlərinin həlli istiqamətində mənzillərin paylanmasından hər bir jurnalist razı qalacaqmı?
- KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu müxtəlif sahələrdə iş aparır. Yəni, burada ölkədə fəaliyyət göstərən KİV redaksiyalarının müstəqilliyinin artırılması, onların maddi-texniki bazasının gücləndirilməsi və başqa istiqamətlər üzrə. Buna misal olaraq, jurnalistlərin sosial-iqtisadi durumlarının yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər göstərmək olar. Keçirilən bu tədbirləri mən 3 qismə bölərdim. Birinci qismində birbaşa göstərilən yardımlardan söhbət gedir. Bildiyiniz kimi, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu il ərzində 3-4 dəfə fərdi jurnalist yazı müsabiqələri elan edir. Hər il də, demək olar ki, 100-dən artıq jurnalist keçirilən bu müsabiqələrdə qalib olur və mükafatlandırılır. Burada KİVDF təkcə öz müsabiqələri ilə deyil, həm də müştərək müsabiqələr keçirir. Bildiyiniz kimi, keçən il Təhsil, Rabitə və İnformasiya Texnologiyaları və Ekologiya nazirlikləri ilə birgə müştərək müsabiqələr keçirildi ki, həmin müsabiqələrdə də təqribən 100-ə yaxın jurnalist mükafatlandırıldı. Bir sözlə, KİVDF bir çox uğurlu addımlar atır.
Mənzillərin paylanılması ilə bağlı məsələ çox ciddi bir addımdır. Rəsmi statistikaya görə, Azərbaycanda 15 mindən yuxarı jurnalist fəaliyyət göstərir. Təbii ki, bir ilin içərisində 15 min jurnalistin problemlərini həll etmək və mənzillər təmin etmək mümkün deyil. Nəzərə alsaq ki, bu, bir prosesdir. Yəni, bir il üçün ayrılmış puldur. Burada əsas məsələ odur ki, biz bu prosesin davamlılığını təmin edək. Üzümüzə gələn növbəti illərdə də bu cür addımlar atılsın ki, ölkədə səriştəli, peşəkar fəaliyyət göstərən jurnalistləri ev ilə təmin edə bilək.
- Sizcə, jurnalistlər mənzil üçün KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fonduna, kollektiv şəkildə, yoxsa fərdi qaydada müraciət etsələr daha effektli olardı?
- Bu məsələ jurnalistlərin istəyindən yox, KİVDF-nin Müşahidə Şurasının qərarından asılı olacaqdır. Əlbəttə ki, burada Müşahidə Şurası və icraçı direktoru da məlumat verib ki, bu bina tikilib hazır olana yaxın orada iclas keçiriləcək. Bu mənzillərin hansı şərtlər daxilində jurnalistlərə paylanılması haqqında Müşahidə Şurasının ümumi bir qərarı olacaqdır. Həmin iclas ona görə yubadılır ki, bina hazır olmalı və bilinməlidir ki, burada nə qədər mənzil var. İlk öncə bu mənzillərin kimlərə paylanılması məsələsi dəqiqləşdirilməlidir. Bir sözlə, bununla bağlı təkliflər çoxdur. Təkliflər müxtəlif istiqamətlərdə daxil olur. Bir qismi deyir ki, mənzillə yaşlı jurnalistləri təmin etmək lazımdır, çünki bunların fəaliyyəti sona yaxınlaşmağa doğrudur. Bir qismi isə deyir ki, daha çox peşəkar jurnalistlər mənzillə təmin edilməlidir. Bir sözlə, təkliflər çoxdur. Amma bütün bu təkliflərin hamısı, ümumillikdə, ümumilləşdirilməlidir, müzakirə aparılmalıdır, qərar qəbul olunmalıdır ki, mənzillər kimlərə, hansı şərtlər daxilində və hansı istiqamətlər üzrə veriləcək. Nə qədər ki, Müşahidə Şurasının iclası olmayıb və qərar qəbul edilməyib bu sahədə konkret bir fikir söyləmək olmaz. Jurnalistlər KİV-lərdə öz fikirlərini söyləməlidirlər. Təbii ki, həmin müzakirələrin yekunu olaraq KİVDF-nıin və Müşahidə Şurasının özünün qərarı olacaqdır.
- Ümumilikdə, dövlətin mətbuata diqqət və qayğısını necə xarakterizə edə bilərsiniz?
- Qeyd etdiyim kimi, KİVDF-nin yaradılması, Mətbuat Şurasının fəaliyyəti və ümumilikdə, QHT-lərdə, media qurumlarında yaradılan şərait diqqətəlayiqdir. Azərbaycanda ilk dəfədir ki, bu həcmdə proseslər həyata keçirilir. Bir sözlə, mətbuatın daha da inkişafı sahəsində atılan bu addımlar səriştəli və yüksək səviyyədə həyata keçirilir. Azərbaycan dövləti və hökuməti nəinki Azərbaycan jurnalistlərinə qayğı göstərir, həm də mətbuatımızın inkişafına şərait yaradır. Hesab edirəm ki, dövlətimiz hər zaman ölkə mətbuatına öz diqqət və qayğısını əsirgəmir.