Rusiya yenə də işğalçı Ermənistanı silahlandırır
- Aydın müəllim, Rusiyanın Ermənistanı yenə də silahlandırmağa davam etməsi, sizcə, Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını deməyə əsas verirmi?
- Rusiya, ümumilikdə, Cənubi Qafqazda mövqelərinin tamamilə möhkəmlənməsində olduqca maraqlıdır. Ermənistanı, sadəcə olaraq, bir forpost kimi əlində saxlanması və silahlandırmağa davam etməsi Rusiyanın növbəti atdığı addımlardan biridir. Həmçinin, bu məsələyə böyük bir siyasətin kiçik bir hissəsi kimi baxmaq lazımdır. Nüvə dövləti olan Rusiya üçün fərqi yoxdur hansı dövləti silahlandıracaq, yaxud hansı dövlətə istinad edəcək. Əsas məsələ onun burada siyasi nüfuzunun, gücünün olmasıdır. Bir vaxtlar SSRİ dağıldıqdan sonra Rusiya Ermənistana yalnız özünün maraqlarının yeganə təmsilçisi kimi baxır. Bu, şübhəsiz ki, Rusiyanın müstəqil dövlət kimi siyasi təcrübəsinin olmamasından və sistemin dəyişməsindən irəli gəlir. Hal-hazırda, demək olar ki, Rusiya təkcə Ermənistanı silahlandırmaqda davam etməklə kifayətlənmir, həm də bu cür kobud imperiya ambisiyası ilə Cənubi Qafqazda da öz maraqlarını hərbi yolla təmin etməyə çalışır. Bu, danılmaz bir faktdır ki, Rusiya və Ermənistanın münasibətləri var və bu reallığı mütləq nəzərə almalıyıq. Amma böyük bir imperiya yaratmaq arzusunda olan Rusiyanın Cənubi Qafqaz məsələsində müəyyən yeniliklərinin olması da, demək olar ki, göz önündədir. Rusiya Gürcüstanla münasibətlərini yaxşılaşdıra bilməsə də, Azərbaycanla münasibətlərini sıx strateji münasibətlər toplusuna çatdırıb, regionda beynəlxalq təşkilatlarla, ilk növbədə, NATO ilə birgə addımlar atıb. Bütün bunların hamısı Rusiyanın Cənubi Qafqaz siyasətində müəyyən yeniliklərin olmasını göstərir. Eyni zamanda, Rusiya Cənubi Qafqazda iki müstəqil dövlətin - Azərbaycan və Gürcüstanın maraqlarının olduğunu və onların maraqlarının özlərinin tarixi ərazisi ilə bağlı olduğunu qəbul etməlidir. Bütün bunlarla yanaşı, Rusiya Azərbaycan üçün təhlükə yarada biləcək bütün məsələdə Azərbaycanın da mövqeyi ilə hesablaşmalı və bu baxımdan dövlətimizlə münasibətləri daim sivil vəziyyətdə saxlamağa səy göstərməlidir. Hesab edirəm ki, hər halda, Rusiyanın həm rəsmi, həm də qeyri-rəsmi siyasi dairələrində bu barədə özlərinə hesabat verən qüvvələr var.
- Sizcə, Gümrü şəhərində yerləşdirilən hərbi bazanın müasir hərbi avadanlıqlarla təhciz olunması region dövlətləri üçün təhlükə mənbəyi ola bilərmi?
- Əlbəttə ki, ola bilər. Digər dövlətin burada hərbi bazasının olması region üçün çox təhlükəlidir. Azərbaycan dövləti öz ərazisində heç də strateji müttəfiqlərinin hərbi bazasını yerləşdirmir. Bu baxımdan Ermənistan da qətiyyən bunu etməməlidir, amma nəzərə almalıyıq ki, Ermənistan, faktiki olaraq, müstəqil dövlət deyil və onun ərazisindən, resurslarından digər dövlətlər istədiyi kimi istifadə edir. Doğrudur, Rusiyanın Gümrü hərbi bazasını yeniləşdirməsi, müxtəlif müasir avadanlıqlarla təhciz etməsi Azərbaycan dövləti üçün müəyyən qədər narahatçılıq yaradır. Bununla belə Rusiya prezidenti Dmitri Medvedevin 2010-cu ilin sentyabrında Bakıya səfəri zamanı adıçəkilən hərbi bazanın Azərbaycan üçün qətiyyən təhlükə daşımadığını və Ermənistanla bağlanan müqavilənin Azərbaycan üçün heç bir problem yaratmayacağını bildirmişdir. Rusiya prezidentinin bu bəyanatını, hər halda, Rusiyanın rəsmi mövqeyi kimi qəbul edə bilərik. Doğrudan da, inanmaq istərdik ki, Rusiyanın rəsmi mövqeyi ilə real istəyi hansısa məsələdə üst-üstə düşə bilər.
