Ermənistan-Türkiyə dostluğunu ifadə edən abidə sökülməlidir
- Nizami müəllim, Ermənistan-Türkiyə dostluğunu ifadə edən abidənin söküləcəyi ilə bağlı məlumatlar dolaşsa da, bunun reallaşması müəyyən mənada hələ də gecikir. Bunu Qars vilayətinin kiçik məmurlarının özbaşınalığı, yaxud da məsələyə çox ciddi yanaşmaması kimi dəyərləndirmək olar?
- Əgər həmin ölkənin baş naziri bu məsələni qaldırır və abidənin sökülməsini tələb edirsə, istər-istəməz bu iş həyata keçiriləcək. Sadəcə olaraq, bu barədə hələ ki, fikirlər söylənilir. Türkiyə prezidenti Abdullah Gül də Avropa Şurasının iclasında bu məsələni qaldırdı və Ermənistanın qeyri-konstruktiv mövqeyini tənqid etdi. Türkiyənin bir sıra təşkilatlarında abidənin sökülməsi məsələsi qaldırılıb. Artıq Türkiyə dövləti təcavüzkar Ermənistana qarşı müəyyən ciddi addımlar atır və işğalçı ölkəni qınayır. Vaxtilə müəyyən diplomatik münasibətləri istiləşdirmək tendensiyası vardı. O tendensiya artıq yoxdur. Bütün bunlar onu göstərir ki, Türkiyənin bu məsələdə rolu kifayət qədər sərtləşibdir. Bu da Azərbaycanı qane edən məsələdir və belə də davam eləməlidir. Təbii ki, tezliklə abidə sökülməlidir. Eləcə də, Ermənistanın atom elektrik stansiyası ilə əlaqədar məsələnin qaldırılması və monitorinq keçirilməsi tələb olunmalıdır. Təcavüzkar Ermənistanın özbaşınalığına qarşı çox sərt tədbirlərin görülməsi vacibdir.
- Abidənin sökülməsi məsələsi gündəmə gəldikdən sonra Ermənistan parlamentinin sədri Sürix razılaşmasının Ermənistan prezidenti tərəfindən parlamentdən geri götürüləcəyi hədəsi ilə çıxış etdi. Bu mövqeyi necə izah edərdiniz?
- Təcavüzkar Ermənistan tərəfi hər zaman hansısa müəyyən təxribatlara əl atır. Təxribat törətmək işğalçı Ermənistan üçün heç də yeni hadisə deyil. Sürix də Türkiyə ilə Ermənistan arasında imzalanan müqavilə ciddi işə xidmət etməyib. Son zamanların hadisələri də göstərdi ki, Türkiyənin o zaman göstərdiyi mülayim münasibətinə Ermənistan tərəfi qeyri-konstruktiv münasibət sərgiləyib. Haqlı olaraq da bu gün Ankara Yerevana qarşı sərt mövqe nümayiş etdirir. Düşünürəm ki, Türkiyə işğalçı Ermənistana qarşı olan təzyiqləri davam etdirməlidir. Çünki mülayim münasibət siyasəti özünü doğrultmadı. Türkiyənin Ermənistana təzyiqi isə, özünü doğruldacaq.
- Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həll olunması istiqamətində aparılan bütün səylər müəyyən qədər nəticəsiz qalmaqdadır. Ölkə Prezidenti cənab İlham Əliyev sülh danışıqlarının effekt verməyəcəyi təqdirdə, başqa variantlardan istifadə olunacağını bəyan edir. Bu, hərbi variantdır?
- Şübhəsiz ki, burada sonuncu olaraq, hərbi variant nəzərdə tutulur. Hərbi variant deyiləndə yalnız müharibə nəzərdə tutulmur. Hərbi ordunun səviyyəsinin yüksəlməsi ilə bağlı müəyyən hərbi təzyiq formaları da var. Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün artması Ermənistana qarşı elə ən böyük təzyiqdir. Ermənistan da isə, iqtisadi və siyasi problemlərin çoxalması onu göstərir ki, münaqişənin həllində bu ölkə həm daxildən, həm də xaricdən müəyyən təzyiqlərlə qarşılaşıb. Əlbəttə, cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, bütün hallarda hərbi yolla öz torpaqlarımızı azad etməkdən imtina etməmişik və etməyəcəyik.
- İşğalçı dövlət olan Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında tarixi-memarlıq abidələrini tamamilə dağıdıb və yerlə yeksan edib. Amma təəssüf ki, dünya birliyi bu məsələyə ciddi reaksiya vermir. Buna ikili standart kimi yanaşmaq olar?
- Ermənistandakı qədim alban abidələri xristianlaşdırılır, əlavə detallar qoyulur. Bu barədə isə, Azərbaycan tərəfinin beynəlxalq miqyasda təbliğatı xeyli güclənibdir. Amma digər qurumlardan da təzyiqlər gözləyirik. AŞPA-nın tədbirləri olmalıdır, amma keçirilən tədbirlər də lazımi səviyyədə olmur. İkili standart mövqeyi yenə də özünü büruzə verir. Çox zaman da Ermənistan müdaxilə edir, amma daha əvvəlki səviyyədə müdaxilə olunmur.
- BMT-nin Azərbaycan torpaqlarını işğal etməsinə dair dörd qətnaməsi var. Amma həmin qərarlar hələ də icra olunmur. Bunu beynəlxalq təşkilatların gücsüzlüyü, zəifliyi kimi də dəyərləndirmək olarmı?
- Əlbəttə. Əgər hansısa ölkədə münaqişə varsa, bu münaqişəni həll etmək prinsipləri aydındırsa və beynəlxalq təşkilatlar həmin prinsiplərə əsaslanıb lazımi şəkildə təcavüzkara təzyiq göstərmirsə, istər-istəməz təşkilatın nüfuzuna xələl gəlir. Amma dünyada belədir ki, çox zaman böyük dövlətlər beynəlxalq güclərə təzyiq göstərirlər. O səbəbdən də bəzən beynəlxalq təşkilatlardan sonra böyük güclərlə işləmək effektli olur. Və heç də hər hansı bir qurumun qəbul etdiyi qərar, yaxud da qətnamə tamamilə boş şey sayıla bilməz. Bu baxımdan Azərbaycan dövlətinin mövqeyini beynəlxalq təşkilatlarda daha da gücləndirməliyik.