- Qabil bəy, hansı zərurət sizi Müsavat partiyasından istefa verməyə vadar etdi?
- Müsavatda son zamanlar partiyadaxili ziddiyyətlər və konfiliktlər, nizam-intizam prinsiplərinə riayət edilməməsi halları çoxalmışdır. Bu, özünü bir daha Müsavat partiyasının Ali Məclis sədrliyi postuna namizədlərin göstərilməsi prosesində də, büruzə vermiş oldu. Yəni birbaşa partiya başqanının iradəsi ilə Ali Məclis sədrliyinə namizəd göstərildi və alternativsiz olaraq həmin şəxs seçildi. Halbuki Müsavat Ali Məclis sədrliyinə mən də, sabiq Divan üzvü və bu partiyanın qurucularından olan tanınmış cərrah Adil Qeybullanın namizədliyini irəli sürdüm. Lakin bu, qəbul edilmədi. Bütün bunlar isə, onu göstərdi ki, Müsavat partiyasında avtoritarizmə meyillənmə və qurumdaxili demokratiyadan uzaqlaşma halları var. Eyni zamanda, ayrı-ayrı Divan üzvləri ilə bağlı etimadsızlıq mühiti yaradılmağa çalışılır. Bu hal isə həm A.Qeybullanı, həm də məni kifayət qədər düşündürməyə məcbur etdi. Onu da əlavə edim ki, bundan öncə də, bənzər xırda məsələlər olmuşdu. Misal olaraq müəyyən məsələlərin müzakirəsində rəyimiz nəzərə alınmırdı və yaxud qulaqardına vurulurdu. Belə olan təqdirdə, həm başqan müavini, Divan üzvü, həm də, Ali Məclisin üzvü kimi geniş səlahiyyətlərə malik olmağıma baxmayaraq, partiyanın siyasi xəttinin formalaşmasındakı rolumun aşağı düşməsi və yaxud süni surətdə kimlər tərəfindənsə, boğulmağa cəhd edilməsi məni məcbur etdi ki, özümün siyasi perspektivlərim haqqında düşünüm. Eyni düşüncələri, həmçinin, mənimlə A.Qeybulla da bölüşürdü. Beləliklə də, hər ikimiz Müsavat partiyasını tərk etmək barəsində qərara gəldik.
- Müsavat Ali Məclisinin keçmiş sədri Sülhəddin Əkbərlə sizin istefanız arasında bir paralellik axtarmağa dəyərmi?
- Açığını deyim ki, bizim onlarla heç bir bağlılığımız olmamışdı. Amma motivlər, istefa səbəbləri arasında bir oxşarlıq tapmaq olar. Çünki S.Əkbər və İbrahim İbrahimli də Müsavatdaxili demokratiyanın zəifliyindən gileylənirdilər. Amma bir fərqi də deyim ki, onların bir mühüm cəhəti ondan ibarət idi ki, onlar partiyanın AXCP (i) ilə birləşməsi ilə bağlı israrlı tələblər irəli sürürdülər. Məhz həmin o səbəblərdən də, Müsavat partiyasından kənarlaşdılar. Bizim tələblərimizdə isə bunlar yox idi. A.Qeybulla da, mən də, sadəcə olaraq, partiya daxilində nizamnaməyə əməl edilməsi səbəbi ilə aramızda konfliktlər yarandı. Beləliklə də, biz partiya nizamnaməsinin pozulmasına dözməyərək Müsavat sıralarından uzaqlaşdıq.
- İsa Qəmbərov Müsavat partiyası Ali Məclisin toplantısında şərəfsizlər "termini" işlətmişdi. Sizcə, bu fikir konkret kimə ünvanlanırdı?
- Bəli, başqan bu fikirdən sonra iddia etməyə başladı ki, guya bu, ümumi kontekstdən çıxardılıb. Bildirdi ki, mən belə bir ifadə işlətməklə Müsavatın ləyaqəti ilə oynayanlar kəlməsini nəzərdə tutaraq, bu zümrədən olan insanları nəzərdə tutmuşam. Mən də, bu fikirdəyəm ki, partiyanın ləyaqəti ilə kim oynayırsa, yəni, nizamnaməni pozursa, öz istədiyi adamı, sədaqət prinsipi ilə partiyanın rəhbər orqanlarına gətirmək istəyirsə, deməli, Müsavatın ləyaqəti ilə oynayan həmin şəxslərdir. Amma kimlər ki, partiya nizamnaməsinin tələblərinə əməl edilməsi uğrunda mübarizə aparır və bunların həyata keçirilməsini tələb edir belə adamlar haqqında təhqiramiz ifadələr işlətmək mümkün deyil. İşlədilsə də, o öz yerinə düşmür. Təbii ki, havadan asılı qalır. Ona görə də, mənim zənnimcə, bu partiya daxilində bir gərgin, əsəbi mühitin hökm sürdüyünə dəlalət edir. Əsəbləri tarıma çəkilənlər içərisində bəlkə də, birinci yerdə partiyanın başqanı dayanır.
