"Yeni nəsil Azərbaycan aşıqları"
Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən (DGTYB) "Yeni nəsil Azərbaycan aşıqları" kitabı işıq üzü görüb.
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Unudulmaqda olan milli adət-ənənələrimizin gənc nəslə aşılanması (və onların qorunmasında gənclərin fəallığının artırılması)" adlı layihə çərçivəsində "Turan Evi" Nəşriyyatında nəşr olunub.
Birlikdən verilən məlumata görə, nəşr iki cilddə nəzərdə tutulub. "Yeni nəsil Azərbaycan aşıqları" kitabının tərtibçisi DGTYB başqanı Əkbər Qoşalı, elmi redaktoru Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov, məsləhətçisi xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubdur. Kitaba millət vəkili Qənirə Paşayeva "Ön söz" yazıb. Nəfis tərtibatlı, 188 səhifəlik topluda, 45 yeni nəsil Azərbaycan aşığı haqqında oçerklər yer alıb. Topluda, həmçinin, aşıq sənəti, Azərbaycan sazının tarixi, aşıq havaları və s. barədə də bilgilər verilib.