PDF Oxu

Müsahibə

  • 17

Ana Vətən Partiyasının yaradılmasından 20 il ötür

Ana Vətən Partiyasının yaradılmasından 20 il ötür

- Fəzail müəllim, böyük təntənə ilə 20 illik yubileyini qeyd etdiyininz Ana Vətən Partiyası hansı zərurətdən yaranıb?
- 1990-cı il Azərbaycanda siyasi proseslərin qaynar bir zamanı idi. 1988-ci ildən Dağlıq Qarabağda erməni separatizminin geniş miqyas daşıması və bunun o zamankı SSRİ-nin siyasi rəhbərliyi tərəfindən müdafiə olunması Azərbaycan xalqının hiddətini coşdurdu. Uzun illər boyu imperiyanın əsarətindən xilas olmaq kimi düşüncələri öz içində daşıyan xalqımız qısa zaman kəsiyində hərəkətə gəldi və demək olar ki, Azərbaycanın bütün regionlarını, eyni zamanda, Bakı şəhərini ümumxalq hərəkatı bürüdü. Belə bir zamanda siyasi arenaya çıxan Ana Vətən Partiyası xalqla milli birlik nümayiş etdirir və erməni separatizmə qarşı sərt mövqe sərgiləyirdi. Bundan əvvəl də biz ictimai-siyasi proseslərdə fəal iştirak edir, milli satqınlara və erməni daşnaklarına qarşı mübarizə aparırdıq. Yəni, Ana Vətən Partiyası yaradılmamışdan əvvəl də biz ümumxalq hərəkatının içində idik. Bəlli olduğu kimi, Azərbaycanda ümumxalq hərəkatının fəaliyyətini tənzimləmək üçün Azərbaycan Xalq Cəbhəsi yaradılmışdı. Biz də Xalq Cəbhəsinin yaradılmasında kifayət qədər rol oynadıq. 1990-cı ildə sovet ordusu Bakıda 20 Yanvar faciəsini törətdikdən sonra xalqın imperiyaya qarşı nifrəti daha da artdı. Ümumxalq hərəkatı milli azadlıq hərəkatına çevrildi. Belə bir vaxtda mənim baxışlarımla hadisələrin gedişatına münasibətimdə o vaxtkı xalq cəbhəsi idarə heyətinin əksər üzvləri arasında ciddi problemlər yarandı və 1990-cı il martın axırlarında Azərbaycan Xalq Cəbhəsinin Ali Məclisinin Ağdaşda keçirilmiş sesiyasında mən öz fikirlərimi kəskin şəkildə idarə heyətinin ünvanına səsləndirdim. Bundan sonra aramızda ziddiyyətlər kifayət qədər kəskin şəkil aldı. O zaman söylədim və indi də bu fikirdəyəm ki, 20 Yanvar faciəsinin törədilməsində, əlbəttə, Azərbaycan Xalq Cəbhəsinin o zamankı idarə heyətinin üzvlərinin də bu və ya digər dərəcədə günahı var idi. Çünki xalqı idarə etməyi öz üzərinə götürən Azərbaycan Xalq Cəbhəsi özünün məsuliyyətsizliyindən və cəbhənin idarə heyətinin parçalanması ucbatından xalqı idarə etmək əvəzinə, onun idarə olunmasını ən müxtəlif avantürstlərin ixtiyarına verdi və beləliklə, faciənin qarşısının alınmasında lazım olan funksiyanı yerinə yetirə bilmədi. Belə vəziyyətdə, əlbəttə ki, onlarla birlikdə qala bilməzdim. Mən xalq cəbhəsindən istefa verdim. Bir qrup xalq hərəkatında iştirak edənlərlə birlikdə belə bir partiyanı yaratmaq qərarına gəldik. Etiraf edim ki, bu partiyanın yaradılması təşəbbüsündə çıxış edənlər və onun o zamankı təşkilat komitəsinə daxil olan hər bir kəsin Heydər Əliyevə çox müsbət münasibəti var idi. Biz Heydər Əliyevin Azərbaycana qayıtması və Onun bu proseslərdə iştirakı və siyasi təcrübəsindən, yüksək intelellektindən, Onun digər yüksək keyfiyyətlərindən xalqımızın bəhrələnməsi fikirlərini ortaya qoyurduq. Ana Vətən Partiyasının yaradılması təşəbbüsü ilə çıxış edənlərin hər biri Heydər Əliyev fenomeninə yüksək yanaşırdı. Beləliklə, biz partiyanı yaratdıq. Partiyanın yaradılmasında başlıca vəzifə Azərbaycanın azadlığı uğrunda mübarizədə fəal şəkildə iştirak etmək, erməni separatizminə daha kəskin mövqe nümayiş etdirmək, Azərbaycanda Moskvanın əlaltısı kimi fəaliyyət göstərən Ayaz Mütəllibov rejiminə qarşı qəti mövqe sərgiləmək və bu rejimin iflasına nail olmaq və heç şübhəsiz ki, Azərbaycanda siyasi hakimiyyətə Heydər Əliyevin gəlməsini təmin etmək idi. Bizim qarşımıza qoyduğumuz məqsəd bu idi. Beləliklə, 1990-cı ilin noyabr ayının 24-də Ana Vətən Partiyasının təsis qurultayı keçirildi və partiya yaradıldı.