- Demokratik dəyərlərə hörmətdən danışan İ.Qəmbərov və yaxud Arif Hacıyev, əslində, sizin təbirinizcə desək, Müsavatda qeyri-demokratik bir ab-hava yaradıblar fikrini irəli sürmək olar?
- Hər halda, bu gün Müsavat partiyasında buna cəhd edənlər var. Amma unutmaq olmaz ki, partiyada sağlam qüvvələr də həl də qalmaqdadır. Artıq bunu açıq şəkildə etiraf etmək lazımdır. Onlar da, bu cür neqativ hallara qarşı mübarizə aparırlar. Bir çox hallarda isə belə həvəsə düşənləri yerində oturtmağı bacarırlar.
- Sabiq bir müsavatçı olaraq İsa Qəmbərovun başqanlıqdan getməsi nə dərəcədə mümkün ola bilər?
- Mənim zənnimcə, İ.Qəmbərov nizamnamə dəyişikliklərini etməyə çalışsalar belə, başqanlığa namizədliyini irəli sürəcək. Düşünürəm ki, o, bundan sonra da, partiyada qalaraq, öz təsirini sıravi üzv kimi qoruyub saxlayacaq.
- S.Əkbər, İ.İbrahimli və sizin partiyadan istefa vermələriniz, onu deməyə əsas vermir ki, Arif Hacıyev üçün Müsavat başqanlığına gedən yolda bütün maneələr aradan qaldırılıb?
- Sözsüz. Çünki Müsavat partiyasında, demək olar ki, birqütblü, yəni, alternativ fikrin olmadığı bir Divan və bəlkə Məclis də formalaşdırılıbdır. Bunların əksəriyyəti A.Hacıyevin tərəfdarlarından ibarətdir. Belə olan təqdirdə, o, partiyanın başqanlıq vəzifəsinə seçilməsində, məncə, problemlər yaşamayacaq. Amma bütün bunların müqabilində isə bu əvvəlki partiya olmayacaq. Zəifləmiş, gücdən düşmüş və "vitrinində" aparıcı, respublikada tanınan siyasi şəxslərin olduğu partiya deyil, populyar olmayan adamların toplandığı, ciddi siyasi təşəbbüslərin ərsəyə gəlmədiyi bir Müsavat partiyası formalaşacaq.
- Bəs Vurğun Əyyubun aqibəti necə olacaq?
- Onu V.Əyyubun özü daha yaxşı bilər. Çünki o partiyada formal olaraq qalsa da, qurumdan uzaqlaşmış kimi bir şeydir. O, hazırda başqa bir ölkədə pedaqoji fəaliyyətlə məşğul olur və bu mənada da, partiya işi ilə məşğul olmaq imkanlarından məhrumdur.
- Bizim üçün də maraqlıdır ki, bundan sonra Qabil Hüseynlinin fəaliyyəti hansı yönümdə olacaq?
- Bundan sonra daha çox müstəqil fəaliyyət göstərməyə çalışacam. Yəni, politoloq kimi, peşə fəaliyyitimlə məşğul olmağı düşünürəm. Bir neçə kitabım kompyuterin yaddaşındadır. Onların üzərində işlərimi davam etdirməyi planlaşdırmışam. Eyni zamanda, görüləsi işlər də çoxdur. Çalışacam ki, bundan sonra respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edərək, mümkün qədər elmi potensialımla, dünyagörüşü və təcrübəmlə ölkədə quruculuq proseslərində aktiv olum. Bununla yanaşı, xüsusi olaraq insanların dünyagörüşünün, şüurunun formalaşdırılması, onların siyasi cəhətdən maarifləndirilməsi prosesinə gücüm çatan töhfəni verim.
- Amma iddialara görə, siz və A.Qeybulla yeni bir təşkilat yaratmağı planlaşdırırsınız, bu, nə dərəcədə realdır?
- Doğrudur ki, biz ictimai təşkilat yaratmağı palanlaşdırmışıq. İstəyirik ki, sırf elmi tədqiqat xarakterli, tarixi keçmişimizin bir sıra dəyərləri ilə bugünümüzün əlaqələndərilməsi niyyətlərinə xidmət edəcək bir fəaliyyətlə məşğul olaq. Bu nöqteyi-nəzərdən daha çox qeyri-hökumət təşkilatı formasında iş prinsipi ilə çalışmağa üstünlük verəcəyik.