- Bəs Rusiyanın Ermənistanı silahlandırması məsələsinə Azərbaycandan başqa region dövlətlərinin heç birinin reaksiya verməməsini nə ilə izah etmək olar?
- Mümkündür ki, bir sıra dövlətlər bütün dünyaya hökmranlıq etmək arzusunda olan Rusiya ilə münasibətlərini tamamilə korlamaqda maraqlı deyillər. Bu, həm də qonşu dövlətlər olan İrana və Türkiyəyə aiddir. İranın bugünkü gündə Avropa və Amerika ilə kəskin münasibətdə olması Rusiyanın marağındadır. Ona görə də İran bu bazaya təhlükə mənbəyi kimi baxmır. Hərbi bazanın hədəflərindən biri isə strateji cəhətdən Türkiyədir. Türkiyə, demək olar ki, düz 500 illik fasilədən sonra Rusiya ilə dostluq münasibətlərində yaşamağa başlayır. Rusiya rəhbərinin Türkiyə dövlətinə axırıncı səfəri 1500-ci ildə baş verib və bu gün Türkiyə həmin təhlükəni hiss etsə də, Rusiyayla iqtisadi, siyasi və diplomatik münasibətlərin genişlənməsini daha münasib hesab edir. Bunu bir növ Türkiyənin həm ehtiyatlı davranışı, eyni zamanda isə bu gün nəzərdən kənarda saxladığı bir məsələ kimi qəbul etməsinə yozmaq olar.
- Son zamanlar Sarkisyan müharibənin başlaması ilə bağlı bəyanatlar verir. Bunu Sarkisyanın ənənəvi imicinə məxsus olan şantaj xarakterli bir bəyanatlar olduğuna hesablamaq olarmı?
- Ermənilər həmişə və hər yerdə şantajçı və pravokasyon bəyanatlar verməkdə mahirdilər. Sarkisyanın yürütdüyü siyasət ölkəsinə çox böyük zərər yetirir. Özünü ağıllı hesab edən Sarkisyan əgər bu qədər ağıllıdırsa, o zaman nəyə görə ölkəsini dağılmaqdan, məhv olmaqdan xilas edə bilmir? Dünyanın superdövlətləri Sarkisyanı və Ermənistanı əllərində bir oyuncağa çevirib, bir fiqur kimi istifadə edirlər. Terrorçu ermənilər nə qədər boş-boş bəyanatlar versələr də, onların heç bir real əsası yoxdur. Həm Ermənistan prezidenti, həm də cəmiyyəti inanılmaz dərəcədə yaxşı dərk edir ki, Azərbaycanla Ermənistan arasında olan Birinci Qarabağ müharibəsində olan situasiya çoxdan dəyişib. Bu gün bütün sahələrdə vəziyyət Azərbaycan dövlətinin xeyirinədir. Siyasi, iqtisadi və ümumiyyətlə, bütün potensiala görə Azərbaycan Ermənistandan qat-qat üstün və güclüdür. Artıq bütün dünya arenasında Azərbaycan öz sözünü deyə bilir. Bu isə, Azərbaycanın uğuru deməkdir. Əgər müharibə başlayarsa, Ermənistan çox qısa bir müddət ərzində məğlub olacaqdır. Bu məğlubiyyət isə Ermənistanın bir dövlət kimi varlığına son qoyacaq. Hər dəfə verdikləri boş-boş bəyanatların, həyasızcasına Azərbaycanı günahlandırmalarının acısını müharibədən sonrakı məğlubiyyətlərində çox yaxşı anlayacaqlar. Artıq o zaman isə tam, bütöv vəziyyətdə olan müstəqil Azərbaycanın parçalanmış, məhv olmuş Ermənistana rəhmi gəlməyəcək.