Radikal müxalifət çirkli işləri naminə şeytanla da işbirliyinə hazırdır
Məlumdur ki, radikal "bəy"lər seçkilərdə acınacaqlı məğlubiyyətlərini qəbul etmək əvəzinə, özlərini başqa məntiqsiz, səviyyəsiz işləri ilə sığortalamağa çalışırlar. Buna görə də olmayan nüfuzları daha da azalır və bu insanlar artıq cəmiyyət arasında heç bir təsir imkanlarına malik deyillər. Müxalifətin "İctimai Palata" yaratmaq ideyasına və həmçinin, müxalifət partiyalarının Azərbaycanı sevməyən dairələrdən aldıqları maliyyə hesabına ölkədə yaratmaq istədikləri qarşıdurmalara münasibətini bildirən Demokratik Sol Partiyasının sədri Elşən Manafov suallarımızı belə cavablandırdı.
- Parlament seçkilərində rüsvaycasına məğlub olan partiyalar "İctimai Palata" adı ilə qondarma qurum yaradırlar. Sizcə, buna ehtiyac varmı?
- Təbii ki, ənənəvi olaraq məğlub olan müxalifət partiyaları öz uğursuzluqlarını bu formada sığortalamaq istəyirlər. "İctimai Palata"nın yaradılması ərəfəsində AXCP (i) və Müsavat partiyalarının funksionerləri, həmçinin, bu partiyadan olan və seçkidə məğlubiyyətə uğrayanlar "İctimai Palata" yaradılmasını alternativ parlament hesab edəcəklər. Onların "İctimai Palata"nın fəaliyyəti və bu palatanın yaranması ilə bağlı fərqli açıqlamaları, fikirləri var. Kifayət qədər fərqli açıqlamalar olduğu üçün onların fikirləri üst-üstə düşmür. Müxalifət partiyalarının rəhbərlərinin fikrincə, "İctimai Palata" bir növ Qərbdəki, seçkilərdən sonra yaradılan alternativ kabinet rolunu oynayacaq.
- Elşən bəy, iddialara görə, belə bir palatanın yaradılmasında Qərbin müəyyən dairələrinin rolu olub. Həmçinin, Müsavatdan istefa verənlərin ABŞ səfirliyinə dəvət olunaraq onlarla söhbət etmələri və bu "İctimai Palata"nın yaradılmasında onlara hansısa tövsiyələrin verilməsi də iddiaları təsdiqləyən faktlardı. Bəs sizin bununla bağlı hansı əsaslarınız var?
- Əvvəla qeyd edək ki, Müsavat və AXCP (i)-nin Qərbyönümlü olduqları məlumdur. Həmçinin, bu partiyalara tez-tez Avropaya inteqrasiyadan və Avropa meyilliklərindən danışırlar. Lakin bilirsiniz ki, onlar özlərini M.Ə.Rəsulzadə və Elçibəyin davamçısı hesab edirlər. Bir məsələ də məlumdur ki, Qərbin bir sıra dairələri Azərbaycanın siyasi-iqtisadi fəallığını və uğurlarını həzm edə bilmirlər. Qərb-Avropa Birliyi Azərbaycana qarşı ikili standartlarla yanaşır. Onlar Azərbaycanda mövcud olan AXCP (i) və Müsavat partiyalarının əli ilə ölkədə hansısa təsir gücünə malik olmaq istəyirlər. Lakin bilməlidirlər ki, Azərbaycanda AXCP (i) və Müsavat partiyalarının siyasi gücü qat-qat aşağı və yox dərəcəsindədir. Onlar hökumətə və millətə heç bir təsir edəcək qüvvəyə malik deyil.
- Elşən bəy, elə isə xarici dairələrin AXCP (i) və Müsavata maliyyə yardımları etməsi nə ilə bağlıdır?
- Bu, bir sıra amillərlə bağlı ola bilər. Məlum məsələdi ki, Azərbaycanı sevməyən qüvvələr ölkədə iğtişaşlar yaratmaq və inkişafa müəyyən qədər təsir göstərmək naminə, həmçinin, öz təsir güclərini yaratmaq və qorumaq üçün maliyyə yardımları ayırmaqla müxalifət partiyalarından istifadə edirlər. İranın bəzi dairələrində də Azərbaycanda iğtişaşlar yaratmaq istəyi olduğu üçün onlar da ölkədə mövcud olan və İrana öz yaxınlığı ilə seçilən bəzi qurumları maliyyələşdirməklə məşğul olurlar. Son zamanlar "İslam" partiyası haqqında yayılan məlumatlar və partiya rəhbərliyinin atdığı addımlar buna sübutdur.
- Siz radikal islamçılıqdan danışdınız və bildirmək istəyirəm ki, iddialara görə, "İslam" partiyası ilə Müsavat başqanı İsa Qəmbərovun da radikal islamçılarla əlaqələri var və onların mövqeləri üst-üstə düşür. Bu mənada, İranın Müsavat partiyası ilə, konkret olaraq, İ.Qəmbərovla əlaqələri və ona təsir imkanları varmı?
- Nəzərə alsaq ki, Müsavat partiyası rəhbərliyinin "İslam" partiyasının sədrinin tutulmasından sonra mövqeyi İranın hakim dairələrinin mövqeyindən bir o qədər də fərqlənməyib, bu məna da, demək olar ki, onların fikirləri üst-üstə düşür. Bunu gördükdə isə, demək olar ki, Müsavata müəyyən mənada təsir imkanları var. Həm də onu da bilirik ki, hazırda İranda hakimiyyətin bütün istiqamətdə fikirləri radikaldır.
- Elşən bəy, ona görə də demək olarmı ki, radikal müxalifət bu gün öz yaramaz fikirlərini həyata keçirmək üçün hətta şeytanın özü ilə də işbirliyinə getməkdən çəkinməz ?
- Bəzən bu insanlar siyasətdə olmalarına baxmayaraq, əxlaqi məsələlərə o qədər də önəm vermirlər. Bilirsinizmi bu insanların əbədi dostları yox, əbədi çirkin maraqları var və bu əbədi maraqlara görə də, onlar bir çox bəd əməllər törətməyə hazırdılar. Belə ki, Müsavat və AXCP (i) partiyaları da öz fəaliyyətlərində bunu göstərmiş olurlar. O da məlumdur ki, həm Müsavatın və həm də AXCP (i)-nin daxilində bir çox problemlər var və bu problemlər getdikcə dərinləşir, həmçinin, partiyaları uçuruma sürükləyir. Bu partiyalar seçkilərdəki uğursuzluqlarını heç vaxt özlərinin zəif və səmərəsiz işləri ilə deyil, başqa amillərlə əsaslandırmağa çalışırlar. Onlar etiraf etmək istəmirlər ki, öz zəif işləri nəticəsində heç bir uğur qazanmırlar.