PDF Oxu

Müsahibə

  • 10

YAP Gənclər Birliyi Azərbaycanın ən güclü gənclər təşkilatıdır

YAP Gənclər Birliyi Azərbaycanın ən güclü gənclər təşkilatıdır
- Ramin müəllim, bu yaxınlarda "Yedinaya Rossiya" Partiyasının gənclər birliyi olan "Molodaya qvardiya" təşkilatının 4-cü qurultayında iştirak etmisiniz. Bu səfəriniz haqqında məlumat verərdiniz...
- Bildiyiniz kimi, YAP Gənclər Birliyinin nümayəndəsi olaraq Rusiyanın hakim "Yedinaya Rossiya" Partiyasının gənclər birliyi olan "Molodaya qvardiya" təşkilatının (MQER) dəvəti əsasında 21-22 dekabr tarixində bu qurumun 4-cü qurultayında iştirak etmişəm. Qurultayda öncə təşkilatın ötən 5 il ərzində gördüyü işlər haqqında hesabatı təqdim olundu. Daha sonra isə təşkilati məsələlərə baxılaraq, yeni heyət, rəhbər şəxslər seçildi. Bundan əlavə, MQER-in fəal üzvləri və Rusiyanın müxtəlif regionlarından gəlmiş nümayəndələrin iştirakı ilə geniş forum keçirildi. Qurultay çərçivəsində, həmçinin, xaricdən gəlmiş qonaqların iştirakı ilə dəyirmi masa oldu. Bu tədbirdə mən də çıxış etdim.
- Dəyirmi masanın əsas mövzusu nədən ibarət idi? Çıxışınızda hansı məsələlərə toxundunuz?
- Dəyirmi masada gənclər təşkilatları arasında əməkdaşlıq və bu əməkdaşlıq haqqında sazişlərin imzalanmasına dair fikir mübadiləsi aparıldı. Tədbirdə müxtəlif ölkələrdən gəlmiş qonaqlar da çıxış etdilər. YAP Gənclər Birliyi adından mən çıxış edərək, ilk növbədə, tədbirə dəvət etdikləri üçün MQER rəhbərliyinə təşəkkürümü bildirdim və təşkilatın fəaliyyətinə uğurlar arzuladım. Məlum olduğu kimi, dekabrın ortalarında Moskvada qafqazlılar əleyhinə kampaniya başlamışdı və rus gəncləri qarşudurmaya meyilli hərəkətlərə yol vermişdilər. Bu hadisələr çox ciddi narahalıq doğururdu. Mən çıxışımda Moskvanın "Manej" meydanında baş verən bu hadisələrlə bağlı gənclərimizin narahatlığını bildirdim. Təəssüflə qeyd etdim ki, MQER bu hadisələrə mövqeyini bildirməyib, daha çox biganəlik nümayiş etdirir. Təklif etdim ki, MQER böyük bir təşkilat olaraq bu hadisələrə münasibət bildirsin. Çünki təşkilatın mövqeyi pozucu qüvvələrə layiqli cavab olardı.
Digər bir təklifim isə MDB məkanındakı gənclər təşkilatlarının fəaliyyətini koordinasiya edən qurumun yaradılması ilə bağlı idi. Bilirsiniz, MDB məkanında mövcud olan, ciddi fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri vaxtaşırı müxtəlif tədbirlərdə görüşürlər. Amma bu təşkilatların fəaliyyətini koordinasiya edən qurum mövcud deyil. Həmin təşkilatı yaratmaqla gələcəkdə öz aramızda görüşüb fikir və təcrübə mübadilələri aparmaq olar. Bu, gənclər təşkilatları arasında sıx əlaqələrin qurulması baxımından əhəmiyyətli olardı. Mənim təkliflərim həm MQER-in rəhbərliyi, həm də qonaqlar tərəfindən müsbət qarşılandı və bu istiqamətdə addımlar atılacağı bildirildi.
- Konkret olaraq, Rusiyada müəyyən qrupların digər millətlərin nümayənlərinə, o cümlədən, azərbaycanlara qarşı apardıqları təbliğat, törədilən cinayət əməlləri ilə bağlı MQER rəhbərliyinin mövqeyi necə oldu?
- Əlbəttə, verdiyimiz təkliflərin müəyyən effekti oldu. MQER-in rəhbərlərinin bu hadisələrə reaksiyası sərt şəkildə bildirildi. Qeyd olundu ki, Rusiya federativ dövlətdir və burada yaşayan xalqlar mehriban olmalıdırlar. "Molodoya Qvardiya" pozucu qüvvələrə qarşı mübarizə aparacaq və bu da öz nəticəsini verəcək. Çünki təşkilat Rusiyada gənclərin aparıcı qüvvəsidir.
Belə ki, həmin tədbirin axşamı MQER tərəfindən bu hadisələri pisləyən bəyanat verildi. O vaxtdan başlayaraq təşkilat bir sıra addımlar atmaqdadır. Təşkilatın rəhbəri Timur Prokopenko digər xalqlara qarşı yönəlmiş hərəkətləri pisləyib. Həmçinin, 2011-ci ildə ekstremizmə qarşı mübarizəni öz fəaliyyətlərində prioritet istiqamət kimi elan edib. Bu fakt onu göstərir ki, bizim təkliflərimiz qəbul olunub və bütün bunlar əməkdaşlığımızın əhəmiyyətini artırır.
