“Əli Kərimov - İsa Qəmbərov yaxınlaşması müxalifətə ziyan verən yeganə prosesdir"
- Sərdar "bəy", "Azadlıq" partiyasının sədri Əhməd Oruc "İctimai Palata"ya sizə görə qoşulmadığını bildirir. Bəs sizin bu quruma qoşulmamağınız hansı arqumentlərlə bağlıdır?
- Ə.Oruc müstəqil bir partiyanın sədri olaraq belə bir söz deyibsə, demək onun heç bir məntiqi yoxdur. Çünki siyasi partiyaların sədrləri müstəqil qərarlar qəbul etmək ixtiyarına malikdirlər. Ona görə də, mənim hərəkətlərimin "Azadlıq" partiyasının sədrinə heç bir dəxli yoxdur. Hər kəs öz əməllərinə və öz iradəsinə görə məsuliyyət daşıyır. Amma onun əməlləri ilə mənim hərəkətim arasında heç bir bağlılığın olmasını da düşünmürəm. Ən yaxşı halda, mən bunu bəhanə hesab edə bilərəm.
- Bəs Pənah Hüseynovla Ə.Oruc arasında konfliktin nəticəsi olaraq, o, "İctimai palata"ya qoşulmadı. Sizin də bu səbəbdən orada iştirak etmədiyiniz nə dərəcədə həqiqətə uyğundur?
- Bunların hamısı qeyri-ciddi arqumentlərdir. Çünki siyasətdə milli və dövlət maraqları əsas götürülməlidir. Bunun üçün bizlər lazım olacağı halda öz maraqlarımızı da qurban verməliyik. Burada kimin kimə münasibətinin pis olması şəxsi maraqların üstün olmasından xəbər verir. Mən bu gün "Səs" qəzetinin redaksiyasında sizinlə həmsöhbət oluramsa, demək, digər müxalifət partiyalarından fərqli olaraq, biz milli maraqlar naminə addım atmağa hazırıq. Çünki bilirsiniz ki, bəzi müxalifət liderləri ölsələr də, "Səs" qəzetinin redaksiyasına ayaqlarını qoymazlar.
- Amma Arif Hacıyev bizim redaksiyada dəyirmi masada iştirak edib...
- Mən bəzilərini nəzərdə tutub dedim. Hamısını demədim. Çünki onlar müxalifətçiliyə düşmənçilik, küsülülük kimi baxırlar. Onlar hətta siyasi mübarizəni kin, küdurət kimi də qələmə verirlər. Bu isə kökündən yanlış bir seçimdir. Ona görə ki, siyasət pozitiv bir prosesdir. Ağılın ən yüksək fəaliyyət sahəsidir. Ağıl olan yerdə isə kin-küdurət mütləq olmamalıdır. Bunlardan mənim fərqim ondan ibarətdir ki, bir müxalifət nümayəndəsi kimi, Yeni Azərbaycan Partiyasının mərkəzi ofisinə də, onun qəzet redaksiyalarına da sərbəst şəkildə gəlib-gedə bilərəm. Bu onunla bağlıdır ki, bizim kompleksimiz yoxdur. Eyni zamanda, bu gün hakim partiyanın istənilən nümaynədəsi ilə də dialoqa girməyi özümə məqbul bilirəm. Bəlkə onlar mənim yanlış düşündüyümü və yanlış düşüncədə olduğumu izah edə bildilər. Bəlkə də onlar məni bu düşüncədən daşındırmaq imkanı əldə etdilər.
- Müsavatdan imtina etmiş şəxslərin, yəni Sülhəddin Əkbərlə İbrahim İbrahimlinin sizin partiyaya üzvü olmaq üçün müraciət etdikləri bildirilir. Bu, nə dərəcədə həqiqətə uyğundur?
- Bu yanlış bir metodologiyadır. Sadəcə olaraq, xahiş etdilər ki, mən onları qəbul edim. Beləliklə də biz onlarla görüşdük. Adıçəkilən hər iki şəxs Müsavatdan çıxma səbəblərini və digər məsələlərlə bağlı özlərinin mövqelərini bildirdilər. Bəzi məsələlərdə isə mən onlara öz izahatlarımı verdim. Ona görə də, onların bizim partiyaya üzv olmaq haqqında müraciətləri də real görünmür. Eyni zamanda, ADP-də onlara heç bir ehtiyac yoxdur.