- AVP yaradılanda hansı siyasi hədəflər müəyyənləşmişdi? Bu günə qədər hansı nailiyyətləri əldə etmisiniz və bu nailiyyətlərdən razısınızmı?

- AVP-nin proqramı işlənilərkən və onun təməl prinsipləri müəyyənləşdirildi. Bu dövlətçilik, Azərbaycançılıq, vətənpərvərlik və demokratiya idi. Bizim başlıca məqsədimiz Azərbaycanın dövlət müstəqilliyinə nail olmaq, möhkəmləndirmək, milli dövlətçiliyimizi gücləndirmək idi. Biz bu hədəfə nail olduq. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün, toxunulmazlığını təmin etmək yolunda bütün insanların Azərbaycançılıq ideyası ətrafında birləşməsinə çalışırdıq. Burada etnosların da doğulduqları, Vətən hesab etdikləri Azərbaycanın ərazi bütövlüyündəki fəaliyyətini birləşdirmək və bunların fəaliyyətinin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, ərazi bütövlüyünün təmin olunması uğrunda birgə mübarizəyə çağırmaq və bunun həyata keçirilməsi uğrunda onların fəaliyyətini birləşdirmək başlıca məqsədlərimizdən idi. Eyni zamanda, bizim məqsədimizdə Azərbaycanın tarixi-coğrafi ərazisində vahid dövlətin yaradılması ideyası da var. Vaxtilə iki yerə parçalanan Azərbaycanın vahid bir dövlət halında vahid bir məkanda birləşdirilməsi ideyası da var. Zaman gələcək tarixi şərait yetişəcək və Azərbaycan xalqı bu hədəfinə də çatacaq.
-YAP-la sıx əməkdaşlığımız var, bu əməkdaşlıq hansı sahələri əhatə edir?
- Ana Vətən Partiyasının təməl prinsipləri ilə Yeni Azərbaycan Partiyasının təməl prinsipləri, demək olar ki, tam üst-üstə düşür. Biz bir-birimizdən xəbərsiz olaraq bu təməl prinsiplərini işləmişik və bu təməl prinsipləri bizim fəaliyyətimizin başlıca mayasını təşkil edir. Eyni zamanda, bu təməl prinsiplərinin üzərində vacib olan bir siyasi irs, siyasi iradə və siyasi kurs var. Bu da Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı siyasi irsdir. Onun müəyyən etmiş olduğu siyasi kursdur, yaratmış olduğu milli dövlətçiliyimizdir. Biz bu prinsiplərə söykənərək, Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq edirik və bu əməkdaşlığı edərkən Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqının bu gününə və gələcəyinə ümid edirik və düşünürük ki, bu, olduqca şərəfli bir missiyadır. Biz bu missiyanın yerinə yetirilməsi uğrunda apardığımız mübarizədən qürur duyuruq.
-Radikal müxalifətin seçkilərin nəticələri ilə bağlı hay-küyünü necə qiymətləndirirsiniz? Radikalların məğlubiyyəti onların sonu demək deyilmi?
-2010-cu il 7 noyabr parlament seçkilərindən bir sıra nəticələr çıxarmaq mümkündür. Birinci nəticə bundan ibarətdir ki, Azərbaycan xalqı bir daha Heydər Əliyevin siyasi irsinə və ölkə Prezidentinin siyasi kursuna sadiqliyini nümayiş etdirdi. Deputat mandatının 70-dən artığını Yeni Azərbaycan Partiyası əldə etdi, qazandı. Bu Yeni Azərbaycan Partiyasına, Onun Sədri cənab Prezidentimiz İlham Əliyevə və əlbəttə ki, Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursuna bir sədaqətinin bir ifadəsi kimi özünü göstərdi. İkinci vacib olan nəticə radikal müxalifətin cəmiyyət tərəfindən qəbul edilməməsi və xalq tərəfindən onların namizədlərinə səslərin verilməməsi oldu. Xalq onlara etimad göstərmədi. Xalq bir daha elə bir iradəni ortaya qoydu ki, onlar cəmiyyətdə pozitiv dəyişiklikləri inkar edən və faktiki olaraq, özü cəmiyyətin inkişafı üçün hər hansı bir töhfə verməyən siyasi qüvvələrə dəstək vermək niyyətində deyil. Eyni zamanda, bu seçkilər göstərdi ki, radikal müxalifətin baxışlar sistemi ilə cəmiyyətin inkişafı arasında çox böyük bir fərq var. Cəmiyyət