ATƏT-in qış sessiyası Azərbaycan üçün önəmli olacaq
- Bahar xanım, ATƏT-in növbəti qış sessiyasında Azərbaycanla bağlı hansı məsələlərin müzakirəsi gözlənilir?
- ATƏT-in növbəti keçiriləcək qış sessiyasında immiqrasiya, inteqrasiya və "ATƏT regionda çoxmillətli dioloq" adlı məsələlər müzakirəyə çıxarılacaq. Eləcə də, xüsusi bir müzakirə məsələsi kimi Yaxın Şərqdəki vəziyyətin müzakirəsi gözlənilir və artıq gündəliyə də daxil edilib. İki gün davam edəcək bu sessiyada həm daimi komitənin, həm də Parlament Assambleyasının üç komitəsinin siyasi və təhlükəsizlik, iqtisadi məsələlər, elm, texnologiya, ətraf mühit, eləcə də, humanitar insan hüquqları komitəsinin iclasları və plenar sessiya keçirilməsi gözlənilir. Bundan əlavə, yaz sesiyasına hazırlıqla bağlı məruzələr üzərində də fikir mübadiləsi aparılacaq. Bütün bu məsələlərin, əlbəttə ki, Azərbaycana aidiyyətı var. Çünki Azərbaycan da, bilavasitə, ATƏT regionuna daxil olan ölkədir. Azərbaycanda olan bu problemlərin həlli baxımından dövlətimizin də özünəməxsus mövqeyi vardır. Bu problemlər haqqında danışacaq və mövqelərimizi bölüşəcəyik. Təbii ki, Xocalı soyqırımının ildönümü ərəfəsində, bir qayda olaraq, qış sessiyası keçirilir.- Ona görə də, burada qaldıracağımız və söyləyəcəyimiz məsələlərdən biri də Xocalı faciəsi olur. Dağlıq Qarabağ problemi ATƏT-in qurumlarında, o cümlədən, Parlament Assambleyasında müzakirəsi prioritet məsələlərdən biridir. Bütün bunları gündəmə gətirməyə çalışacağıq və müzakirə prosesində Azərbaycan dövlətinin mövqeyini bir daha iştirakçıların diqqətinə çatdıracağıq.
- ATƏT-in sədri, Litvanın xarici işlər naziri Moskvada səfərdə olarkən, bəyan etdi ki, Rusiyanın razılığı olmadan Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmayacaq. Bu fikirləri necə şərh edərdiniz?
- Hesab edirəm ki, Litvanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri bir çoxlarının bəzən açıq şəkildə söyləmədiyi fikri, birmənalı olaraq, qəti şəkildə ifadə edibdir. Təkcə Rusiyanın yox, eləcə də, Fransa və Amerikanın rolunu bu məsələdə kiçiltməmək şərti ilə Rusiyanın üzərinə böyük vəzifələrin düşdüyünü və çox böyük təsir imkanlarına malik olduğunu təsdiqləyirəm. Düşünürəm ki, Rusiya Dağlıq Qarabağ probleminin həllində ciddi mövqe tutduğunu bəyan etməklə yanaşı, ciddi səylər də göstərə və Ermənistana təsir rıçaqlarından ciddi şəkildə istifadə edə bilərsə, deməli, məsələnin müsbət həllini gözləmək olar.
- Ermənilər 1991-ci il dekabrın 10-da Dağlıq Qarabağda keçirilən qondarma referendumdan daha çox sitat gətirirlər. SSRİ-nin mövcudluğu fonunda qondarma referendumun tanınması nə dərəcədə realdır?
- Nəinki qondarma referendumun, eləcə də, Dağlıq Qarabağın özünü müstəqil elan etməsi, Ermənistana birləşdirilməsi haqqındakı qərarı qanuni hesab etmək olmaz və dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar da birmənalı şəkildə bu mövqedədirlər və əgər kimlərsə bu seçkilər zamanı ora "müşahidəçi" adı altında gəlibsə və bütün bunlar hamısı qeyri-qanuni olub. Azərbaycanın ciddi təpkiləri sayəsində bir çoxları bu hərəkətin yanlış olduğunu açıq şəkildə bəyan ediblər. Ona görə də nə referendum, nə də ondan sonra keçirilən hər hansı bir siyasi kampaniya və onun nəticələrini qanuni hesab etmək olmaz və bütün bunlar istinad ediləsi rəsmi sənədlər siyahısında deyillər.
- Dağlıq Qarabağda ikinci erməni dövləti yaratmaq xülyasında olan ermənilərə cavab olaraq, Ermnistanda Göyçə və Zəngəzur respublikaları yaradılması yönümündə iş aparıla bilər?
- Biz Birləşmiş Millətlər Təşkilatı çərçivəsində tanınan, sərhədləri qəbul edən bir dövlətik. Tarixən nə baş verdiyini çox zaman arxa plana ataraq, eyni zamanda, adekvat münasibəti də özümüzə qarşı gözləyirik. Ona görə də, BMT-yə daxil olan Azərbaycanın bütün sərhədləri daxilindəki ərazilərinin Azərbaycana məxsusluğunu tanıtdırmaq istiqamətində iş aparmaq və təcavüz faktını aradan qaldırmaq lazımdır. Bizim qarşımızda dayanan əsas vəzifə budur. Əlbəttə ki, Azərbaycana məxsus tarixi torpaqlar təkcə Ermənistan ərazisində deyil, hətta bir çox qonşu dövlətlərin ərazisində Azərbaycana məxsus tarixi torpaqlar vardı. Bu gün bu məsələni həll etməyə xidmət edən problemləri daha çox işıqlandırmağa çalışmalıyıq. Düşünürəm ki, birinci vəzifəmiz Dağlıq Qarabağa dair iddiaların aradan qaldırılması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Bunu etməklə yanaşı, bu torpaqların tarixən Azərbaycana məxsusluğunu bəyan etməyə, hansısa tədbirlərdə səsləndirməyə, konfranslarda istinad nöqtəsi kimi istifadə etməyi bizə heç kim qadağan etmir.
- Nədənsə, son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bir durğunluq müşahidə olunur. Bu, nə zamana qədər davam edəcək?
- ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistana təzyiqləri və onu sülhə vadar etmək üçün göstərə biləcəkləri təsirdən sonra arta bilər. Ermənistan hər vəchlə danışıqlar prosesini, ləngitməyə, qeyri-konstruktiv mövqeyini qoruyub saxlamağa xidmət edən addımlar atmaqdadır. Əlbəttə, dünya ictimaiyyəti bunu görür, mahiyyət və məzmunu anlayır. Amma təəssüf doğurası odur ki, bütün bunları ciddi şəkildə onun diqqətinə çatdıran və bu addımlardan çəkindirməyə çalışan dairələr kifayət qədər loyal münasibət göstərirlər. Düşünürəm ki, bu istiqamətdə onlar səylərini artırmalıdır və bu, Azərbaycan tərəfinin tələbidir. Ona görə də, BMT, ilk növbədə, onlara tapşırılan, həvalə edilən işi sona çatdırmaq üçün lazım olan addımları atmalıdır. Bu addımlar isə, ilk növbədə, Ermənistana təzyiqlər olmalıdır.