Hicab məsələsini əldə bayraq edib, süni ajiotaj yaratmağa cəhd edən dairələr bu dəfə də məqsədlərinə çatmayacaq
- Bir müddət öncə açıqlamanızda Azərbaycanda radikallıq, hətta ekstremizm meyllərinin mövcud olduğunu demişdiniz. Dediyiniz radikallıq və ekstremizmə meylli olanlar, əsasən kimlərdir? Onların barəsində müvafiq tədbirlər görülürmü?
- Əlbəttə ki, biz onların kimliyini bilirik. Ancaq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi siyasi qurumdur və mərkəzi icra hakimiyyəti orqanıdır. Bizim funksiyamız din sferasında dövlət siyasətini həyata keçirmək, dini qurumlarla məşğul olmaq, onların problemləri ilə maraqlanmaq, yardımçı olmaq, qanunların icrasına nəzarət etmək və s.-dir. Radikallığa meylli insanlarla məşğul olmaq üçün müvafiq qurumlar, təhlükəsizlik orqanları var... Çox təəssüflə deyirəm ki, Azərbaycanda belə qruplar mövcuddur. Ancaq əvvəlki vaxtlarla - ötən əsrin 90-cı və 21-ci əsrin əvvəlləri ilə müqayisədə, onların dairəsi xeyli daralıb, fəaliyyətləri zəifləyib. Lakin kiçik qruplar şəklində olsalar da, hərdən canfəşanlıq edirlər. Birmənalı olaraq və qətiyyətlə bildirirəm ki, qanundankənar hər cür əməl perspektivsizdir. Onlar xarici mənbələrə arxalanır, oradan maliyyələşdirilir, istiqamətləndirilirlər. Belələrinin dinlə heç bir əlaqəsi yoxdur. Sadəcə, Azərbaycandakı demokratik mühitdən, vicdan azadlığının təmin olunması şəraitindən sui-istifadə edərək ölkəmizə qarşı bəd əməllərlə məşğuldurlar. Elə qüvvələr var ki, Azərbaycanda bir əli ilə, məsələn, din pərdəsi altında əyri iş görmək istəyir, digər əli ilə tamam başqa, qeyri-qanuni işlə məşğuldur, başqa adla pərdələnir. Bunların hər ikisi cinayətdir və heç birinin dinlə əlaqəsi yoxdur. Dövlət, sözsüz ki, bu kimi məsələlərə kəskin münasibətini bildirir, Azərbaycan cəmiyyəti də buna qarşı çox prinsipial mövqedədir. Çünki cəmiyyətimiz kifayət qədər yüksək inkişaf etmiş, intellektual səviyyəli cəmiyyətdir. Dünyəvi dövlət sistemi Azərbaycana bəzi zərərli ədəbiyyat nümunələri kimi idxal edilməyib, bu, xalqımızın özünün seçimi, özünün gəldiyi qənaət və nəticədir. Dediyim kimi, haqqında danışılan qrupların heç bir perspektivi yoxdur, indiyə qədər onlarla bağlı lazımi tədbirlər görülüb, bundan sonra da çox qətiyyətlə görüləcək. Bu sahədə nəyəsə göz yummaq, kimisə bağışlamaq mümkünsüzdür. Əlbəttə, biz istəyirik ki, bu məsələlər maarifləndirmə və təkamül yolu ilə həll olunsun. Çünki onlar da bizim vətəndaşlarımızdır. İstəyirik ki, sadəcə, bəd niyyətlərdən əl çəkilsin. Bu proses gedir, pozitiv nəticələr görünür. Bununla belə, bu proseslər tamamilə başa çatdırılmayıb. Bir daha deyirəm ki, onların dinlə heç bir əlaqəsi yoxdur, din adı altında cinayətlə məşğuldurlar. Əgər bir insanın evindən qumbara, avtomat, digər silah-sursat növləri çıxırsa, bunun dinlə nə əlaqəsi ola bilər?! Əgər kimsə din pərdəsi altında bir əlinə silah götürüb, o biri əli ilə ölkəyə narkotik keçirməyə cəhd göstərirsə, bunun dinlə nə əlaqəsi var?