- Bu məsələ Rusiya kütləvi informasiya vasitələrində hansı səviyyədə işqlandırıldı?
- MQER-in bu mövqeyi Rusiya mətbuat orqanlarında, internet saytlarında geniş əks olundu. Bunların sırasında "Novıye İzvestiya" qəzetini, www.vazhno.ru saytını göstərmək olar. Eyni zamanda, MQER-in mövqeyi, bu məsələ ilə bağlı fəaliyyəti təşkilatın internet saytında da (molgvardia.ru) mütəmadi əks olunur. Məsələn, T.Prokopenkonun bəyanatı yanvarın 13-də səsləndirilib və bu bəyanat saytda da yerləşdirilib. O, Rusiya mətbuatına bildirib ki, MQER belə hadisələri dəstəkləmir. T.Prokopenko deyib ki, Rusiya Konstitusiyasının 29-cu maddəsində bu dövlətdə bütün xalqların bərabərhüquqlu olduğu və bu prinsiplər əsasında yaşadıqları əks olunub və MQER hər ayın 29-nu Rusiyada bütün xalqların sülh və dostluq günü kimi qeyd etməyi nəzərdə tutur. Həmçinin, təşkilatın Moskva bölməsi də bəyanat verərək, ekstremizmə qarşı mübarizəni özünün fəaliyyət proqramının prioritetlərindən biri elan edib.
Ümumiyyətlə, Rusiya mətbuatında bu məlumatları oxuduqda, əmin oluruq ki, əməkdaşlığımızın, həqiqətən, bəhrəsi var və bu əməkdaşlıq gələcəkdə bizə daha yüksək nəticələr əldə etmək üçün imkan yaradır.
- Verdiyiniz təkliflər digər xalqların nümayəndələri tərəfindən necə qarşılandı?
- Tədbir iştirakçılarından Qafqaz və Orta Asiyadan olan nümayəndələr təklifimizə dəstək verdilər. Çünki həmin xalqlar da Rusiyadakı ekstremist qüvvlərin fəaliyyətindən əziyyət çəkiblər.
- Bəs dəyirmi masada Dağlıq Qarabağ problemi ilə bağlı hər hansı mövqe ortaya qoyuldumu?
- Bəli, mən çıxışımda Ermənistanın Azərbaycana qarşı ərazi iddalarının davam etdiyini, bu dövlət tərəfindən ölkəmizin ərazisinin 20 faizinin işğal olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdım. İşğal nəticəsində 1 milyondan çox insanın öz torpaqlarından didərgin düşdüyünü xatırlatdım. Dövlətimizin mövqeyini ifadə edərək, bildirdim ki, Azərbaycan öz torpaqlarının bir qarışını da güzəştə getməyəcək və öz ərazi bütövlüyünü bərpa edəcək. Eyni zamanda, tədbirdə iştirak edən erməni gənclərə dedim ki, onlar bu məsləyə sağlam məntiqlə yanaşmalı, Azərbaycan və erməni gəncləri münaqişənin ədalətli şəkildə həlli üçün öz töhfələrini verməlidirlər.
- Qeyd etdiniz ki, qurultay çərçivəsində forum da keçirilib. Bu forumda hansı məsələlər müzakirə edilib?
- Forumda MQER-in müasir informasiya texnologiyalarından istifadə imkanları ilə bağlı müzakirələr oldu. Bu gün Rusiya prezidenti ölkəsində yeniləşmə, modernləşmə istiqamətində siyasət aparır. Gənclər də bu prosesdən kənarda qalmaq istəmirlər. MQER həm seçkilərdə, həm də yerli bölmələrinin fəaliyyətində İKT-ni mənimsəməklə ciddi nəticələr əldə etmək istəyir. Qeyd olundu ki, artıq təşkilat 2011-ci ildə parlament, 2012-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıq prosesinə start verib.
Sonra Rusiyanın rəhbər şəxsləri tədbirdə çıxış etdilər. İlk olaraq Rusiya Dövlət Dumasının spikeri, "Yedinaya Rossiya" Partiyasının Ali Şurasının sədri Boris Qrızlov öz çıxışında Rusiyanın dünya siyasətində rolu və bu siyasətdə gənclərin iştirakından danışdı. Rusiya Federasiya Şurasının üzvü Boris Demidov Rusiya prezidentinin təbrikini forum iştirakçılarına çatdırdı. Rusiya baş nazirinin müavini Sergey Jukov baş nazir Vladimir Putinin təbrik məktubunu oxudu. O, qeyd etdi ki, modernləşmədə gənclərin iştirakı vacibdir.
Mən də forumda çıxış edərək, bildirdim ki, 140 min nəfərdən çox üzvü olan YAP Gənclər Birliyi Azərbaycanın aparıcı qüvvəsidir, ən güclü gənclər təşkilatıdır. Biz MQER-lə əməkdaşlığa hazırıq və bu istiqamətdə addımlar atmışıq. Nəzərinizə çatdırım ki, gələcəkdə iki təşkilat arasında əməkdaşlıq haqqında sazişin imzalanması da nəzərdə tutulub.

Digər xəbərlər