xeyli dərəcədə inkişaf edib, onun siyasi şüur səviyyəsi xeyli dərəcədə artıb. Lakin radikal müxalifətin baxışlar sistemi 1990-cı ilin əvvəllərində ilişib qalıb. Xalq bu cür köhnə və cəmiyyətin inkişafı ilə ayaqlaşmayan təfəkkürü özündə daşıyan siyasilərə səs vermədi. Faktiki olaraq, onu siyasi proseslərdən tədric etdi. Siyasi fəaliyyətinə nöqtə qoydu və qiymətini verdi. Üçüncü digər bir vacib olan məsələ daha çox konstruktiv mövqedə dayanan və ölkədə gedən irəliləyişin, əldə olunan uğurları obyektiv olaraq qiymətləndirən, proseslərə qərəzlə yanaşmayan və cəmiyyətin inkişafında özünü göstərən nöqsanları konstruktiv şəkildə tənqid edən, ona özünün normal münasibətini bəsləyən müxalifətə Azərbaycan xalqı nisbətən müsbət münasibətini ifadə etdi. Bildiyiniz kimi, bu gün parlamentdə müxalifət partiyalarının bu qanadı müəyyən qələbə qazandı. Digər müsbət məqam və cəmiyyətin nümayiş etdirdiyi seçkilər vasitəsilə mühüm nəticə Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq edən ölkə Prezidentinin siyasi kursunu müdafiə edən siyasi qüvvələrin və heç bir siyasi partiyaya aidiyyətı olmayan, lakin cəmiyyətin inkişafına öz töhfəsini verən ictimai xadimlərin, ziyalıların bu seçkilərdə Azərbaycan xalqının etimadını qazanması da mühüm keyfiyyətlərdən biridir. Bunlar, əlbəttə, son parlament seçkilərinin başlıca yekunlarıdır. Beləliklə, radikal müxalifət cəmiyyət tərəfindən özünün çox ciddi dərsini aldı və cəmiyyət özünün iradəsini ortaya qoymaqla tam demokratik, şəffaf, azad seçkilərlə öz iradəsini bir daha nümayiş etdirdi.
- Deputat seçilə bilməyən və xalqın "yox" dediyi şəxslər konfrans keçiriblər. Bununla bağlı nə deyə bilərsiniz?
- Azərbaycan demokratik ölkədir və digər təşəbbüslər ola bilər. Bu və ya digər forumlar və s. bu cür addımlar atıla bilər. Buna cəmiyyət tam imkan verir. Lakin bunun mahiyyətində konkret məntiq dayanmalıdır. Onun qarşıya qoyduğu məqsədlər, hədəflər müəyyənləşməlidir və bu məqsədlər və hədəflərin yerinə yetirilməsi başlıca olmalıdır. Bu baxımdan, həmin toplantının, deyərdim ki, heç bir məntiqi, heç bir perspektivi və gələcəyi yoxdur. Ona görə ki, ora toplaşanların hər birinə Azərbaycan xalqı bütöv bir xalq olaraq öz etimadını göstərmir və onlara "yox" deyib. Onların bu layihələri perspektivsizdir, gələcəyi olmayan bir layihədir. Doğulduğu gündən ölü uşağa bənzəyən bir taleyi yaşayan bir ideyadır. Çünki bu ideya Azərbaycan xalqı tərəfindən dəstəklənməyəcək. Xalqın onlara verdiyi ibrət dərsindən nəticə çıxarmaq əvəzinə, bu cür insanlar dənizdə olduğu kimi, saman çöpündən yapışmağa üstünlük verirlər. Onlar öz siyasi talelərini xilas edə bilməyəcəklər.
-AVP daima Ulu Öndərin qoyduğu siyasi kursa sadiq olmuşdur və bu gün də cənab Prezidentin siyasi kursunu dəstəkləyir ...
- Ulu Öndər Heydər Əliyevin siyasi kursunu və siyasi irsini Azərbaycanın bugünü və gələcəyi üçün alternativsiz bir siyasi irs kimi, bitkin bir konsepsiya kimi qəbul edirik və düşünürük ki, gələcəkdə yüz illər boyu bu siyasi irs qorunmalıdır və Azərbaycan dövlətçiliyində başlıca meyar kimi götürülməlidir. Türkiyədə Atatürk ideyaları, Onun xətti əsas götürülürsə, Heydər Əliyevin də siyasi kursu, siyasi irsi bu cür qiymətləndirilməlidir və gələcəkdə də belə olmalıdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti həmin siyasi kursa söykənərək, Azərbaycanı daha böyük uğurlara aparır. Azərbaycanın dünya miqyasında nüfuzu daha da güclənib, Azərbaycan özünün güc və iradəsi ilə bütün dünyada yetərincə nüfuz qazanıb.

Digər xəbərlər