- Hazırda ölkədə orta məktəblərdə hicab məsələsi geniş müzakirə olunmaqdadır. Hətta, təhsil naziri Misir Mərdanov müəyyən qüvvələrin bunu qəsdən şişirtdiyini, aksiyalar təşkil etdiyini bildirdi. Necə düşünürsünüz, ümumiyyətlə, Azərbaycanda hicab problemi varmı?
- Qanun qəbul edildiyi halda, hicab məsələsinin hələ də gündəmdən düşürülməməsi bir daha sübut edir ki, doğrudan da, müəyyən dairələr bu məsələdə maraqlıdır. Azərbaycan dünyəvi ölkədir. Bu isə o deməkdir ki, ölkəmiz şəriət qanunları ilə deyil, dünyəvi qanunlarla idarə olunur. "Təhsil haqqında" Qanunda açıq şəkildə göstərilir ki, hər bir təhsil müəssisəsində məktəbli geyimi müəssisənin nizamnaməsinə uyğun tənzimlənməlidir. Təhsil Nazirliyi isə şagirdlər qarşısında məktəbə məktəbli formasında gəlmək tələbi qoyub. Qanunlara riayət etmək hər bir vətəndaşın borcudur. Azərbaycan dövləti istəyir ki, təhsilli, savadlı gələcək nəsil yetişsin. Ümumiyyətlə, İslam dinində zor tətbiq etmək pislənilir, o, insanlara seçim hüququ verir. Bu səbəbdən də, heç kəs digərlərinə dindən istifadə edərək, təzyiqlər göstərə və ya hansısa fəaliyyətə cəlb edə bilməz. Təəssüf ki, bu gün bəzi ailələrdə uşaq və yeniyetmə yaşlarında olan qızların iradəsinin əksinə çıxılır - zorla örtünməyə məcbur edilir. Təbii ki, məktəbli qızlar hələ İslamın mahiyyətini anlamayacaq yaşdadırlar və onlar həyat tərzi seçimini də məhz yetkinlik yaşına çatdıqdan, dünyanı qavradıqdan sonra edəcəklər. Ancaq din adından sui-istifadə edib qanunsuz aksiya keçirən bir qrup insan deyir ki, uşaqlarını hicabsız məktəbə buraxmayacaqlar. Təbii ki, bunlar məsuliyyətsiz çıxışlardır. Bir məsələni də vurğulamaq istərdim. Adətən aksiyalar, mitinqlər xalqın qapalı, qaranlıq mühitdən işıqlı gələcəyə çıxması üçün keçirilir. Ancaq baxın, bu gün qanunsuz aksiyalar təşkil edənlər həm insanları qanunazidd addım atmağa çağırır, həm də övladlarımızın təhsildən, yəni işıqdan - ziyadan məhrum etmək istəyirlər. Anlamırlar ki, bu gün təhsildən kənar qoyduqları qızlar sabah hüquqlarını bilməyən gənclər, savadsız analar olacaqlar. Valideynlər bu məsələdə ciddi düşünməli və övladlarının təhsil hüququnu əlindən almamalıdırlar. Bir anlığa təsəvvür edək ki, qızların məktəblərdə hicabla təhsil almasına icazə verildi. Eyni məntiqlə, sabah oğlanlar məktəbə əmmamə ilə gələ bilərlər. Digər tərəfdən, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı tolerant ölkədir. Bu gün məktəblərdə hicaba icazə verilsə, sabah digər din mənsubu olan məktəblilərimiz də öz inanclarından irəli gələn geyimlərə keçə bilərlər. Məntiqlə, onlara da "yox" deyilməməlidir. Təsəvvür edirsinizmi yaranacaq vəziyyəti? Ölkəmizdə hicab azaddır, kim istəsə taxa bilər, bu, hər bir insanın daxili işidir. Ancaq dövlət qurumlarının da öz qaydaları var. Bu, dünya təcrübəsində də belədir. Mən çox sevinirəm ki, ölkə mətbuatı, sağlam düşüncəli insanlarımız, ziyalılarımız, deputatlarımız bu məsələdə yekdil mövqedən çıxış edirlər. Hicab məsələsini əldə bayraq edib süni ajiotaj yaratmağa cəhd edən dairələr bu dəfə də məqsədlərinə çatmayacaqlar. Çünki cəmiyyətimiz dövlətimizə, onun rəhbərliyinə, qanunlarına inanır və onları dəstəkləyir.