- Keçmiş müsavatçılar sizə açıq şəkildə müraciət etsələr, siz onları partiyanıza qəbul edərsiniz?
- Mən düşünmürəm ki, belə bir şey olsun. Çünki Sülhəddin Əkbər vaxtilə ADP-də olub və sonradan müəyyən səbəblərə görə qovulub. İbrahim İbrahimli haqqında isə bir qədər tərəddüd edərdim.
- İ.İbrahimli vaxtilə sizin əleyhinizə çıxdığına görə, onu partiyanıza qəbul etməzdiniz?
- Xeyir, qətiyyən. Çünki bir vaxtlar məni söyən adamlarla bu gün mən yaxşı dostluq edirəm. Amma Müsavat partiyasından çıxdıqlarına görə, ADP-nin onları qəbul etməsi o durumu yaradar ki, bu prosesə biz də qoşula bilərik. Çünki onlar hər bir addımlarında Müsavat partiyasında konfliktlərini davam etdirmək niyyətindədirlər. Biz onları ADP-yə qəbul etsək, bu konflikt Müsavatla partiyamızın qarşıdurmasına çevriləcək. Yəni indiki situasiyada o, iki nəfərin bizim partiyaya qəbulundan söhbət belə gedə bilməz. Onlar da düşünmürəm ki, ağılsızlıq edib, bizə belə bir müraciət etsinlər. Bundan əlavə, onların ADP-yə üzv olmaları belə bir nəticəyə gətirib çıxara bilər ki, guya Müsavata qarşı aparılan kampaniyada biz də iştirak edirik.
-Siz S.Əkbərlə İ.İbrahimlini Müsavatdan imtina etdiklərinə görə, ağıllı adamlar hesab edirsiniz?
- Yəni onu demək istəyirəm ki, bunlar ruhi xəstə deyil. Ağılları başlarında olan adamlardır. Ona görə də, onlar başa düşürlər ki, bir partiya ilə intriqa aparırlar. Bizim partiyaya daxil olacaqları təqdirdə, belə çıxacaq ki, bu intriqa partiyalararası intriqadır. Halbuki burda şəxsi maraqlar üst-üstə düşməyib və onlar ayrılıblar. Ayrılıqda isə bu tamam başqa bir şeydir.
- Nə baş verir ki, müxalifət düşərgəsində baş verən bütün proseslərdən siz kənarda qalırsınız. Yoxsa ADP artıq müxalifət üçün yararsız bir təşkilata çevrilib?
- O günü öz aramızda da bu məsələ ilə bağlı müəyyən dərəcədə diskussiyalar apardıq. Orada da bildirdilər ki, niyə ADP əvvəlki kimi mövqe sərgiləmir? Bunu müəyyən dialoqla və iqtidarla yaxınlığımızla da əlaqələndirənlər oldu. Məsələ burasındadır ki, 1996-2005-ci illər ərzində ADP-nin prezidentliyə namizədi vardı. Biz düşünürdük ki, Rəsul Quliyev ADP-dən prezident seçkilərində iştirak etməklə uğur əldə edəcək. Ona görə də, 10 il biz bu işlərdə bir qədər fəallıq nümayiş etdirdik. Çünki o zamanlar bizim iddialarımız var idi. İndi isə ADP-nin prezidentliyə namizəd olacaq şəxsi olmadığına görə, onun iddiası da yoxdur. Biz ən yaxşı halda parlamentdə müəyyən dərəcədə təmsil olunmaq niyyətindəyik. İş orasındadır ki, bu gün ADP-nin prezidentliyə namizəd olacaq bir nümayəndəsi yoxdur.
- Yəni həmin şəxslər ADP-dən getdi və sizin fəaliyyətiniz də məhdudlaşmağa başladı...
- Xeyir, indi açıq şəkildə deyirəm ki, ADP-də prezident olmaq iddiasında olan adam yoxdu.
- Siz özünüzü bu iddiada görmürsünüz ki?
- Mən bu gün öz ağlıma və düşüncəmə görə, onu deyə bilərəm ki, mənim malik olduğum keyfiyyətlər bu gün ölkəni idarə etməyə kifayət etmir. Açıq şəkildə deyirəm ki, mənim bu gün Azərbaycanda olan nüfuzum mənə prezident olmağa imkan vermir.